PDF Oxu

Sosial

  • 2 255

Naqif Həmzəyev: "Yalanı həqiqət kimi yaymağın nəticəsi çox acınacaqlıdır"

Naqif Həmzəyev: "Yalanı həqiqət kimi yaymağın nəticəsi çox acınacaqlıdır"

"Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradəyə malikdir. Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq əzmində olduğunun əyani sübutudur". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev sözügedən məsələyə münasibətini bildirərkən deyib.

"Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsinin son aqibətinin bu cür nəticələnəcəyini bilməli idi"-deyə qeyd edən deputatın sözlərinə görə, bu, "arzuolunmaz şəxslər" siyahısına daxil edilən Lapşinə, lapşinkimilərə dərs olmalıdır: "Onlar unutmamalıdırlar ki, Azərbaycan qanunlarını pozmağın, Xan Şuşinski, Natəvan, Bülbül, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Səməd bəy Mehmandarov, Üzeyir Hacıbəyov kimi dahilər yetişdirən Dağlıq Qarabağı "müstəqil dövlət" kimi təqdim etməyin, yalanı həqiqət kimi yaymağın nəticəsi çox acınacaqlıdır".

Naqif Həmzəyev bildirib ki, blogerin ekstradisiyası Prezident İlham Əliyevin milli maraqlara və qanunun aliliyinə birmənalı istinad etməsini bir daha sübut edir: "Başda möhtərəm Prezidentimiz olmaqla, Azərbaycan dövləti həmişə beynəlxalq aləmdə qanunun aliliyinə, milli maraqların yüksək tutulmasına əsaslanıb. Azərbaycanın ərazi bütövlüyünə və qanunlara hörmət hər kəsin borcudur. Bir halda ki, ərazi bütövlüyümüzün toxunulmazlığı beynəlxalq hüquqi normalar ilə də tənzimlənib. Lapşin qanunsuz olaraq, Azərbaycanın işğal olunmuş ərazisinə səfər edib, ardınca da Azərbaycanın dövlət orqanlarına, qanunlarına hörmətsizlik edib. Təbii ki, bu, cəzasız qalmamalıdır".

"Mən bu məsələdə həssaslıq nümayiş etdirən bəzi rəsmilərin diqqətini eyni zamanda, öz ata yurdunu ziyarətə gedən azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də seperatçılar tərəfindən girovda saxlanmasına çəkmək istəyirəm"-deyə qeyd edən YAP Gəncə şəhər təşkilatının sədri əlavə edib ki, onlardan biri, hətta Rusiya vətəndaşıdır və vətəndaşı olduğu ölkə bu məsələdə aktiv olsa, daha çox beynəlxalq hüququn pozulmasına qarşı addım atmış olardı: "Bloger Aleksandr isə, birmənalı olaraq, suveren bir dövlətin ərazi bütövlüyünə hörmətsizlik edib, bu azmış kimi, qanunlara nalayiq yanaşıb. Bunun cavabı, təbii ki, Azərbaycanın məhkəmə orqanı qarşısında verilməlidir. Mən bu məsələdə dost Belarus Respublikasına da minnətdarlığımı bildirmək istəyirəm ki, ərazi bütövlüyümüzlə bağlı məsələlərə çox diqqətlə yanaşıb".

R.RƏSULOV

Digər xəbərlər