Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
Ay ərzində dövlət sərhədini pozduqlarına görə 37 halda 46 nəfər saxlanılmış, onların 18 nəfəri Azərbaycan Respublikası, 10 nəfəri Nigeriya, 5 nəfəri Gürcüstan, 4 nəfəri Tacikistan, 4 nəfəri Özbəkistan, hər ölkədən 1 nəfər olmaqla, İran İslam Respublikası, Rusiya Federasiyası, Banqladeş, Qana və Kamerun vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən, 546 halda, 718 nəfər saxlanılaraq, barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində, Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 344 nəfər aşkarlanaraq, aidiyyəti orqanlara təhvil verilibdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində, 6 halda 3 kiloqram 281,5 qram narkotik maddə aşkar edilərək götürülübdür.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində, 81 halda ümumi dəyəri təqribən 336 min 581 manat olan qaçaqmal, o cümlədən, 5 ədəd tüfəng, 49 ədəd patron, tank əleyhinə 8 ədəd mina, 2 ədəd elektrokeyləşdirici, 1 ədəd bıçaq, 9915 qutu siqaret, 125 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıbdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Ü.ƏSGƏROV