Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başladığı 3 ilə yaxın müddət ərzində çoxsaylı əhəmiyyətli layihələr gerçəkləşdirir. Bu layihələrdən biri də, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.
Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidmətindən "Səs" qəzetinə verilən məlumata istinadən tədris layihəsi çərçivəsində hazırda dünyanın və ölkəmizin qabaqcıl ali təhsil ocaqlarında multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görüb şahid olmalarına imkan yaratmaqdır. Sayca dördüncüsü olan beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq sevgiyə çevrilməkdədir. Bu sevginin təzahürüdür ki, III Beynəlxalq Multikulturalizm Məktəbində "Azərbaycanın Gənc Dostları" Beynəlxalq Klubu yarandı və hazırda 200-dən artıq üzvü ilə fəaliyyət göstərir. Klubun üzvlərinin timsalında artıq xaricdə Azərbaycanı sevən, onun haqq işini dəstəkləyən lobbi formalaşıb, yeni əməkdaşlıqlar və dostluqlar yaranıb. Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, "İndi dünyada Azərbaycanın həqiqətlərini ölkəmizin dostları müdafiə edir".
"MULTİKULTURALİZM AZƏRBAYCANDA HƏYAT TƏRZİ KİMİ: İSLAM HƏMRƏYLİYİ BİZƏ NƏ VERİR?"
Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: islam həmrəyliyi bizə nə verir?" adlı növbəti beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb.
Öncə tələbələr Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklillər və gül dəstələri qoyublar, sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarətdən sonra qış məktəbinin iştirakçıları Şəkiyə yola düşüblər. Burada tələbələrə "İslam həmrəyliyi bizə nə verir? Azərbaycan -tolerantlıq yurdu" mövzusunda videoçarx təqdim edilib. Videosüjetdə Ulu Öndər Heydər Əliyevə istinad edilərək, Azərbaycan xalqının özlüyündə, mahiyyətcə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malik olduğu qeyd edilir. Təqdimatda Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə "Multikulturalizm İli", 2017-ci ili isə "İslam Həmrəyliyi İli" elan etməsi multikulturalizmin və tolerantlığın Azərbaycanın dövlət siyasətində aparıcı xətt olmasının sübutu kimi dəyərləndirilib.
Təqdimatdan sonra xarici tələbələr üçün Şəkidəki "Marxal" otelində "Xoş gəldiniz!" axşamı təşkil edilib.
Nəzakət ƏLƏDDİNQIZI