Şahin Mirzəyevdən atası da imtina edib, "Tolişi Sado" qəzetinin rəhbərliyi də belə bir əməkdaşının olmadığını bildirib
Məlum olduğu kimi, satqın, xəyanətkar "Tolişi Sado" qəzetinin əməkdaşı Şahin Mirzəyevi ələ alan Ermənistan xüsusi xidmət orqanları ondan öz çirkin siyasi məqsədləri üçün istifadə edirlər. Hətta iş o yerə çatıb ki, Ş.Mirzəyevi mühacir kimi qəbul ediblər. Söhbət etdiyimiz müsahiblərimiz Ş.Mirzəyevin talışlara heç bir aidiyyəti olmadığını və bu satqından Sarkisyan rejiminin Azərbaycan əleyhinə istifadə etməyə cəhd etdiyini, ancaq istəklərinin nəticə verməyəcəyini bildirdilər.
Millət vəkili Kamran Nəbizadə:
- Ermənistan tərəfi "Tolişi Sado" qəzetinin əməkdaşı Şahin Mirzəyevə sığınacaq verməklə, sanki Sarkisyan rejimi mesaj verir. Bu da, hər zaman olduğu kimi, Azərbaycanın uğurlu siyasətinə kölgə salmaq məqsədi daşıyır. Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunmasına cavab olaraq, erməni tərəfi bunu hazırlayıb və Şahin Mirzəyevə sığınacaq verib. Demək olar ki, Ermənistan tərəfi bu məsələni çox ictimailəşdirmək istəyir. Ermənistan tərəfi bu cür hərəkətləri ilə heç nəyə nail olmayacaq. Ermənistan insan haqlarından danışa bilən ən axırıncı ölkədir. Orada vəziyyət o həddə çatıb ki, Ermənistan vətəndaşları kütləvi şəkildə ölkəni tərk edərək, qaçırlar. Demək olar ki, Ermənistanda yaşamaq mümkün deyil. Bu halda, hansısa insan haqlarından və hətta sözügedən şəxsin hüquqlarının müdafiəsindən danışmaq ən azı gülünc və məntiqsizlikdir. Digər tərəfdən də, Ermənistanın bu cəhdləri ilk dəfə deyil və yəqin ki, son da olmayacaq. Ermənistanda Azərbaycandakı etnik azlıqlar məsələsini qaldırıb, bundan öz məkrli məqsədləri üçün istifadə etmək istəsələr də, heç nə alınmayıb. Əlbəttə, bununla, onlar heç bir şeyə nail olmayacaqlar. Eyni zamanda, Ermənistanın bu barədə də hansısa mövqedən çıxış etməsinin heç bir hüquqi əsası yoxdur. Ermənistan mono-etnik ölkədir, burada ermənilərdən başqa heç bir millət yaşamır. Belə bir ölkə hansı multikultural dəyərlərdən və tolerantlıqdan danışa bilər? Ona görə də, baş verən bu hadisə o qədər də ciddi əhəmiyyət kəsb etmir. Şahin Mirzəyevə gəldikdə isə, onun bu addımına xəyanət və satqınlıqdan başqa heç bir qiymət vermək olmaz.
Politoloq Arzu Nağıyev:
- Ermənistan xüsusi xidmət orqanları daim bu məsələləri qabartmağa çalışıb. Belə ki, Azərbaycanda yaşayan milli azlıqlardan istifadə etmək onların çoxdankı metodlarıdır. Hazırda bir sıra dövlətlər və Rusiya ərazisində də Ermənistan XXO -nın maliyyə dəstəyi ilə fəaliyyət göstərən belə mərkəzlər var. Konkret olaraq, Şahin Mirzəyev məsələsinə gəldikdə isə, o, ailə problemləri ilə əlaqədar bir müddət əvvəl Gürcüstana gedib, daha doğrusu, həyat yoldaşının müalicəsi ilə bağlı ora yollanıb. Ermənilər, yəqin ki, onu Gürcüstanda əməkdaşlığa cəlb ediblər. Düşünmürəm ki, o, hər hansı ciddi dövlət sirrinə və ya digər məlumatlara malik olsun, ən uzağı, ermənilər milli mənsubiyyət məsələsini, yəni Mirzəyevin talış olduğunu və guya ona qarşı hər hansı yalançı təzyiqlərin olduğunu deyə bilərlər. Məlumdur ki, artıq Şahin Mirzəyevdən atası da imtina edib, adını çəkdiyi "Tolişi Sado" qəzetinin rəhbərliyi də belə bir əməkdaşının olmadığını və icitimai əsaslarla bir müddət əlaqəli olduğunu bildirib. Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən Talış Mədəniyyət Mərkəzinin rəhbərliyi də Şahin Mirzəyevin Ermənistandan sığınacaq istəməsinin mərkəzə dəxli olmadığını bildirib. Belə nəticəyə gəlmək olar ki, Mirzəyev heç bir səviyyədə hər hansı təzyiqə məruz qalmayıb. Eyni zamanda, qeyd etmək yerinə düşərdi ki, multikultural dəyərləri ilə çoxlarına örnək ola bilən Azərbaycanda yaşayan heç bir milli azlıq nümayəndələrinin dövlətimizdən başqa heç kimin, əsasən də, ermənilərin himayəsinə və qayğısına ehtiyacı yoxdur.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli:
- Ermənistan tərəfi son illərdə silsilə şəkildə uğradığı hərbi, siyasi və diplomatik məğlubiyyətin qisasını almağa cəhdlər göstərir. Amma ard-arda gələn məğlubiyyətlərdən də yaxa qurtara bilmir. 2016-cı ilin aprel hadisələri, Azərbaycan Ordusunun yüksək qalibiyyəti, Azərbaycanın hərbi-siyasi və sosial-iqtisadi yüksəlişi, artıq Ermənistan üçün dözülməz olub. Baş verənləri qarşılamaq, prosesi əks istiqamətə yönəltmək üçün Ermənistan tərəfindən atılan bütün addımlar, qurulan planlar iflasa uğradığından, hələlik, bu ölkə vəziyyətdən çıxış üçün kiçik şoular yaratmaq yolunu tutub. Belə şoulardan biri də "Tolişi Sado" qəzetinin əməkdaşı kimi təqdim edilən Şahin Mirzəyev ətrafında yaradılıb. Təbii ki, müharibə şəraitində olan ölkələrin kəşfiyyat xidmətləri qarşılıqlı həmlələr hazırlayırlar, satqın, xain və dönük insanlardan istifadə edirlər. Müharibə dönəmində yüzlərlə belə fakt ortaya çıxır. Şahin Mirzəyev də bu qəbildəndir. Amma burada maraq doğuran bir nüans var: son illərdə Ermənistanda yaşanan ağır sosial-iqtisadi durumu, repressiv şəraiti nəzərə alaraq, onlarla erməni ailəsi Azərbaycana üz tutub. Bunların arasında sıravi vətəndaşlardan tutmuş QHT sədrinə, jurnalistə, yazıçıya qədər ən müxtəlif sosial təbəqə təmsilçiləri var. Onlarla Ermənistan vətəndaşı Azərbaycanla - Ermənistan arasındakı real inkişaf fərqini görərək, könüllü surətdə Azərbaycana gəlirlər. Bu fərqi təkcə Azərbaycana gələn erməni soylu didərginlər deyil, həm də Ermənistanda yaşayan politoloqlar, iqtisadçılar, siyasətçilər etiraf edir və bu barədə açıq tekstlə danışırlar. Belə bir vaxtda hansısa Azərbaycan vətəndaşının Ermənistana sığınması məntiqli görünmür. Deməli, Ş.Mirzəyev düşmən ölkənin xüsusi xidmət orqanları tərəfindən hansısa yolla ələ alınmış şəxsdir. Buna görə də, lənətlənməlidir, şüurlu şəkildə, qərəzli şəkildə düşmən ölkəyə satıldığı üçün ittiham edilməlidir. Onun dilindən bəzi yanlış bəyanatlar səsləndirilməsi, guya Azərbaycanda etnik azlıqlara qarşı diskriminasiya hallarının müşahidə edilməsi barədə deyilənlər də, kökündən yanlışdır. Azərbaycan multikulural ölkədir, burada onlarca etnik qrup azad-firavan həyat sürür və bərabər hüquqlara malikdir. Ermənistan isə monoetnik ölkədir, burada ermənilərdən başqa kimsə yaşamır və bu fakt bütün dünyada rəsmən təsdiqlənib. Heç bir millətin özünə rəva bilib yaşamadığı, yaxud yaşamasına imkan verilmədiyi Ermənistanda hansısa bir talış və ya azərbaycanlı necə aşaya bilər?! Deməli, qurama məsələdir. Amma bu cür yalanlarla kimsəni aldatmaq olmaz. Dünya açıq, informasiyası qloballaşmış dünyadır və kimin hansı durumda olduğunu hər kəs yaxşı bilir.
GÜLYANƏ