Xoş xatirələrə söykənən səfər təəssüratlarımdan...
Səudiyyə Ərəbistanı Krallığına səfər etməmişdən öncə, açığı, bu ölkə haqqında təsəvvürlərim, fikirlərim tamamilə başqa cür idi. Ümumiyyətlə, dünyanın mövcud siyasi və keşməkeşli həyatında səfər etmədiyin hər hansı bir ölkə haqqında nəticə çıxarmaq çox çətindir desəm, bəlkə də yanılmaram. Məhz Səudiyyə Krallığına səfərimdən sonra bir daha bu fikirlərim öz təsdiqini tapmış oldu.
Lakin ölkəmiz üçün əhəmiyyət kəsb edən bilgilərimizin kökündə dayanan əsas amillərdən biri bu ölkənin Azərbaycanla sıx əlaqələrinin olması, siyasi, iqtisadi və s. sahələrdə inkişaf xəttini tutmasıdır. Ümumiyyətlə, Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra ölkəmizlə Səudiyyə Ərəbistanı Krallığı arasındakı ilk dostluq və əməkdaşlıq təməlini Ulu Öndər Heydər Əliyev qoyub. Əsas faktorlardan biri isə Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində, birmənalı olaraq Azərbaycanın mövqeyini qoruması və dəstəkləməsi, işğalçı Ermənistanla heç bir diplomatik münasibətlər qurmamasıdır. Məhz bu faktın özü istər məndə, istərsə də səfər çərçivəsində yol yoldaşı olduğum həmkarlarımda çox maraqlı assosiasiyalar doğururdu.
Bütövlükdə isə, səfər təəssüratlarımı bölüşməmişdən öncə həmin ölkə haqqında bir az arayış təqdim etmək istərdim.
Səudiyyəlilər buradan hər il milyonlarla ton neft çıxarırlar
Coğrafi məkanına görə, Səudiyyə Ərəbistanı Ərəbistan yarımadasında yerləşir. Üç qitəyə - Avropaya, Asiyaya, Afrikaya gedən yolların burda qovuşması, okeana birbaşa çıxışı olması, ərazisində çox zəngin neft yataqlarının (ehtiyatlarına görə dünyada 1-ci) yerləşməsi ölkənin İqtisadi-Coğrafi Mövqeyini olduqca əlverişli edir. Ərəbistan ərəb ölkələri (İsrail istisna olmaqla) ilə həmsərhəddir. Şimaldan İraq, Küveyt, İordaniya, İsrail, cənubdan Yəmən, Oman, cənubi-şərqdən BƏƏ, qərbdən isə yalnız Misir ilə həmsərhəddir. Sərhədlərin ümumi ölçüsü 4431 kilometrdir. Sahəsi 2149,7 min kv. kilometr (məlumatlar təxminidir, çünki cənubda və cənub-şərqdə sərhədlər aydın qurulmamışdır). Səudiyyə Ərəbistanının qərbində yerləşən Qırmızı dəniz vasitəsilə ölkə Cibuti, Sudan, Eritreya ilə həmsərhəddir. Dənizin ən böyük hissəsi Səudiyyə Ərəbistana düşür. Ölkənin şərqində isə Fars körfəzi yerləşir. Körfəz vasitəsilə onlar İran və Bəhreynlə həmsərhəddir. Səudiyyəlilər buradan hər on il minlərlə ton neft çıxarırlar.
Səudiyyə Ərəbistanı hakimiyyət sisteminin əsasları Kral tərəfindən imzalanıb
Bu ölkə siyasi quruluşuna görə, Səudiyyə Ərəbistanı mütləq teokratik monarxiyadır, ölkəyə kral rəhbərlik edir və orada seçkilər keçirilmir. Aparıcı nazir vəzifələrini kral ailəsinin üzvləri tuturlar. Formal olaraq ali qanunvericilik orqanının funksiyalarını 150 nəfərdən ibarət Məşvərət Şurası icra edir və onun üzvləri də Kral tərəfindən dördillik müddətə təyin olunur. 1992-ci ilin 29 fevral tarixində Kral Fəhd Nazirlər Şurasının xüsusi iclasında "Hakimiyyət sisteminin əsasları", "Məşvərət Şurasının rolu", "Ərazi quruluşu sistemi" modelini elan edib. Fərmanlar əsas etibarilə ölkədəki mütləq hakimiyyət sistemini möhkəmləndirmişdir. Hakimiyyətin bütün əsasları, əvvəlki kimi kralın əlində cəmləşmişdi. 2003-cü ildə Nazirlər Şurası ölkə üzrə fəaliyyət göstərən 179 bələdiyyə şurası üzvlərinin yarısı, habelə, Məşvərət Şurasının üzvlərinin 1/3-nin ümumxalq səsvermə yolu ilə seçilməsi təşəbbüsünü irəli sürmüş, 2004-cü ilin noyabr ayında Bələdiyyə və Regionlarla İş üzrə Nazirlik səsvermə hüququ olan vətəndaşların qeydiyyatını aparıb və 2005-ci ilin fevral ayından aprel ayınadək ölkədə bələdiyyə seçkiləri keçirilib. Konstitusiya və ölkənin cinayət-prosessual, məhkəmə qaydaları Qurani-Kərim və şəriət qanunları əsasında tənzimlənir. 1992-ci ildə Səudiyyə Ərəbistanı hakimiyyət sisteminin əsasları Kral tərəfindən imzalanıb. Ölkədə siyasi partiyalar və həmkarlar ittifaqları fəaliyyət göstərmir. Onların ölkənin siyasi həyatına təsiri çox məhduddur.
Son illərdə özəl sektor sürətlə inkişaf edir
Ölkənin iqtisadiyyatına gəlincə, Səudiyyə Ərəbistanının iqtisadiyyatı, əsasən, neft gəlirlərinə söykənir. Hökumət əsas iqtisadi fəaliyyət sahələrini ciddi nəzarət altında saxlayır. Səudiyyə Ərəbistanı dünya neft ehtiyatlarının 25%-nə malik olaraq, dünyada neft ixracına görə birinci yer tutur və OPEC-in aparıcı üzvüdür. Neft gəlirləri ölkə büdcəsinin 75%-ni, ümumdaxili məhsulun 45%-ni və ümumi ixracın 90%-ni təşkil edir. Ümumdaxili məhsulun 40%-i özəl sektorun payına düşür. Səudiyyə Ərəbistanında çalışan 5,5 milyon əcnəbi ölkə iqtisadiyyatı, xüsusən də, neft və xidmət sektorunda vacib rol oynayır. Hökumət iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və Səudiyyə Ərəbistanı vətəndaşlarının məşğulluğunun artırılması məqsədilə özəl sektorun inkişafına xüsusi diqqət ayırır. Səudiyyə Ərəbistanı hökuməti ölkədə elektrik enerjisi və təbii qaz istehsalı, telekommunikasiya və neft kimyası sahələrində özəl sektorun və xarici investorların iştirakını dəstəkləyir. Uzun sürən danışıqlardan sonra Səudiyyə Ərəbistanı, nəhayət ki, 2005-ci ilin dekabr ayında Ümumdünya Ticarət Təşkilatının üzvü seçilib. Neftdən gələn gəlirlərin sayəsində Səudiyyə Ərəbistanı hökuməti təhsil, peşə hazırlığı, habelə infrastrukturun inkişafı və maaşların artırılmasına külli miqdarda vəsait ayıra bilir. Neftdən krallığın asılılığını azaltmaq üçün və sürətlə artan Səudiyyə əhalisinin məşğulluğunu artırmaq üçün, son illərdə özəl sektor sürətlə inkişaf edir.
O cümlədən, bu ölkə islam dininin özəyi olduğuna görə, burada, digər ərəb ölkələrində olduğu kimi, Qərb ölkələri üçün xarakterik olan turizm infrastrukturu mövcud deyil. Lakin təkcə Həcc mərasimləri dövrü krallığın əldə etdiyi gəlirlər ağlasığmaz dərəcədə böyükdür. Hətta bunun üçün xüsusi Həcc Nazirliyi fəaliyyət göstərir və buradan əldə edilən gəlir yalnız islam tarixinin əhəmiyyətli məqamlarına xərclənir.
Qarşıda isə bizi maraqlı görüşlər, səfərlər gözləyirdi...
Beləliklə, yanvar ayının 31-də biz - media nümayəndələri olaraq, haqqında çox eşitdiyimiz və görmək arzusunda olduğumuz Səudiyyə Ərəbistanına səfər etdik. Xatırladaq ki, birbaşa Bakı-Ər-Riyad təyyarə reysi olmadığından bizim səfərimiz dost və qardaş ölkədən, yəni Türkiyənin böyük şəhəri olan İstanbul hava limanından reallaşdı. Artıq təyyarəmiz Bakıdan, Heydər Əliyev Hava Limanından Ər-Riyada doğru istiqamət almağa başlayandan səfər təəssüratlarımız yaranmağa başladı. Qrup rəhbərimiz - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu və digər həmkarlarımız arasında fikir mübadilələri apardıq, diskussiya və müzakirələrimiz, necə deyərlər, yolumuzu qısaltdı...
Təyyarəmiz Səudiyyə Krallığının paytaxtı Ər-Riyad Hava Limanına enərkən isə, biz tamamilə gözləmədiyimiz bir mənzərənin şahidi olduq. İlk baxışdaca, inkişaf etmiş ölkə və insanın daxilində özünəməxsus bir ruh yüksəkliyi yaradan mühit bu ölkəyə olan marağımızı artırdı. Qarşıda isə bizi maraqlı görüşlər, səfərlər gözləyirdi...
(Ardı növbəti sayımızda)
Bəhruz QULİYEV
Bakı-Ər-Riyad-Ciddə-Bakı