Azad, demokratik cəmiyyətdə ədalətin və ümumi sülhün əsasını insan hüquq və azadlıqlarının müdafiəsi təşkil edir. Sirr deyil ki, insan hüquqları konstitusiya qanunu kimi müəyyən edildiyindən, bəzən insan hüquqları "konstitusiya hüquqları" da adlandırılır. Demokratik cəmiyyətin mövcudluğu insanların daha sərbəst və rahat yaşaması deməkdir. Amma tam səmiyyətlə etiraf olunmalıdır ki, heç bir cəmiyyətdə demokratiyaya tam şəkildə nail olmaq mümkün deyil. Vatslav Qavel qeyd edirdi ki, demokratiya, sözün tam mənasında, həmişə idealdan başqa bir şey olmayacaqdır: "Kimsə ona lap yaxınlaşa bilər, kimin üçünsə o, həmişə üfüqdə işıldayacaq, ona doğru aparan yollar yaxşı, yaxud pis olacaqdır, lakin ona tamamilə nail olmaq heç vaxt mümkün olmayacaqdır".
Qloballaşan dünyamızın ayrılmaz hissəsi olan Azərbaycanda cəmiyyətin təməl prinsiplərini təşkil edən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir sıra demokratik qanunlar, Prezident qərarları, eləcə də, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu, Seçki Məcəlləsi, "Sərbəst toplaşmaq azadlığı haqqında", "Siyasi partiyalar haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Dini etiqad azadlığı haqqında", "İnformasiya əldə etmək haqqında", "Məlumat azadlığı haqqında", "Gender bərabərliyinin təminatları haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən, Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq etmişlər. Yəni, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində cəmiyyətin gözləntilərinə əsaslanan prinsipial qanunlar və qərarlar qəbul olunub. Amma qeyd olunmalıdır ki, müstəqilliyinin ilk illərində insan hüquqlarının təminatında ciddi problemlər vardı. Hüquq- mühafizə orqanlarında hökm sürən qanunsuzluqlar və bunun fonunda qanunlarda bu istiqamətdə çatışmazlıqlar insanların addımbaşı hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarırdı. Xüsusilə də, 1991-1993-cü illər ərzində ölkəmizdə hökm sürən təlatümlü hadisələr, vətəndaş qarşıdurması, xaos, anarxiya və özbaşınalıq insan hüquqlarının real həyatda təmin olunmasına öz mənfi təsirini göstərmişdi. Amma Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu sahəsində köklü islahatlara başlanıldı.
Vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir
Ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və müdafiəsinin müəyyən olunması, bu sahədə hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər insanların hüquqlarının qorunmasını prioritet vəzifə hesab edir, bu sahədə riskli və prinsipial addımlar atmaqdan belə çəkinmirdi. Bu baxımdan, 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır. Azərbaycanda 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil dövlətimizin ilk demokratik Konstitusiyası yaradıldı. Bu konstitusiyanın qəbulu insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən siyasi sistemin formalaşdırılması üçün zəmin yaratdı. Konstitusiyanın maddələrinin üçdə bir hissəsi, məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Konstitusiyanın 71-ci maddəsində təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Qanunvericilikdə həm də, qeyd olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəlmiş müddəa kimi təfsir edilə bilməz. Konstitusiyamızın 12-ci maddəsində də müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
İnsan hüquq və azadlıqları proritet istiqamətlərdəndir
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xalqın və dövlətin maraqlarına əsaslanan siyasəti Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsasların möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub. 2006-cı ildə qəbul olunmuş Milli Fəaliyyət Planı buna misal ola bilər. Bu istiqamətdə növbəti addımlardan biri də ölkə Prezidenti tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın qəbul olunmasıdır. 6 fəsil və 75 bənddən ibarət olan Proqramda aşağıdakı istiqamətlər üzrə konkret qanunverici və praktiki tədbirlər müəyyən olunmuş, onların izahı verilmişdir:
- normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
- əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi;
- dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi;
- insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri;
- insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq;
- proqramın həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi.
Milli Fəaliyyət Proqramının təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyır, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəflərinə yönəlmişdir. Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri"ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır.
Demokratikləşməyə xidmət edən strateji siyasi kurs layiqincə davam etdirilir
İnsan hüquq və azadlıqlarının müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk" - deyə Prezident İlham Əliyev bildirmişdir. Prezident İlham Əliyevin çıxışlarının birində demişdir: "Dünyada vəziyyət dəyişir, güclər nisbəti dəyişir. Əfsuslar olsun ki, nikbinliyə əsas yoxdur, dünyadakı vəziyyət daha da pisləşə bilər. Ona görə, biz buna hazır olmalıyıq. İlk növbədə, təhlükəsizlik. Qeyd etdiyim kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir. Ölkəmizdə daxili təhlükə mənbələri yoxdur. Biz özümüzü xarici müdaxilədən qoruya bilirik, qoruya bilmişik. Öz seçimimizi müdafiə edirik, heç kimin işinə qarışmırıq, amma heç kimə imkan vermirik ki, bizim işimizə qarışsın və bizə ziyan vursun. Çünki bizim işimizə qarışmaq istəyən ancaq bu məqsədlə qarışmaq istəyir. Bəzi hallarda elə ifadələr işlədilir ki, Azərbaycana kimsə kömək etmək istəyir. Mən həmişə öz tərəfdaşlarımla görüşlər əsnasında deyirəm ki, bizə kömək etmək lazım deyil. Əgər lazım olarsa, biz xahiş edərik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə heç kim kömək etmir, baxmayaraq, gün kimi aydındır ki, kimdir günahkar, kimdir bu işğalın qurbanı. Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcək".
Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə respublikamızda hər il 18 iyun- İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycan Prezidenti hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev hər il milli bayramlarımız ərəfəsində əfv sərəncamları imzalayır, on minlərlə ailəyə sevinc bəxş edir. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.
2002 və 2009-cu illərdə referendum yolu ilə konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə əlvertişli şərait yaratdı. Son illərdə BMT, ATƏT və Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində də respublikada insan hüquqlarının təmini məsələsinə xüsusi diqqət ayrılmışdır. 2006-cı il noyabrın 14-də qəbul olunmuş "Avropa Qonşuluq Siyasəti" çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmini, eləcə də, qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. Digər tərəfdən, Avropa İttifaqının bu fəaliyyət planının icrasının dəstəklənməsinə yönələn 2007-2010-ci illər üçün "Azərbaycan üzrə Milli İndikativ Proqramı"nda insan hüquqları sahəsində konkret əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir. "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na əsasən, Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, məhkəmələri və Baş Prokurorluğu normativ-hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti gücləndirmişlər. Məhkəmə sahəsində də köklü islahatlar və əməli tədbirlər həyata keçirilib. Təbi ki, bütün bunlar insan hüquq və azalıqlarının müdafiəsinin dövlət siyasətinin başlıca prinsiplərindən olduğunu göstərir.
Ceyhun Rasimoğlu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün