Xoş xatirələrə söykənən səfər təəssüratlarımdan...
(Əvvəli ötən sayımızda)
Səudiyyə Ərəbistanı Krallığına səfər etməmişdən öncə, açığı bu ölkə haqqında təsəvvürlərim, fikirlərim tamamilə başqa cür idi. Ümumiyyətlə, dünyanın mövcud siyasi və keşməkeşli həyatında səfər etmədiyin hər hansı bir ölkə haqqında nəticə çıxarmaq çox çətindir desəm, bəlkə də yanılmaram. Məhz Səudiyyə Krallığına səfərimdən sonra bir daha bu fikirlərim öz təsdiqini tapmış oldu.
Qeyd edim ki, bu ölkəyə səfərimiz Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Səudiyyə Ərəbistanı Krallığında səfəri ilə eyni vaxta təsadüf edib. Həmçnin, bizim səfərimizin rəngarəngliyi, eləcə də, bizə göstərilən diqqət və qayğının da kökündə bu faktorun olmasını demək istərdim.
Yeri gəlmişkən, qeyd olunanlarla yanaşı, cənab Əli Həsənovun bu ölkəyə səfəri çərçivəsindəki görüşlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında həm də media sahəsində əməkdaşlıqla bağlı bir-birindən maraqlı müzakirələrin aparılması nəzərdə tutulmuşdu.
Bu ölkənin özünəməxsusluqları, həqiqətən də, buranı ilk dəfə görənlərdə maraqlı təəssüratlar oyadır
Ümumiyyətlə, Səudiyyə Ərəbistanı Krallığı Körfəz regionunun ən böyük dövləti, ərəb dünyasının liderlərindən və islam dünyasının ən nüfuzlu ölkələrindən biridir. Krallığın zəngin iqtisadi, maliyyə, humanitar resursları, dini mərkəz statusu ona regionun lider dövlətlərindən biri olmaq imkanı verir. Burada Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında paralel aparmaq olar. Çünki müstəqillik illərində həyata keçirilmiş məqsədyönlü, praqmatik və milli maraqlara əsaslanan siyasi kurs nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun siyasi-iqtisadi və humanitar mərkəzi, bölgənin lider dövləti statusuna yüksəlib.
Biz də, media sahəsinin nümayəndələri olaraq, Səudiyyə Ərəbistanına səfərimizdə ölkənin müxtəlif ictimai-siyasi, mətbuat və s. istiqamətləri üzrə fəaliyyət göstərən qurumları ilə tanış olacaqdıq. Hətta səfər proqramına bu ölkənin əsas şəhərlərinə, o cümlədən, müsəlman dünyası üçün ziyarətgahlara çevrilən Məkkə və Mədinəyə də getmək daxil edilmişdir. Bu ölkənin özünəməxsusluqları isə, həqiqətən də, buranı ilk dəfə görənlərdə maraqlı təəssüratlar oyadır.
Məsələn, bu ölkədə demək olar ki, heç bir yerdə piyadalar üçün səkilər yoxdur. Hər kəsin şəxsi avtomobili var və piyada gəzənlər ya bu ölkədə işləməyə gələn digər ölkələrin vətəndaşları, ya da qadınlardır. Çünki qadınlara bu ölkədə maşın sürmək qadağası var. Ümumiyyətlə, Səudiyyə Krallığında qadağaları pozmaq ciddi şəkildə cəzalarla müşahidə olunur. Belə ki, ölkədə şəriət qayda-qanunları mövcuddur və dövlət idarəçiliyi də bu istiqamətə yönəldilir və bu qanunları pozmağa kimsənin cürəti çatmır...
Lakin bütün bunlara baxmayaraq, hər ölkənin mövcud və özünəməxsus qanunları olduğu kimi, bizlər də bu ölkənin qanunlarına rəğbətlə yanaşdıq. Çünki qanunlar həm də ölkələrin tarixi kökündən formalaşan amillərə söykənməkdədir. Hər bir ölkənin tarixinə, kökünə və qanunlarına hörmət etmək isə insanlıq borcudur desək, heç də yanılmarıq.
SPA-da xəbərlərin hazırlanması və yayılması prosesini izlədik...
Beləliklə, səfərlərimiz zamanı maraqlı görüşlərimizdən biri də Ər-Riyadda Səudiyyə Xəbər Agentliyinin (SPA) baş ofisi ilə tanışlığımız və fikir mübadiləsi aparmağımız oldu. Azərbaycanın media nümayəndələri ilə görüşən Səudiyyə Xəbər Agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn agentliyin ölkənin informasiya siyasətindəki rolundan, texniki və peşəkar inkişafından danışıaraq, ümumilikdə gələcəkdə Azərbaycanla da media sahəsində əməkdaşlığın vacibliyini bildirdi.
Biz də, öz növbəmizdə, SPA-da xəbərlərin hazırlanması və yayılması prosesini izlədik, agentliyin Media Mərkəzi və konfrans zalı ilə tanış olduq. Təəssüratlarımız, həqiqətən də, yaddaqalan oldu və agentliyin rəhbərliyi ilə qarşılıqlı şəkildə maraqlı diskussiyalarımız baş tutdu.
"Əl-İxbariyyə" televiziyası cənab Əli Həsənovdan müsahibə aldı
Ümumiyyətlə, səfərimiz Səudiyyə Ərəbistanı mediası tərəfindən çox maraqla izlənilirdi. Belə ki, həmin ərəfədə ölkənin aparıcı "Əl-İxbariyyə" televiziyası cənab Əli Həsənovdan müsahibə aldı və bu amilin özü də Səudiyyə Ərəbistanının Azərbaycana qarşı isti münasibətinin tam şəkildə ortaya qoymuş olduğunu təsdiq edən hadisə kimi qiymətləndirilə bilər. Səudiyyə Ərəbistanının 26 il bundan əvvəl Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olması, eləcə də, Krallıqla Azərbaycan arasındakı əlaqələri səciyyələndirilməsi, perspektivlər barədə danışan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bununla bağlı iki ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğundan bəhs edib. Ötən dövr ərzində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında qarşılıqlı münasibətləri tənzimləyən müqavilə-hüquq bazası formalaşdırılmasından, hökumətlər səviyyəsində müştərək komissiyaların yaradılmasından, siyasi-iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən danışan cənab Əli Həsənov, həmçinin, əlavə edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verib, bu siyasət sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında yeni və daha təkmilləşdirilmiş əməkdaşlıq münasibətləri qurulmaqdadır
O cümlədən, vurğulanıb ki, 2015-ci ilin aprelində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti ilə Krallığa rəsmi səfər edərək, ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm impuls verib.
Cənab Əli Həsənov Səudiyyə Ərəbistanının beynəlxalq və regional səviyyədə rolu barədə də verilən sualı geniş və əhatəli cavabı ilə şərh edərək deyib ki, o, İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud ilə görüşmək və Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Krala çatdırmaq şərəfinə nail olub. Həmçinin, Azərbaycan Prezidenti və xalqı adından IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Kral Salman bin Əbdüləziz Al Səudu da ölkəmizdə görmək istəyini vurğulayıb. Məhz bu mühüm və olduqca isti münasibətlərə nəzər salarkən, onu da əlavə edə bilərik ki, artıq bu gün Azərbaycanla Səudiyyə Ərəbistanı arasında yeni və daha təkmilləşdirilmilş əməkdaşlıq münasibətləri qurulmaqdadır.
Əl-Cənadəriyyə Festivalı - bir-birindən maraqlı səhra və qılınc rəqsləri, tayfa və qəbilələr əsasında formalaşan adət-ənənələr...
Yeri gəlmişkən, bu il Səudiyyə Krallığında əl-Cənadəriyyə Festivalı da keçirilir. Bu Festivalda əsasən, Krallığın zəngin tarixi və mədəni irsi təbliğ olunur. Bir-birindən maraqlı səhra və qılınc rəqsləri, tayfa və qəbilələr əsasında formalaşan adət-ənənələr, səhrada yaşam tərzlərinin nümayişi, dəvə yarışları kimi maraqlı festival anları onu izləyənlərdə dərin və silinməz izlər buraxır. Bu baxımdan da deyə bilərik ki, Krallıq islam dünyasında yalnız dini mərkəz deyil, həm də mədəni mərkəzlərdən biri kimi tanınmaqdadır.
Səudiyyə Krallığında Azərbaycanın dini əsasları da müzakirə edildi
Bizim isə 10 günlük səfər çərçivəsində görüşlərimiz tam sürətlə davam edirdi. Növbəti belə görüşlərimizdən biri də Ər-Riyadda Diplomatik Araşdırmalar üzrə Əmir Səud əl-Feysəl İnstitutunun Asiya Tədqiqatları Mərkəzində "Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələri və regionun problemləri" mövzusunda təşkil etdiyi seminarda tam heyətlə iştirak etdik və orada bir-birindən maraqlı polemikalara qoşulduq. Məhz bu seminarda Azərbaycana olan maraq bir daha özünü göstərdi. Əlbəttə ki, islam dininin mərkəzi olan Səudiyyə Krallığında müsəlman ölkəsi olan Azərbaycanın dini əsasları da müzakirə edilməmiş qala bilməzdi. Belə ki, bu gün Yaxın Şərqdə, bir sıra ərəb ölkələrində istər məzhəblərarası, istərsə də dinlərarası münaqişələr, müharibələr baş verməkdədir. Bunun isə qarşısının alınması üçün görülən tədbirlər elə də uğurlu nəticələrini vermir. Səudiyyəli dostlarımız da yaşanan problemlərdən çıxış yolu axtarmağın zamanının çatdığını deyərək, bütövlükdə islam dünyasında sülhün bərqərar olmasından, radikal-dini terror şəbəkələrinin məhv edilməsinin vacibliyindən danışdılar.
Səudiyyəlilər Azərbaycanda mövcud olan dini tolerantlıq modelinə heyran qaldılar
Mən də bu sözügedən istiqamətdə həmin seminarda çıxış etdim və bildirdim ki, bir sıra müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycanda dini dözümlülük və məzhəblərarası birliklər ən yüksək səviyyədə inkişaf etməkdədir. Azərbaycanda İslam dini məzhəblərə görə, şiəlik qolundan həm də sünni qolunun nümayəndələrindən ibarətdir. Lakin ölkəmizdə heç vaxt məzhəblərarası münaqişələr baş verməyib, əksinə, birlik və bərabərlik öz mövcudluğunu qoruyub-saxlayıb. O da qeyd olundu ki, məhz Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tövsiyyəsinə uyğun olaraq, Azərbaycanda 2016-cı ildə Vəhdət namazı qılındı. Və bunun nəticəsidir ki, bu gün də ölkəmizdə həm şiələr, həm də sünnilər çiyin-çiyinə dayanaraq, qardaşcasına bir Allaha ibadət edərək, bir müqəddəs kitaba - Qurana inanır, namaz qılırlar. Bu görüşlərdən sonra ərəb dostlarımız açığını deyim, heyrət etdilər və etiraf elədilər ki, bu gün Azərbaycanda olan bu model, əslində, bütün müsəlman ölkələrində təbliğ olunmalıdır.
Qeyd edim ki, dialoq şəklində baş tutan seminarda nümayəndə heyətinin rəhbəri, millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, eyni zamanda, bütün həmkarlarımın fikirləri maraqla qarşılandı. Onu da deyim ki, görüşlərimizin hər biri "Al-Jazirah" qəzetinin saytında da işıqlandırılırdı. Diplomatik Araşdırmalar üzrə Əmir Səud əl-Feysəl İnstitutunun baş direktoru Əbdülkərim əd-Dəxil tədbirlə bağlı açıqlamasında da dedi ki, seminarın keçirilməsi institutun regional və beynəlxalq problemlərin izlənilməsi istiqamətində öz faydalı nəticələrini verəcək.
Bizi isə qarşıda daha maraqlı və rəngarəng səfərlər, ziyarətlər gözləyirdi...
(Ardı növbəti sayımızda)
Bəhruz QULİYEV
Bakı-Ər-Riyad-Ciddə-Bakı