Azərbaycanın hər günü, hər ayı, hər ili müstəqillik tariximizin şanlı səhifəsinə çevrilir, ölkəmizin iqtisadi qüdrəti artdıqca onun müdafiə qabiliyyəti də, beynəlxalq nüfuzu da yüksəlir, vətəndaşların həyat səviyyəsi, güzəranı, sosial müdafiəsi güclənir, onların qayğı və problemlərinə dövlətin diqqəti daha da çoxalır. Artıq tarixə qovuşmuş 2016-cı ildə Azərbaycan xalqını daha çox sevindirən, düşündürən, narahat edən məsələləri, onun arzu və istəklərini əks etdirən vətəndaş müraciətlərinə baxılması haqqında geniş məlumat vermək, bu sahədə görülən vacib işləri və yenilikləri şərh etmək üçün AZƏRTAC Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayılovun geniş təhlili materialını oxucuların diqqətinə çatdırır. Biz həmin materialı ixtisarla oxucularımıza təqdim edirik.
25 illik zəfər yolunun yekunları və
müstəqilliyimizi əbədiləşdirən inkişafımız
Müstəqilliyimizi əbədiləşdirən zəfər yolunun şanlı səhifələrindən biri olan 2016-cı ili səciyyələndirən əsas cəhətləri sadalayarkən, ilk növbədə, müstəqilliyimizin 25 illik yubileyini, bu şərəfli yolda əldə olunmuş nailiyyətlərimizin yekununu, Azərbaycan multikulturalizminin təntənəsini, tarixi aprel döyüşlərinin millətimizə bəxş etdiyi böyük qürur və inamı, xalqının böyük məhəbbətini və ehtiramını qazanmış, dünya siyasətçiləri və ictimai xadimləri arasında öz siyasəti ilə böyük nüfuz sahibi olmuş hörmətli Prezidentimizin 55 illik yubileyini göstərməliyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik illərinin əsas nailiyyətlərini bu mühüm hadisənin 25 illiyinə həsr olunmuş rəsmi qəbulda və digər tədbirlərdəki çıxışlarında qeyd edərək göstərmişdir ki, təkcə 2003-cü ildən sonrakı dövrdə ölkənin iqtisadiyyatı 3 dəfə artmış, təxminən 50 faiz həcmində olan yoxsulluq 5 faizə enmiş, həyata keçirilən dövlət proqramları əsasında respublikanın bütün bölgələri canlanmış, əhalinin güzəranı qat-qat yaxşılaşmış, 26 elektrik stansiyası, 4 su anbarı tikilmiş, 11 min kilometr avtomobil yolu çəkilmiş, ölkə ərazisinin 92 faizi qazlaşdırılmış, onlarla yeni müəssisə açılmışdır. Həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycanda son 13 il ərzində 3 mindən çox məktəbin, 600-dən çox tibb ocağının, 40-dan artıq Olimpiya İdman Mərkəzinin, saysız-hesabsız digər idman qurğularının yaradılmasına imkan vermişdir. Ümumən müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox vəsait qoyulmuşdur.
"Əsrin müqaviləsi"nin həyata keçirilməsi, 2006-2007-ci illərdə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ilə ixrac olunan neft və qazın hesabına formalaşmış böyük maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və gücləndirilməsinə, yeni sənaye sahələrinin yaradılmasına, ən yeni texnologiyalar əsasında müasir tələblərə cavab verən məhsulların istehsalının təşkilinə, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün təsirli tədbirlər görülməsinə şərait yaratmışdır.
Ölkəmizin beynəlxalq əlaqələri hər sahədə sürətlə inkişaf edir. Ötən 25 ildə Azərbaycan dünyanın 177 ölkəsi ilə diplomatik münasibətlər qurmuş, xarici əlaqələri 2016-cı ildə daha da genişləndirmiş və beynəlxalq aləmdə çox etibarlı və ləyaqətli tərəfdaş kimi öz imicini qoruyub-saxlaya bilmişdir.
2016-cı ilin yekunları göstərir ki, Azərbaycan Prezidenti düzgün və düşünülmüş siyasətini davam etdirməklə ölkəmizdə inkişafın dayanıqlı olmasını təmin etmiş və əhalinin sosial rifahının pisləşməsinə imkan verməmişdir. 2016-cı ildə Azərbaycan yenə regionun əsas iqtisadi güc mərkəzi olmuş, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil etmişdir. Sevindirici haldır ki, ümumi daxili məhsulun 65,7 faizi qeyri-neft sektorunun payına düşmüşdür.
2016-cı ildə ölkə iqtisadiyyatının yeni sahələrinin yaradılması üçün ciddi tədbirlər görülmüş, xüsusilə, sahibkarlığın inkişafına böyük yardım göstərilmiş, təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1815 sahibkara 120 milyon manatdan artıq güzəştli kredit verilmişdir.
Ötən il Azərbaycan iqtisadiyyatına 11,7 milyard dollar investisiya qoyulmuşdur və bu investisiyanın 8 milyardı xarici, 3,7 milyardı isə daxili investisiya olmuşdur. Dünya iqtisadiyyatının dərin böhran keçirdiyi dövrdə respublika üzrə adambaşına düşən investisiyaların həcmi nəinki qonşu dövlətlərdən, digər dünya ölkələrindən də xeyli yüksəkdir.
Azərbaycanın qazandığı nailiyyətləri dünya maliyyə qurumları da etiraf edir və müxtəlif reytinq cədvəllərində Azərbaycanın getdikcə irəliləməsi bunu bir daha təsdiq edir. Məsələn, Dünya Bankının "Doing Business 2017" hesabatında Azərbaycan 65-ci yerdədir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə isə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə, 3 pillə irəliləyərək, 37-ci pilləyə qalxmışdır. Bu da bütün MDB məkanı üzrə ən yüksək yerdir. Həmçinin, forumun "İnklüziv Artım və İnkişaf 2017" hesabatında Azərbaycan İnklüziv İnkişaf İndeksi üzrə inkişaf etməkdə olan 79 ölkə arasında Litvadan sonra 2-ci yerdə qərarlaşmış və hesabatda stabil ölkələr siyahısındadır.
Respublikanın bölgələrinin sosial infrastrukturunun yenilənməsi, yerlərdə müasir tələblərə cavab verən sənaye, kənd təsərrüfatı, turizm və digər təyinatlı obyektlərin inşası nəticəsində yeni iş yerlərinin açılmasına xüsusi əhəmiyyət verən ölkə Prezidentinin ötənilki çoxsaylı səfərləri arasında Azərbaycan Ordusunun 2016-cı ilin aprelində düşmən işğalından azad etdiyi ərazilərə səfərlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan xalqının böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuş aprel zəfəri Qarabağ probleminin həllində yeni dönüş nöqtəsi sayıla bilər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ordumuzun layiqli əks-hücum əməliyyatı nəticəsində, erməni hərbi təxribatının qarşısı kəskin şəkildə alınmış, düşmənin güclü ordu mifi darmadağın edilmiş, minlərlə hektar torpağımız işğaldan azad olunmuşdur. Azərbaycan Prezidenti böyük qürurla demişdir: "Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" bu il yanvarın 24-də imzaladığı Sərəncam isə düşmənlərimizi əsl vahiməyə salmışdır. Bu gün Cocuq Mərcanlı kəndi barədə Sərəncam verilirsə, sabah Şuşanın bərpası ilə bağlı Sərəncam veriləcəyini artıq özləri açıq-aydın bildirirlər. Xalqımız isə Cənab Prezidentin bu tarixi Sərəncamını böyük qayıdışın başlanğıcı hesab edir.
Dünya mətbuatında Azərbaycanın sürətli iqtisadi inkişafına, onun Avropa və islam dəyərlərini sintez edərək tam müasir cəmiyyət qurmasına, mövcud olan və bütün dünyaya nümunə sayıla biləcək tolerantlığına, Azərbaycan multikulturalizminə, öz coğrafi mövqeyindən bacarıqla istifadə edərək böyük tranzit ölkəsinə çevrilməsinə, dünya iqtisadiyyatının inteqrasiyasında körpü rolu oynamasına xüsusi yer ayrılmaqla bərabər, Azərbaycan Prezidentinin, Onun ailə üzvlərinin, xüsusilə, Mehriban xanım Əliyevanın humanitar fəaliyyətinə böyük diqqət yetirilir. Azərbaycanın birinci xanımının ictimai-siyasi və humanitar fəaliyyəti həm dünyanın əksər ölkələrində, həm də respublika əhalisinin bütün təbəqələri arasında son dərəcə yüksək qiymətləndirilir.
Azərbaycan dünya miqyasında sabit, tolerant, sivil, demokratik bir dövlət kimi tanınır ki, bu da ölkəmizin gələcək inkişafına, investisiya və digər sahələr üzrə cəlbedici olmasına, etibarlı tərəfdaş kimi qəbul edilməsinə müsbət təsir göstərir.
Minnətdarlıq məktubları: xalqın gözü, xalqın sözü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciətlərin böyük bir hissəsini minnətdarlıq məktubları təşkil edir. Bu məktublarda ölkə sakinləri, habelə, Vətəndən uzaqda yaşayan soydaşlarımız, xarici ölkələrin vətəndaşları Azərbaycanda insanların rifahı, əmin-amanlığı üçün görülən işləri, həyata keçirilən layihələri geniş təqdir edir, sülhə, milli-mənəvi və multikultural dəyərlərə verdiyi dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Bu məktubların, demək olar ki, hər birində ölkə rəhbərinin yüksək idarəçilik bacarığı və yürütdüyü müdrik siyasət xüsusi vurğulanır. Məsələn, Binəqədidən professor H.Mahmudovun məktubu ölkəmizdəki real vəziyyəti qiymətləndirmək baxımından səciyyəvidir. O yazır: "Planetimizin hər yerində münaqişələr, müharibələr, qırğınlar olduğu halda, bizim ölkəmizdə bu gün əmin-amanlıq, firavanlıq hökm sürür. İnsanlar qurub-yaratmaq eşqi ilə yaşayırlar. Bunlar məhz Sizin gərgin əməyinizin və dünya arenasında tutduğunuz düzgün siyasi xəttin nəticəsidir".
Belə fikirlər xarici ölkə vətəndaşlarından daxil olan məktublarda da öz əksini tapır. Ukraynanın Kiyev şəhərindən Yuliya Stukalenko qeyd edir: "Siz sübut etdiniz ki, bütün çətinliklərə baxmayaraq, polad iradə və müdrik qərarlar öz bəhrəsini verir. Azərbaycan qısa müddətdə güclü dövlətə çevrilib".
Minnətdarlıq məktublarının mövzuları və coğrafiyası çox genişdir və onları, qısa da olsa, şərh etmək vacibdir. Bu məktubların bir çoxunda vətəndaşlar Azərbaycanı tənəzzüldən tərəqqiyə aparan Ümummilli Liderimiz Heydər Əliyevin ruhuna dərin ehtiramlarını ifadə edirlər. Qeyd olunur ki, Ulu Öndərimizin ölməz ideyaları bu gün də həyatda öz bəhrəsini verir, Onun əsasını qoyduğu inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlətin qarşısında duran prioritet məsələlərdən biri də qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ötən dövr ərzində 50 min ailənin və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil problemi öz həllini tapmışdır. Respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlər - Ağdamın Göytəpə kəndindən Həcər və Tamara Əhmədovalar, Lətif və Rahilə Quliyevlər, Füzulidən Q.Xəlilova, Kəlbəcərin Zar kəndindən T.Dadaşov, Ə.Əliyev, Qazağın Aşağı Əskipara kəndindən F.Cəfərov və başqaları mənzillə təmin olunmalarına, Xocavəndin Əmirallar kəndindən A.Bayramov isə, onlara göstərilən ümumi qayğıya və problemlərinin həllinə görə təşəkkür etmişlər.
Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi də aktual məsələlərdəndir. Ötən il iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yeni yaşayış binasının açılışında Prezident İlham Əliyev demişdir: "Bildiyiniz kimi, 2011-ci ilin sonunda imzaladığım müvafiq Sərəncam əsasında 20 il ərzində hərbi xidmətdə qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət tərəfindən dövlət vəsaiti hesabına tikilmiş mənzillər verilir. Bu proqram çərçivəsində, artıq 900-ə yaxın hərbçi mənzillə təmin edilib, yüzlərlə hərbçinin mənzil-məişət problemləri yaxın zamanlarda öz həllini tapacaq".
Dünyada cərəyan edən iqtisadi böhran fonunda pensiyaların artırılmasını yüksək qiymətləndirən və bununla əlaqədar ölkə başçısına minnətdarlıq ünvanlayan İsmayıllı Rayon Veteranlar Şurasının sədri A.Əliyev və başqaları yazırlar: "Biz ahıl insanlar həyatın hər üzünü görmüşük. Hazırda yaranan müvəqqəti iqtisadi çətinlik gördüklərimizin müqabilində, demək olar ki, heç nədir. Firavan həyatını Ümummilli Liderimiz Heydər Əliyevin və Sizin rəhbərliyiniz dövründə tapan veteranlar, təqaüdçülər, onların ailələri tam ümidlidirlər. Çünki hər bir Azərbaycan vətəndaşının taleyi üçün özünü cavabdeh bilən Sizin kimi rəhbərimiz var".
Elektrik enerjisi təsərrüfatında həyata keçirilən tədbirlər də vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Bərdənin Əmirli, Güloğlular, Biləsuvarın Əsgərabad, Tərtərin Həsənli, Qarağacı, Yevlaxın Qaraməmmədli, Rüstəmli kəndlərindən, həmçinin, digər şəhər və rayonlardan daxil olan məktublarda vətəndaşlar elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılmasına, o cümlədən, yeni yarımstansiyaların tikilməsinə, dirəklərin və transformatorların dəyişdirilməsinə, elektrik xətlərinin SİP-kabellə çəkilməsinə görə təşəkkürlərini ifadə etmişlər.
Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limitin artırılması da razılıqla qarşılanmışdır. Ötən il dekabrın 22-də dövlətimizin başçısının tapşırığı əsasında Tarif Şurasının iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə, elektrik enerjisi üçün aylıq istehlak həcminin isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılması Yeni il ərəfəsində ölkə başçısının xalqa qayğısı kimi qiymətləndirilmişdir. Bakı, Xətai, Xəzər, Lənkəran, Mingəçevir, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Quba, Qusar, Lerik, Neftçala, Salyan, Samux, Siyəzən, Şabran, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayonlardan bununla əlaqədar daxil olmuş yüzlərlə minnətdarlıq məktubunda qeyd olunur ki, bu qərar xalqın mənafeyinə xidmət edir.
Ölkə əhalisinin içməli su təminatının yaxşılaşdırılması sahəsində də işlər uğurla davam etdirilir. Minnətdarlıq məktublarının bir qismi bununla bağlıdır. Qubanın Digah, Yardımlının Vərov kəndlərindən su kəmərinin çəkilməsinə, subartezian quyularının qazılmasına, İmişlinin Qızılkənd, habelə, Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçın sakinlərindən içməli suyun keyfiyyətinin yüksəldilməsi üçün modul tipli sutəmizləyici qurğuların quraşdırılıb istifadəyə verilməsinə görə minnətdarlıq məktubları daxil olmuşdur.
Təhsil sahəsində görülən işlərlə bağlı müraciətlərdə Goranboydan, Gədəbəyin Novosaratovka kəndindən müasir tələblərə cavab verən uşaq bağçasının, Ağstafanın Aşağı Kəsəmən, Masallının Çayqıraq və Xıl kəndlərindən müasir orta məktəb binalarının tikilib istifadəyə verilməsinə, Sumqayıtdan isə uşaq bağçalarında şəraitin yaxşılaşdırılmasına görə minnətdarlıq etmişlər.
Orta məktəb şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya da dövlətimizin başçısının mühüm təşəbbüslərindən biridir. Gənc nəslin mədəni və intellektual səviyyəsinin yüksəlməsinə xidmət edən bu layihənin uğurla həyata keçirilməsi şagirdləri və onların valideynlərini razı salır. Respublikamızın elə bir bölgəsi yoxdur ki, oradan bu barədə təşəkkür dolu məktublar gəlməsin. Beyləqan, Cəlilabad, Daşkəsən, Qax, Quba, Şabran, Şəmkir və Zaqataladan, Xızının Giləzi qəsəbəsindən, Ağdaşın Kükəl, Göyçayın Potu, Qəbələnin Zarağan, Qobustanın Sündü, Qusarın Həzrə kəndlərindən, Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərdən, digər şəhər və rayonlardan daxil olan məktubları buna misal göstərmək olar. Xətaidən M.Məmmədli tur-aksiyanın əsas xüsusiyyətlərini vurğulayaraq yazır: "Bu səyahətlə tariximizlə yaxından tanış olub, yeni dostlar qazandıq".
Son illərin aktual məsələlərindən biri də abadlıq və quruculuq işləri ilə əlaqədar əhalinin başqa yerə köçürülməsinin təşkilidir. Ölkə başçısının ünvanına daxil olan bir çox minnətdarlıq məktublarında bu işin ədalətli şəkildə icra olunmasından və vətəndaşların razı salınmasından söhbət açılır. Yasamal rayonunun "Sovetski" adlanan ərazisinin keçmiş sakinləri Z.Məlikov, L.Məmmədova və başqalarının məktublarında əksini tapan sözlər bu razılığın ifadəsidir: "Biz öz yeni mənzillərimizə qovuşduq. Cansıxıcı və qaranlıq evlərdən işıqlı və ürəkaçan mənzillərə köçdük".
Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələr, dünya iqtisadiyyatında gündən-günə artan rolu xarici mətbuat nümayəndələrinin də diqqətindən yayınmır. Nüfuzlu "The Business Year" jurnalı tərəfindən Azərbaycan Prezidentinin 2015-ci ildə "Dünyada ilin adamı" seçilməsi və mükafatın 2016-cı ilin may ayında Cənab Prezidentə təqdim olunması ölkə vətəndaşlarında sevinc hissi yaratmışdır. Bununla əlaqədar daxil olan məktublarda vətəndaşlar dövlətimizin başçısını təbrik edir, eyni zamanda, görülən işləri bir daha vurğulayır, minnətdarlıqlarını bildirirlər. Moskva şəhərindən T.Dadaşovun, Bakının Pirallahı rayonundan K.Mustafayevanın, Yasamaldan S.Heydərovun, Kürdəmirdən M.Musayevin, Qusardan E.Abbasovun, İsmayıllının Qalınçaq kəndindən Ə.Tarverdiyev və E.Seyidlinin, Lerikdən H.Bəşirov və A.Zahidovun, Masallının Mahmudavar kəndindən Prezident təqaüdçüsü Ş.Əbilovun, Salyanın Kərimbəyli kəndindən A.Səfərov, C.Xıdırov və başqalarının, Tərtərdən F.Binnətov və S.Yusibovun, Tovuzun Qovlar qəsəbəsindən E.Bayramovanın, digər şəhər və rayonların sakinlərinin məktubları bu qəbildəndir. Salyan rayonundan A.Daşpoladova və M.Məlikova yazırlar: "Siyasətinizdə ardıcıllıq, diplomatiyanızda məharət beynəlxalq aləmdə Sizə uğur gətirdi".
2016-cı il həm də Olimpiya İli idi. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında idmançılarımız çox uğurlu çıxış edərək, xalqımızı sevindirdilər. Gəncədən Ş.Mustafayev, Binəqədidən Ş.Mirzəcanova, Nəsimidən Ş.Baxşəliyeva, Abşeronun Xırdalan şəhərindən S.Cəfərova, Füzulinin Qarabağ kəndindən E.İbişov, Gədəbəydən M.Həsənova və digərləri göndərdikləri məktublarda bu münasibətlə öz sevinclərini ifadə etmişlər.
Azərbaycanın yüksəlişi, regionların inkişafı, yaradılan infrastruktur respublikamızda olan əcnəbilərə də çox xoş təsir bağışlayır. Onlar dövlətimizin başçısına məktublarında öz təəssüratlarını bölüşürlər. Məsələn, Almaniyanın Drezden şəhərindən Rüdiger Hauffe və Egbert Şeibe avarçəkmə üzrə komandalarının Mingəçevirdə keçirdiyi təlim-məşq toplanışından məmnun qaldıqlarını bildirərək yazırlar: "Şəhərin otellərində və istirahət mərkəzində bizə yüksək xidmət və diqqət göstərildi. Mingəçevir şəhəri görkəminə görə Avropa şəhərlərini xatırladır. Çayın sahilində park, şəhərin füsunkar mənzərələri hamımızın xoşuna gəldi. İdmançılarımız şəhər sakinlərinin mehriban münasibətindən, diqqət və qayğısından razı qaldılar. Mingəçevirin turizm potensialı çox böyükdür. Gələcəkdə biz buraya turist kimi gəlməyi planlaşdırırıq". Rusiyanın Tambov şəhərindən Olqa Bıkova Azərbaycanın ona çox gözəl təsir bağışladığını yazır, Türkiyənin Hatay şəhərindən Ertan Eser, Antalya şəhərindən İbrahim Yıldırım Azərbaycanın çox güclü dövlətə çevrildiyini qeyd edirlər.
Təkliflər cəmiyyətin fəallıq indeksidir
Prezident Administrasiyasına daxil olan müraciətlərin xeyli hissəsi cəmiyyəti düşündürən, vətəndaşları narahat edən məsələlər barəsində fikir və mülahizələrdən, həmçinin, ölkənin iqtisadi və siyasi inkişafına müsbət təsir göstərən təkliflərdən ibarətdir.
Təkliflər cəmiyyətin problemlərinə biganə qalmayan insanların ürək sözünü və vətəndaşlıq mövqeyini ifadə etdiyinə görə, onların hər biri diqqətlə öyrənilir və baxılıb həyata keçirilməsi üçün müvafiq qurumlara göndərilir. Bu təkliflərin bəziləri, hətta müvafiq qanunvericilik aktlarında edilmiş dəyişikliklərdə öz əksini tapır.
Təkliflərin mövzuları da müxtəlifdir. İctimai-siyasi məzmunlu təkliflərin bir çoxunda Ulu Öndər Heydər Əliyevin xatirəsinin daha geniş surətdə yad edilməsi, ayrı-ayrı tanınmış mədəniyyət və incəsənət xadimlərimizin yubiley tədbirlərinin keçirilməsi və onların xatirəsinin müxtəlif formada əbədiləşdirilməsi, bəzi yeni peşə bayramlarının təsis edilməsi və sair fikirlər irəli sürülür.
Sosial-iqtisadi xarakterli təkliflərdə kənd təsərrüfatının yeni bərpa olunan sahəsinin - ipəkçiliyin daha da inkişafı, barama toxumlarının inkubasiyası, onların kümçülərə paylanması, bir çox şəhər və kəndlərin su təchizatının yenidən qurulması, şəhər və rayonlarda yeni parkların və yaşıllıqların salınması, bu işin davam etdirilməsi və digər məsələlər qaldırılır.
Mədəniyyət və turizm məsələləri mövzusunda daxil olan müraciətlərdə turizmin inkişafı üçün müasir servis sisteminin təşkili, kurort müəssisələrinin yaradılması üçün xüsusi səhmdar cəmiyyətinin təsis edilməsi, respublikanın bölgələrində mineral və müalicəvi suların olduğu yerlərdə yeni sanatoriya, istirahət zonalarının yaradılması, ənənəvi xalq sənəti sahələrinin bərpası üçün texniki-peşə məktəblərinin və kursların açılması, Azərbaycan mədəniyyətini, müxtəlif icmaların musiqi sənətini təbliğ edən festivalların keçirilməsi, Bakı şəhərində və respublikanın digər yerlərində tarix və memarlıq abidələrinə məlumat lövhələrinin vurulması barədə fikirlərini ifadə edirlər.
Nəqliyyat məsələlərinə dair bəzi müraciətlərdə isə nəqliyyatın işinin daha yaxşı təşkili, yeni marşrutların açılması, nəqliyyatın intensivliyini nəzərə alaraq körpülərin, yüngül konstruksiyalı yerüstü keçidlərin tikilməsi və sair təkliflər irəli sürülür.
Elm, təhsil məsələləri ilə bağlı təkliflərdə elmi nailiyyətlərin istehsalatda daha geniş tətbiq edilməsi, yeni ali məktəblərin açılması və elmi kitabxanalar sisteminin fəaliyyətinin təkmilləşdirilməsi və sair barədə fikirlər bildirilir.
Təkliflər, əslində, cəmiyyətin, ümumiyyətlə, ölkə vətəndaşlarının ictimai fəallıq indeksi hesab edilir. Ona görə də, hər bir təklif diqqətlə öyrənilir, onların daha real, əsaslı olanları həyata keçirilir və gələcəyə hesablanmış təkliflər perspektiv inkişaf proqramlarında nəzərə alınır. Elə bu günlərdə Azərbaycanda və Qafqazda modern mühərrik və sənaye yağları istehsal edən "Technol" zavodunun açılışı olmuş və vətəndaşların il ərzində verdiyi təkliflərdən biri yerinə yetirilmişdir. Bu müəssisə 60-dan çox çeşiddə məhsul hazırlayacaq. Belə təkliflərin reallaşacağını vətəndaşlar bundan sonra daha çox görəcəklər.
(ardı var)