Ölkə Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: islam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 14-də Şəkidə öz işini davam etdirib.
İtaliyanın Sapienza Universitetinin müəllimi İrina Kunina Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin önəmini vurğulayıb və bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında geniş məlumat əldə etmək imkanı olduğunu qeyd edib. Çexiyanın Karlov Universitetində fənn keçən Roza Şəfiyeva bildirib ki, sözügedən fənnin dinləyiciləri Azərbaycanın multikulturalizm siyasəti sahəsindəki əsrlərlə yaşı olan təcrübəni öyrənməkdə çox maraqlıdırlar. Pedaqoq qeyd edib ki, dərs prosesində tələbələr Azərbaycanın etnik və dini palitrası, ölkəmizdə min illər boyu birgə yaşayan müxtəlif etnik qruplar, eləcə də, ölkəmizdə qardaşcasına yanaşı yaşayan konfessiyalarla bağlı suallar ünvanlayırlar.
Günün ikinci yarısında Şəkinin tarixi yerlərinə -Xan Sarayı kompleksinə, Karvansaraya gəzinti təşkil olunub. Ekskursiya zamanı Şəkinin tarixi tikililəri, Azərbaycan mədəniyyəti incilərindən sayılan şəbəkə memarlığı nümunələri, şəkili ustaların hazırladıqları məişət və bəzək əşyaları, Şəki ipəyindən hazırlanmış əl işləri, eləcə də, ləziz Şəki mətbəxi tələbələrdə böyük maraq doğurub.
NƏZAKƏT