Dünən Respublika Sanitariya-Karantin Müfəttişliyinin fəaliyyətinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə RSKM-in "Sanitariyaepidemioloji salamatlıq haqqında", "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası qanunları ilə tənzimlənən istiqamətlər üzrə fəaliyyəti haqqında məlumat verilib.
Respublika Sanitariya-Karantin Müfəttişliyinin Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh qeyd edib ki, dünya əhalisi arasında miqrasiyanın artması, turizmin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, sürətli urbanizasiya və qloballaşma ətraf mühitin pisləşməsi, yeni xəstəliklərin yaranması və digər hallarda infeksion xəstəliklərin beynəlxalq miqyasda artmasına və yayılmasına şərait yaratmışdır.
Respublika Sanitariya-Karantin Müfəttişliyinin Epidemiologiya şöbəsi tərəfindən 2016-cı il ərzində bu və digər istiqamətlərdə bir sıra işlər görülmüşdür. Hesabat dövründə 19 telefonoqram vasitəsilə 24 nəfər hərarəti artmış şəxs barədə məlumat verilmiş və ərazi-tibb müəssisələri tərəfindən aparılmış müayinələr nəticəsində, "donuz qripi" xəstəliyi qeydə alınmamışdır. 28.06.2016-cı il tarixdə isə bir nəfər AİDS-lə yoluxmuş xəstə barədə məlumat daxil olmuş və müvafiq tədbirlərin görülməsi üçün vaxtında AİDS-lə Mübarizə Mərkəzinə məlumat verilmişdir.
Azərbaycan Respublikasına idxal olunan məhsullar üzərində daim sanitariya nəzarəti həyata keçirilir. Belə ki, hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında təqdim olunmuş məhsulu müşaiyət edən sənədlər araşdırıldıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür.
NƏZAKƏT