Uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkənin işıqlı gələcəyi üçün çox mühüm vəzifələrdən biridir. Azərbaycanda bu sahəyə xüsusi diqqət və qayğı göstərilir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq hüquqları, onların fiziki və mənəvi inkişafı ilə bağlı mühüm işlər görülüb. Ölkəmiz 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın 2 saylı Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu qəbul olunub.
Ölkəmizdə milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilib. Bu işlər nəticəsində Azərbaycanda dövlətin vahid uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki və mənəvi inkişafı sahəsində milli konsepsiya inkişaf etdirilib.
Azərbaycanda Prezident İlham Əliyevin tapşırığı ilə məktəbəqədər dövrdən uşaqların inkişafı istiqamətində önəmli addımlar atılır. Ölkəmizdə dünya standartlarına uyğun uşaq bağçaları inşa olunub və bu sahədə peşəkarların yetişdirilməsi təmin olunur. Uşaqların fiziki inkişafı ilə yanaşı, onların mənəvi inkişafı üçün mütəxəssislər tərəfindən məktəbəqdər müəssisələr üçün proqramlar hazırlanıb. Orta təhsil müəssisələrində də uşaq və yeniyetmələrin vətənpərvər ruhda, dövlətimizə, xalqımıza məhəbbətlə böyümələri üçün önəmli işlər həyata keçirilir. Orta məktəb şagirdləri arasında keçirilən "Şahin" Hərbi Oyunları respublikamızda məşhurdur.
Uşaqların fiziki və mənəvi inkişafı istiqamətində Heydər Əliyev Fondu da çox önəmli tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə uşaqların inkişafı üçün çoxlu layihələr təşkil olunur. Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər tikilərək istifadəyə verilib. Fond tərəfindən bağçalar, körpələr və uşaq evləri yenidən təmir edilib. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə valideyn himayəsindən məhrum olan, talassemiya və hemofiliya, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı mühüm addımlar atılır. Həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib. Çoxlu sayda tibb ocaqları, uşaq müalicə-profilaktika müəssisələri yenidən qurulub, müasir avadanlıqlarla təchiz olunub.
Bir müddət öncə, Azərbaycanda "Təhsil haqqında" Qanuna edilən dəyişikliklər də uşaqların sağlam ruhda böyümələri və mənəvi cəhətdən daha düzgün inkişafına şərait yaradır. Dəyişikliklərlə bağlı açıqlama verən Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklamların qadağan olunmasının uşaqların həm düzgün formalaşması, həm də dərslərdən fikirlərinin yayınmasınının qarşısını almaq üçün önəmli olduğunu bildirib.
Ekspert qeyd edib ki, tədris vasitələrində reklamların əvəzinə müdrik insanların kəlamları yazıla bilər: "Dəftərlərin, rəsm albomlarının və çantaların üzərində şagirdlərimizin tərbiyəsinə və biliklərinin artmasına təsir göstərəcək zəngin kəlamlar yazıla bilər. Şagirdlərin gündəlik oxuduğu müdrik cümlələr onların mənəvi zənginliyinin yüksəlməsinə də təsir göstərir".
O, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamların məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərinə yaxın yerləşdirilməsinin qadağan edilməsinin də çox əhəmiyyətli olduğunu vurğulayıb: "Belə reklamlar təhsil müəssisəsinə daxil olan uşaqların diqqətini yayındırır. Dərsə gələrkən müzakirə edəcəkləri ilk mövzuları da məktəbin yanında gördükləri həmin reklamlar olur. Bu da şagirdlərin təhsildən uzaqlaşmasına gətirib çıxarır. O reklamların əvəzinə təhsil müəssisələrinin ətrafında ailəyə, böyüklərə təbiətə, ekoloji mühitimizə, daha duyarlı yanaşmaları əks etdirən görüntülər qoyula bilər".
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafını təmin edir. Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoyub. Ümummilli Lider 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürüb və bundan sonra 1996-cı ildən başlayaraq, forumlar təşkil edilib. 1997-ci ildə fevralın 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalanıb. Gənclərin inkişafı istiqamətində dövlət proqramları, eləcə də, "Gənclər siyasəti haqqında" qanun qəbul olunub.
Bu gün Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətini uğurla davam etdirir. Ölkəmizdə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb, 2013-cü ildə isə "Gənclər üçün Prezident Mükafatı" təsis edilib. Dövlət başçımız tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq olunub.Strategiyanın əsas vəzifələri gənclərin gündəlik qayğıları, ictimai-siyasi proseslərdə fəal iştirakı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, məşğulluğun artırılması, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırması və s.-dir.
Dövlət başçımızın uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində, Azərbaycan gəncləri yüksək intellekt və bacarıqları ilə ölkəmizi beynəlxalq səviyyədə uğurla təmsil edirlər.
Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Olimpiya Hərəkatının inkişafı istiqamətində əvəzolunmaz işlərə imza atılır. Gənclərimizin Olimpiya Hərəkatına qoşulması onların fiziki inkişafının təmin edilməsi yönündə atılan ən mühüm addımlardandır.
Ölkəmizin hər bir regionunda və paytaxtımızda Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Onlarla yanaşı, Azərbaycanda dünya standartlarına uyğun möhtəşəm idman qurğuları inşa olunub. Bütün idman obyektləri gənclərimizin ixtiyarına verilib.
Dövlətimiz tərəfindən gənclərimizin mənəvi inkişafının təmin edilməsi istiqamətində atılan növbəti addımlardan bir də Azərbaycanın bütün bölgələrində Gənclər Evlərinin inşasıdır. Burada gənclər üçün müxtəlif kurslar və ausdə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaradılıb.
Gənclər Evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, onların özlərini bir şəxs kimi müəyyən etməsi, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında Gənclər və İdman İdarəsinin fəaliyyətinə yardım göstərilməsidir.
Ölkəmizdə gənclərin inkişafına təkan verən könüllülük hərakatı da geniş inkişaf edib. Azərbaycan gənclərinin beynəlxalq təcrübə toplaması, dünyanın ən peşəkar mütəxəssisləri ilə birlikdə çalışması, bilik və savadlarını zənginləşdirməsi üçün könüllülük proqramalarının böyük önəmi var. Son bir neçə ildə Azərbaycanda 17 mindən çox könüllü gənc beynəlxalq tədbirlərin təşkilində iştirak edib.
Gənclərin inkişafında önəmli rol oynayan ali təhsil müəssisələrimiz dünyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq edir, mübadilə proqramları həyata keçirirlər. Universitetlərimizdə ən müasir və faydalı tədris sistemlərindən instifadə olunur. Ali təhsil müəssislərimizdə gənclərin bilik və bacarıqlarının inkişafı ilə yanaşı, onların sosial həyatda, cəmiyyətdə inkişafına da önəm verilir.
Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Dövlət Proqramına əsasən, bir çox Azərbaycan gəncləri xarici ölkələrdə dövlət hesabına təhsil alırlar. Bu isə, onların inkişafı üçün dövlət tərəfindən atılan çox mühüm addımdır.
Bu gün Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi həyatında iştirakı üçün hər cür şərait yaradılıb. Azərbaycanın bütün dövlət qurumlarında gənc kadrlara geniş yer verilir. Gənclər ölkəmizin ictimai-siyasi həyatında önəmli rol oynayırlar.
Azərbaycanda gender bərabərliyinə də xüsusi diqqət göstərilir. Gənc oğlanlarla yanaşı, gənc qızların da sosial həyatda fəal iştirakı təmin olunur, onların inkişafı üçün geniş şərait yaradılır.
Hazırda Azərbaycan gənclərinin, demək olar ki, mütləq əksəriyyəti internetdən rahat şəkildə istifadə edirlər. Bu isə, onların bilik və bacarıqlarının inkişafı üçün önəmli vasitədir. Onlar internet vasitəsilə istənilən kitabı, müxtəlif informasiyaları əldə edir, dünya təcrübəsindən xəbərdar olurlar.
Gənclərimiz bu gün dünyanın ən qabaqcıl ölkələrində təhsil alır, beynəlxalq tədbirlərdə uğurla iştirak edir, ən mötəbər yarışlarda birincilik əldə edirlər.
Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində görülən işlər haqqında açıqlama verən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, rayon gənclər və idman idarələri, federasiyalar, klublar, cəmiyyətlər və digər qurumlar bu istiqamətdə əhəmiyyətli addımlar atırlar. O, vurğulayıb ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafına xüsusi diqqət göstərir: "Cənab Prezidentin göstərişi ilə Azərbaycanda həm uşaqların, həm də gənclərin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövlət proqramları qəbul olunub. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti dövlət başçımız tərəfindən uğurla davam etdirilir".
Baş idarə rəisi, qeyd edib ki, təsdiqlənmiş tədbirlər planının mütləq əksəriyyətində uşaq və gənclərin inkişafı nəzərdə tutulur: "Gənclərin fiziki inkişafı üçün müxtəlif çempionat, birincilik, açıq kubok yarışları, spartakiadalar keçirilir, beynəlxalq yarışlara hazırlıq, təlim-məşq toplanışları təşkil olunur. Onların mənəvi inkişafı üçün də bir çox tədbirlər və layihələr həyata keçirilir. Həm ali təhsil ocaqları, həm də klub və cəmiyyətlərlə işimiz də bu istiqamətdə qurulub. Fiziki qüsurlu idmançıların, Paralimpiya Hərəkatının inkişafı ilə bağlı da addımlar atılır. Gənclərimiz üçün böyük idman infrastrukturu yaradılıb. Bütün idman qurğularından gənclərin istifadə etməsi təmin olunub. Bir çox idmançıların zədə aldıqdan sonra idmana qayıdışları istiqamətində də işlər aparılır. Bu işlər aşağı yaş qruplarında daha vacibdir".
O, vurğulayıb ki, bu sahədə beynəlxalq təcrübə də öyrənilir və tətbiq edilir.
Bu gün qürurla deyə bilərik ki, Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində aparılan işlər sağlam və intellektual nəslin formalaşmasına səbəb olub.
Elgün Aslanov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür