Dünən AMEA-nın əsas binasında "Sabahın alimləri" VI Respublika Müsabiqəsinin yekununa həsr olunan tədbir keçirilib.
Müsabiqə Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və "İntel" Şirkəti tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov cəmiyyətin tərəqqisində elmin və təhsilin mühüm rolunu vurğulayaraq, ölkəmizdə bu sahələrin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Nazir müavini "Sabahın alimləri" Müsabiqəsində ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin 125 elmi layihə ilə iştirak etdiyini diqqətə çatdırıb. Şagirdlərinin qatıldıqları müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik və kompüter elmləri üzrə keçirilir. Elmi layihələrdən 77-si kollektiv, 48-i isə fərdi layihədir. Səkkiz kateqoriya üzrə keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Çıxış edənlər qalibləri təbrik edib və onlara uğurlar arzulayıblar.
Sonda qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.
NƏZAKƏT