ABŞ və Rusiya generallarının Azərbaycanın paytaxtında qlobal siyasi problemləri həll etmək təşəbbüsləri məhz bu cür qiymətləndirilir
Fevralın 16-da Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirilib. Belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu təqdirdə, nəyə görə, məhz Azərbaycan seçilib? Birmənalı şəkildə demək olar ki, Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurmuş, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir.
Azərbaycan Prezidenti İlham Əliyevin həm ABŞ prezidenti Donald Trampla, həm də Rusiya prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək əlaqələri vardır. Hər iki lider Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbkl edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm D.Tramp, həm də V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirmiş və onun fəaliyyətini təqdir etmişlər. Bu görüş Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, onun böyük hörmətlə yanaşıldığını, etimad göstərildiyinin təzahürüdür.
Azərbaycanın dünyada və regionda tutduğu mövqeyi supergüclər tərəfindən yönəldilən siyasətə təkanverici güc olmasını kifayət qədər təsdiq edir
Bakının sözügedən istiqamətdə mərkəz kimi seçilməsi həm də, bütövlükdə, Azərbaycanın beynəlxalq aləmdə oynadığı mühüm və müsbət mənadakı siyasi platsdarm rolunu isbatlayır. Hər halda, ABŞ və Rusiyanın ali hərbi kontingent rəhbərləri görüş məkanı kimi Bakını deyil, başqa bir ölkənin paytaxtını seçə bilərdilər. Lakin seçim dayanacağının, məhz Bakı olması Azərbaycanın regionda tutduğu mövqeyinin dünyada supergüclər tərəfindən yönəldilən siyasətə təkanverici güc olmasını kifayət qədər təsdiq edir.
Halbuki ABŞ-la Rusiya arasında hərbi əlaqələrə Amerikanın sabiq prezidenti Barak Obamanın adminitrasiyası dövründə, demək olar ki, son qoyulmuşdu. Xüsusilə, Suriyada davam edən müharibə kontekstində ölkələr arasında ciddi siyasi intriqalar, anlaşılmazlıqlar hökm sürürdü. Hətta belə davam edəcəyi halda, bir çox nüfuzlu politoloqlar soyuq müharibənin aşkar savaşa transfer olunacağı siqnallarını verirdilər. ABŞ-da keçirilən növbəti prezident seçkisi və bu seçkilərdə Trampın Barak Obamanın da dəstəklədiyi xanım namizəd Hillari Klinton üzərində qələbə qazanması savaş təhlükəsini sovuşdurdu.
Ona görə də, Bakı görüşü Donald Tramp administrasiyasının Putin administrasiyası ilə ilk yüksək səviyyəli təması da hesab oluna bilər. Xatırlatmaq yerinə düşərdi ki, seçki kampaniyası dövründə və seçkilərdən sonra Tramp dəfələrlə deyib ki, İŞİD-in və s. radikal islamçı terror şəbəkələrinin darmadağın edilməsi üçün Rusiya ilə tərəfdaşlığa hazırdır. O cümlədən, əgər nəzərə alsaq ki, ABŞ-da keçirilmiş president seçkiləri zamanı və sonra prezident Donald Tramp bu ölkə ilə Rusiya arasındakı diplomatik və hərbi münasibətlərdə yeniliklər edəcəyini, köhnə stereotipləri aradan qaldıracağını vəd edirdisə, artıq onun həmin vədi reallaşdırmağa başladığnı düşünmək olar.
Eləcə də, Rusiya prezidenti Vladimir Putin də Trampın həmin qərarına müsbət reaksiya verərək, ABŞ-Rusiya münasibətlərinə yenidən baxılacağının mümkünlüyünü bəyan etmişdi. Əbəs yerə deyil ki, artıq Rusiyanın Müdafiə Nazirliyi Bakı görüşü barədə bəyan edib ki, razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də, tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir: "Bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsi aparılacaq".
Göründüyü kimi, burada xüsusilə qeyd edilib ki, dünyda cərəyan edən siyasi böhranlı vəziyyətin həlli istiqamətində fakir mübadilələri aparılacaq, mühüm qərarlar veriləcək.
Məhz Pentaqonun da bu istiqamətdə mövqe bildirməsi həmin fikirləri isbat edir: "Generallar Danford və Gerasimov "potensial böhranların və yanlışlıqların aradan qaldırılması məqsədilə hərbçilər arasında aydın və ardıcıl əlaqələrin mühümlüyünü" müzakirə edəcəklər".
Beləliklə, Bakı görüşü ABŞ və Rusiya hərbi komandanlıqları arasında son illərdə baş tutan ən yüksək səviyyəli görüş kimi tarixə düşmək ərəfəsindədir.
Bakı görüşü ilə eyni zamanda Bonnda...
Daha bir əhəmiyyətli nüansa diqqət yetirək. Belə ki, Bakı görüşü zamanı ABŞ-ın dövlət katibi Reks Tillerson Almaniyanın Bonn şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Bununla bağlı siyasi çevrələrdə təmsil olunan mənbələr də bildirirlər ki, bu görüşdə məqsəd Tramp administrasiyasının Rusiya ilə münasibətlərin gələcəyini müəyyənləşdirmək istəyidir. "Tillerson G-20 Ölkələrinin Xarici İşlər nazirlərinin Bonnda keçiriləcək toplantısına qatılmaq üçün Vaşinqtondan yola düşüb. Dövlət katibinin təyyarəsi Vaşinqtondan yola düşməyə hazırlaşarkən, Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsi generallar Danford və Gerasimovun Bakıda görüşəcəyinə dair sensasion məlumatı yayıb"-deyə mənbələr qeyd edirlər. Rusiya XİN də təsdiq edir ki, Sergey Lavrov Bonn toplantısının kuluarlarında Reks Tillersonla görüşəcəyi artıq qərarlaşdırılıb və bu, Tillersonun dövlət katibi təyin edilməsindən sonra Rusiya xarici işlər naziri ilə ilk görüşüdür. Nəticə etibarilə, fakt budur ki, dünyada cərəyan edən və qlobal siyasi proseslərə təsir imkanları olan ABŞ və Rusiyanın siyasi elitalarının Bakı-Bonn yaxınlaşmaları, xüsusilə, hərbi komandanlıqlarının Azərbaycan paytaxtında müzakirələrə qatılmaq qərarı Bakının dünya siyasi fonundakı yerini və rolunu ən yüksək səviyyəyə qaldırır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş və bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirmişdir. Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurmuş və onların böyük hörmənini qazanmışdır. Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Zəngin təbii resurslara malik olan Azərbaycanın enerji siyasəti həm də bütün bölgənin inkişafına və rifahına xidmət edir. Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas dövlətlərdən biridir. Azərbaycan mühüm nəqliyyat kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılardan biridir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda və daha böyük coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəlib. Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Azərbaycan Rusiya ilə Türkiyə ara sında gərginliyin aradan qaldırılmasında fəal rol oynayıb. Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir, həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir. Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Azərbaycan-Rusiya İran, Azərbaycan-Türkiyə Gürcüstan və digər əməkdaşlıq formatları buna əyani sübutdur. Azərbaycanın balansı xarici siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik onu belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib. Hər halda, baş verənlər də, məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.
Rövşən NURƏDDİNOĞLU