Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktorları Könül Nurullayeva və Elçin Səfərovun gənclərlə görüşü keçirilib.
Görüşdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev İslam Həmrəyliyi Oyunlarının yalnız idman bayramı deyil, həm də siyasi hadisə olduğunu diqqətə çatdırıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov İslam Həmrəyliyi Oyunlarının mahiyyətinin ölkə ictimaiyyətinə daha ətraflı çatdırılması məqsədilə fondun hazırlayacağı ilkin fəaliyyət planını birgə müzakirəyə çıxarmağın məqsədəuyğun olduğunu söyləyib.
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Könül Nurullayeva İslam Oyunlarının tarixindən söz açıb. İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov oyunların maliyyə məsələləri ilə bağlı məlumat verərək, əsas işlərin Avropa Oyunları Əməliyyat Komitəsinin maddi texniki bazası üzərində qurulacağını diqqətə çatdırıb. Komitə rəsmisi aprelin 2-dən 21-dək bölgələrdə əhali ilə görüşlər təşkil olunacağını söyləyib.
Görüşdə fondda təşkil olunan "Ərəb dili" kursu iştirakçıları arasından dili yaxşı mənimsəyənlərin İslam Həmrəyliyi Oyunlarına könüllü kimi cəlb olunmaları barədə razılğa gəlinib.
R.HÜSEYNOVA