Millət vəkili: "Azərbaycan Prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır"
Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi günbəgün güclənir. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində, bütün sahələr üzrə əldə olunan nailiyyətlər, həyata keçirilən iqtisadi-sosial proqramlar bütün dünya tərəfindən təqdir olunur. Dünyanın ən mühüm tədbirlərinə ev sahibliyi edən Bakı təkcə region üçün deyil, bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən ölkədir. Biz bir neçə gün bundan öncə dünyanın iki fövqəldövlətinin-Rusiya və ABŞ silahlı qüvvələrinin qərargah rəislərinin görüşünün Bakıda keçirilməsinin ölkəmizə nə qədər böyük iyasi dividend gətirdiyinin şahidi olduq. Bu görüş, bir daha sübut etdi ki, Bakı dünyanın digər yerləri ilə müqayisədə daha təhlükəsiz və etibarlıdır. Bu, həm də Azərbaycanın yürütdüyü müstəqil, beynəlxalq hüququn prinsiplərinə söykənən, qətiyyətli siyasətlə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-19 aralığında keçirilən Münxen keçirilən 53-cü Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra rəsmi görüşlər keçirdi. Prezident İlham Əliyev İsrailin müdafiə naziri Aviqdor Liberman, Türkiyə baş naziri Binəli Yıldırım, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç, həmçinin, Kiyev şəhərinin meri Vitali Kliçko, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb. Dövlət başçısı habelə, "Kaspersky Lab" şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə bir araya gəlib, enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masaya, digər toplantılara qatıldı. Tədbir çərçivəsində Azərbaycan Prezidenti "Əl-Cəzirə" televiziyasına geniş müsahibə də verdi. Əsasən, Dağlıq Qarabağ problemindən danışan dövlət başçısı Azərbaycanın xarici dövlətlərlə əlaqələri, eləcə də, bir sıra önəmli məsələlərlə bağlı açıqlamalar verdi. Bəs Prezident İlham Əliyevin Münxen səfərinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?
Millət vəkili Tahir Mirkişili "SƏS" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır: "Münxendə keçirilən 53-cü təhlükəsizlik konfransı, ənənəvi olaraq dünyanı narahat edən məsələlərin müzakirəsinə həsr olundu. Əsas müzakirə edilən məsələlər NATO və Avropa İttifaqının gələcəyi, Qərb və Rusiya arasında olan münasibətlər, Suriyada müharibə, terrorçuluqla mübarizə, Ukraynada böhran, Asiya-Sakit Okean regionunun problemləri və s. olmuşdur. Konfransda dünyanın aparıcı siyasi xadimləri və biznes elitası nümayəndələri iştirak etdilər. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ölkəmizin dünya təhlükəsizlik sisteminin qurulmasında yaxından iştirak etmək istəyini hər kəsə nümayiş etdirdi. Prezident İlham Əliyevin həm müxtəlif ölkə rəhbərləri ilə görüşlərində, həm də aparıcı biznes qurumlarının rəhbərləri ilə görüşlərində əsas müzakirə olunan məsələlər Azərbaycan qarşısında olan çağırışlar ilə bağlı idi. Dünyanı və Azərbaycanı da əsas narahat edən məsələlərdən ən önəmlisi təhlükəsizlik məsələləridir. Azərbaycan uzun illərdir ki, Ermənistan işğalından əziyyət çəkir, ölkəmizə qarşı hazırkı dövrdə də erməni diversiyaları törədilir. Eyni zamanda, regionda baş verən hərbi hadisələr, aparıcı dövlətlər arasında ziddiyyətlərin yaranması dünya təhlükəsizlik sisteminin əsasını zəiflətməkdədir. Digər tərəfdən, beynəlxalq hüquq normalarına hörmət edilməməsi və ikili standartlar bu ziddiyyətlərin daha da dərinləşməsini təmin edir. Azərbaycan Prezidenti bütün çıxışlarında dünyada təhlükəsizlik sisteminin yenidən qurulmasına ehtiyacın olduğunu qabartmaqla, ərazi bütövlüyünə bütün ölkələrdə hörmət edilməsinin, bir standartın tətbiq olunmasının vacib olduğunu iştirakçıların diqqətinə çatdırmışdır. Eyni zamanda, regionda təhlükəsizliyin təmin olunmasında, aparıcı dövlətlər arasında olan ziddiyyətlərin aradan qaldırılmasında Azərbaycanın rolunu bir daha izah edərək bu səylərin bütün dünyanın təhlükəsizliyinə xidmət etdiyini izah etmişdir. Münxen təhlükəsizlik konfransı bir çox sarıdan Azərbaycan üçün əlamətdar oldu. İlk növbədə, beynəlxalq platformadan istifadə edilərək, Azərbaycan həqiqətləri, Ermənistanın işğalçı siyasətinin hələ də davam eməsi və bunu bütün dünya üçün nə dərəcədə təhlükəli olduğu bir daha iştirakçıların diqqətinə çatdırıldı. Digər tərəfdən görüşlər də Azərbaycan Prezidenti ölkəmizin iqtisadi inkişafını dünya aparıcı biznes strukturları ilə inteqrasiya formasında gördüyünü nümayiş etdirdi".
Samir