Naqif Həmzəyev: "Xocalı soyqırımının, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımını törədənlərin layiqli cəzasını alması üçün gənclər xüsusi fəallıq nümayiş etdirməlidirlər"
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında gənclərlə görüş keçirilib. YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev sözügedən tədbirdə çıxış edərək bildirib ki, sürətlə inkişaf edən, güclənən, beynəlxalq miqyasda nüfuzu getdikcə artan ölkəmızdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər.
Millət vəkili gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, ümumiyyətlə, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olduğunu bildirərək, ötən ildə 4 min yaşlı Nizami yurdunun Avropanın Gənclər Paytaxtı kimi fəaliyyətində gənclərin xidmətlərindən danışıb: "Hər gün dəyişən, gözəlləşən və dünyanın ən müasir şəhərlərindən birinə çevrilən şəhərdə gənclərlə ilboyu keçirilən unudulmaz görüşlər, gənclər forumları, festivallar, konfranslar, rəsm və foto-sərgiləri, fləşmoblar, diskussiyalar, çoxsaylı layihələr, sosial şəbəkələrdə gənclərin fəallığı, dünya gəncləri ilə həmrəyliyin, əməkdaşlığın, dostluq münasibətlərinin genişlənməsinə və möhkəmlənməsinə şərait yaradıb".
Çıxışında Naqif Həmzəyev gənclərə onlara yaradılan şəraitdən bəhrələnərək, dövlətimizə və dövlətçiliyimizə sadiqliklərini nümayiş etdirməyi, hər sahədə olduğu kimi, sosial şəbəkələrdə, informasiya sahəsində də fəallıq göstərməyi, dövlətin həyata keçirdiyi tədbirlər, eləcə də, Azərbaycanın üzləşdiyi problemlər haqqında məlumatların, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etməyi tövsiyə edib.
YAP Gəncə şəhər təşkilatının sədri, həmçinin, biirib ki, Gəncədə təşəbbüskar, bacarıqlı, çox işgüzar, yüksək təşkilatçılıq və idarəetmə qabiliyyətinə malik olan istedadlı gənclik yetişir. Bu gün rəhbər və məsul vəzifələrdə işləyənlərin 50-60 faizinin gənclər olması qürur doğurur.
Rövşən RƏSULOV