İlham Əliyev: "Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır"
Məlum olduğu kimi, fevralın 17-də keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti" mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, bu gün çoxsaylı digər ölkələr, şirkətlərlə birlikdə və Avropa Komissiyasının dəstəyi ilə "Cənub Qaz Dəhlizi" layihəsini icra edirik və bu layihə 1990-cı illərdə icrasına başladığımız layihələrin davamıdır: "İndi Cənub Qaz Dəhlizi Avropada ən böyük infrastruktur layihəsidir. Onun ümumi dəyəri 40 milyard dollardan çoxdur. Hazırkı mərhələdə bu layihədə 7 ölkə iştirak edir".
"Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır"
Dövlət başçısı sözügedən konfransda çıxışı zamanı bildirib ki, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz: "Əlbəttə, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu baxımdan, Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə, öz vacib rolunu oynayır. İndi isə irimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da öz vacib rolunu oynayacaq".
Dövlət başçısı onu da bildirib ki, bu, Azərbaycanı Avropa bazarları və Avropa bazarlarına aparan marşrut boyunca yerləşən ölkələrlə birləşdirən üç fərqli boru kəmərindən ibarət inteqrasiya olunmuş boru kəməri sistemidir: "Bu layihə tamamilə yeni bir regional əməkdaşlıq formatını yaratdı. Söhbət Cənubi Qafqaz ölkələri olan Gürcüstan, Azərbaycan və Türkiyədən, sonra da Yunanıstan, Bolqarıstan və İtaliya kimi Avropa İttifaqı ölkələrindən, həmçinin, namizəd ölkə kimi Albaniyadan gedir. Beləliklə, bütün bu tərəflərin maraqlarını təmin etmək asan iş deyil. Bu səbəbdən, Avropa Komissiyası ilə birlikdə biz "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurası adlanan formatı işə saldıq. Artıq Məşvərət Şurasının iki iclası Bakıda keçirilib və üçüncü iclas Şefçoviçin iştirakı ilə fevral ayının 23-də baş tutacaq".
"Hədəfimiz Azərbaycanın ilk təbii qazını gələn il bazarlara çatdırmaqdır"
Dövlət başçısı dünyada ən böyük qaz yatağı olan "Şahdəniz" yatağının işlənməsi ilə bağlı bildirib ki, artıq 90 faiz tamamlanıb: "Hədəfimiz Azərbaycanın ilk təbii qazını gələn il bazarlara çatdırmaqdır və bəzi tərəfdaş ölkələrdə süni gecikmələr olmadığı təqdirdə, bu layihəni 2020-ci ilə qədər tamamlamaqdır".
Dövlət başçısı nəzərə çatdırıb ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin bütün dörd seqmentinin səhmdarıdır və Azərbaycan investor qismində də çıxış edir: "Biz Dünya Bankından, beynəlxalq maliyyə təşkilatlarından, Asiya İnkişaf Bankından, Asiya İnfrastruktur Bankından vəsaitləri cəlb etdik. Biz Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından maliyyə vəsaitinin ayrılmasını gözləyirik. Beləliklə, bu, ölkəmizin təşəbbüskarı olduğu, həqiqətən də geniş maliyyə, infrastruktur, texniki, enerji layihəsidir və biz bununla qürur duyuruq. Əlbəttə, bu ölkələr arasında yeni əməkdaşlıq formatı regionda tamamilə yeni bir əməkdaşlıq ruhunu yaradır. Bu, birgə bağlılıq, yəqinlik, etibarlılıq və tərəfdaşlıq yaradır. Beləliklə, layihə tamamlandıqdan sonra Avropa üçün təbii qaz təchiz edən etibarlı və yeganə yeni qaz mənbəyi qismində Azərbaycanın rolu, əlbəttə ki, artacaq və Avropa təşkilatları ilə əlaqələrimiz güclənəcək".
Azərbaycanın enerji təhlükəsizliyi sistemi möhkəm bünövrə üzərində
Dövlətlərin inkişaf səviyyəsini, nüfuzunu, beynəlxalq etimadını və bu kimi digər xüsusiyyətlərini xarakterizə edən əsas cəhətlərdən biri onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir. Sözsüz ki, hər bir ölkə dünya birliyinin subyekti olaraq, özünün milli maraqlarına cavab verən müstəqil siyasət həyata keçirmək istəyir. Məhz bu kontekstdən məsələyə yanaşaraq, qeyd etməliyik ki, yerləşdiyi regionun lider dövləti olan Azərbaycanın həm də beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır. Bunu təsdiq edən ən başlıca amil Azərbaycanın yeritdiyi müstəqil siyasətdir. Müstəqil siyasət yeridən Prezident İlham Əliyev üçün Azərbaycanın dövləti maraqları hər şeydən üstündür. Ulu Öndər Heydər Əliyevdən başlanan bu siyasət bu gün çox uğurla və yeni formada davam etdirilməkdədir. Bütün bunların nəticəsidir ki, həyata keçirilən uğurlu islahatlar ölkəmizin daha da qüdrətlənməsinə, regionların sürətli inkişafına, yaşayış məskənlərinin abadlaşmasına, insanların həyat şəraitinin gündən-günə yaxşılaşmasına səbəb olur. Genişmiqyaslı enerji layihələrinin nəticəsi olaraq, respublikamızın, demək olar ki, bütün şəhər və kəndləri, qəsəbələri elektrik enerjisi ilə təchizatda əsaslı yeniləşmə mərhələsinə qədəm qoyub. Bütün bu işlər ölkə başçısının nəzarəti altındadır. İndi Azərbaycan dünyada təkcə neft deyil, həm də qaz ixracatçısı kimi şöhrətini artırmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Bu gün Azərbaycan dünyada və Avropada daha çox qaz ölkəsi kimi tanınır. Bu da müasir reallıqdır. Qaz sahəsi heç vaxt Azərbaycanda ön planda deyildi. Amma bu gün qaza daha çox böyük tələbat vardır... Azərbaycanın, qaz imkanları çox böyük səmərə ilə işə salınır".
Göründüyü kimi, sözügedən görüşlərdə Azərbaycanın bütün sahələrdə olduğu kimi, enerji sahəsində lider ölkə olduğu bir daha öz təsdiqini tapdı.
RƏFİQƏ KAMALQIZI