Yana Yeqoryan: "Ermənistanın problemi varsa, bu, mənim vecimə deyil"
İki dəfə Olimpiya çempionu olmuş, "2016-cı ilin idmançısı" kateqoriyası üzrə "Rusiyanın fəxri" milli nominasiyasının laureatı, erməni mənşəli rus idmançı, sablyaçı Yana Yeqoryanın Rusiyanın "Espress-Qazeta" qəzetinə verdiyi müsahibəsi Ermənistan hakimiyyətinin yuxarı eşalonunda və siyasi dairələrində narahatlıq doğurub.
SİA-nın 1.in.am saytına istinadən verdiyi məlumatına görə, müxbirin son zamanlar dünyadakı vəziyyətin dəyişməsi və vaxtilə yaxşı münasibətləri olmuş, hazırda isə əks-tərəflərə çevrilmiş ölkələrin idmançıları arasında yaranmış soyuq münasibətləri öz üzərində hiss etməsi ilə bağlı sualını cavablandıran Yeqoryan bildirib ki, xarici ölkələrin idmançıları tərəfindən bu cür neqativlərlə qarşılaşıb.
"Azərbaycandan olan kifayət qədər dostlarım var...Kiminlə istəyirəm, onunla da dostluq edirəm!"
"Hə, belə bir mühit mövcuddur. Biz hazırda elə bir sosiumda yaşayırıq ki, artıq insanlar kütləvi hisslərə öyrəniblər. Mən vaxtilə iki qonşu və dost olan ölkələrin qılıncoynadanlarını tanıyıram ki, onlar uzun illər yaxın olublar, indi isə bir-birlərinə nifrət edirlər. Bu, ağılsızlıqdır. Hər şeyi siyasətçilər həll edir..."-deyə qeyd edən erməni əsilli Rusiya idmançısı bildirib ki, o, milliyyətcə ermənidir və elə alınıb ki, onun Azərbaycandan olan kifayət qədər dostları var: "Əgər Ermənistanın Azərbaycanla hər hansı bir problemi varsa, bu, mənim vecimə deyil. Kiminlə istəyirəm, onunla da dostluq edirəm!"
Ermənilər narahat olub
Erməni saytı idmançının bu kimi fikirlərindən hiddətlənərək yazır ki, Qarabağ cəbhəsindəki cəbhə xəttində hər gün erməni əsgərləri həlak olur və yenidən müharibənin başlanması təhlükəsi yaşandığı halda, Yana Yeqoryanın Ermənistan haqqında belə düşünməsi ağla sığmır.
Qeyd edək ki, Yana Yeqoryan 1993-cü ildə Tbilisidə anadan olub. Altı yaşına qədər isə İrəvanda yaşayıb. Sonra anası Marina Yeqoryanla Rusiyanın Ximki şəhərinə köçüb və böyüyəndə, məşqçi Sergey Syominin rəhbərliyi ilə qılınoynatma idmanı ilə məşğul olmağa başlayıb.
Atası Karapet Alaverdyan isə hazırda İrəvanda yaşayır və o, ermənilərin məşhur opera müğənnisi Genrix Alaverdyanın oğludur.
"Çempion olmağıma qədər Ermənistanda mənimlə kimsə maraqlanmırdı, necə məşq etməyim, müxtəlif yarışlardakı çıxışlarım kimsənin marağında deyildi"
Yeqoryanın Olimpiya Oyunlarında uğurlu çıxışının ardınca, Ermənistan mətbuatı onun haqqında fəxrlə yazırdı, lakin idmançının həmin ərəfədə verdiyi müsahibəsinin ardınca, ona qarşı baxışlar dəyişməyə başladı. Həmin vaxt isə Yana Yeqoryan demişdi ki, məhz qələbələr qazandıqdan və Olimpiya çempionu olduqdan sonra Ermənistanda onunla maraqlanmağa başladılar. "Buna qədər Ermənistanda mənimlə kimsə maraqlanmırdı, necə məşq etməyim, müxtəlif yarışlardakı çıxışlarım kimsənin marağında deyildi"-deyə erməni idmançı bildirib.
"Yeqoryan qisas alıb"
Erməni saytı yazır ki, Yeqoryanın sözlərindən sonra, belə qənaətə gəlmək olar ki, o Ermənistandan razı deyil və inciyib. Xüsusilə, onu uzun illər qəbul etməyən ölkə məmurları Yeqoryanı hiddətləndirib. "Bu baxımdan, o sözügedən müsahibəsi ilə bir növ qisas alıb"-deyə sayt qeyd edir.
Sonda bildirilir ki, Yeqoryan Ermənistandan diqqət ayrılacağını düşünürdü, ancaq bu diqqəti ala bilməyib: "Mümümkündür ki, Yeqoryan Olimpiya çempionu olduqdan sonra rəsmi şəkildə Ermənistana dəvət alacağını gözləyirdi və düşünürdü ki, ona mükafatlar təqdim edəcəklər...Onun gözlədiyi baş tutmadıqdan sonra, öz hiddət və nifrətini həmin müsahibəsi vasitəsilə səsləndirib".
Sonda isə, daha bir faktı da qeyd edək ki, Yana Yeqoryanın məşqçisi müstəqil Azərbaycanın qılınoynatma tarixinin ən titullu üzvü olan Yelena Jemayevadır. Jemayeva Azərbaycan yığmasının tərkibində Dünya və Avropa çempionu olub.
Onun həyat yoldaşı İlqar Məmmədov isə 1988-ci il Seul Olimpiya Oyunlarının qalibi olub. Məmmədov hazırda Rusiya qılıncoynatma yığmasının baş məşqçisidir.
Rövşən NURƏDDİNOĞLU