YAP Zərdab rayon təşkilatında hesabat-seçki yığıncaqları uğurla davam etdirilir
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının növbəti konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Növbəti belə tədbirlərdən biri də YAP Zərdab rayon təşkilatı mərkəzi ərazi ilk partiya təşkilatında keçirilib.
İlk partiya təşkilatının sədri Xasay Əhmədov gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra, hesabat məruzəsi dinlənilib.
Yığıncaqda çıxış edən şura üzvü Hafis Kərimov və partiya fəalları ilk partiya təşkilatının qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildiriblər.
Partiya üzvlərinin açıq səsverməsi ilə Xasay Əhmədov yenidən ərazi ilk partiya təşkilatının sədri seçilib. Həmçinin, ərazi ilk partiya təşkilatının sədr müavini, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransında iştirak etmək üçün 9 nəfərdən ibarət nümayəndə seçilib.
Yığıncağın sonunda çıxış edən Zərdab rayon icra hakimiyyəti başçısının müavini, YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yarandığını bildirib.
Rövşən RƏSULOV