PDF Oxu

Sosial

  • 1 238

ƏN BÖYÜK UCALIQLARA LAYİQ OLAN LİDER XANIM

ƏN BÖYÜK UCALIQLARA LAYİQ OLAN LİDER XANIM

Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edildi

2017-si il fevral ayının 21-də Prezident İlham Əliyev Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı Səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilsin.

Səmərəli fəaliyyət, yorulmaz missiya

Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə diqqət yetirsək, bu kimi əhəmiyyətli məqama layiq olan şəxs, məhz Mehriban xanım Əliyevadır. Çünki O, fəaliyyəti müddətində gördüyü bütün işləri ilə, reallaşdırdığı nəhəng layihələri ilə həmin məqamı kifayət qədər təsdiqləmiş olur. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz və müstəsna rola malikdir.

Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən, Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş miqyasda tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Xüsusi olaraq, fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq, hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, "Qarabağ həqiqətləri" adlı bukletlər və "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı təqdim olunur.

Xüsusilə, fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra, bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən, Onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri, xüsusi olaraq, vurğulamaq lazımdır. Çünki Azərbaycanın Birinci Xanımı ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Bundan başqa, xüsusi olaraq, vurğulamaq lazımdır ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Bu məqamda, qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq, muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Böyük zəhmətlərə söykənənən önəmli təltiflər

Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsində sanballı töhfələrinə görə, Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə, "Qızıl ürək" beynəlxalq mükafatı, mərhum Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Fransanın eks-prezidenti Nikolya Sarkozinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi və digər belə mükafatlar Onun fəaliyyətinin real qiymətidir.

Fəaliyyətinə görə, təqdim olunan mükafatların davamı olaraq, Onun Pakistanın nüfuzlu "Daily times" qəzeti və Qadın Könüllülər Təşkilatının "Humanizm simvolu-2012-ci ilin adamı" elan edilməsi də bəşəri, humanizm prinsiplərini yüksək tutmasına söykənir. Mehriban xanım bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən, təhsil və səhiyyə sahəsində işlərə görə layiq görülüb. Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda bir sıra layihələr gerçəkləşib. Belə ki, 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkən Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilib, orada yenidənqurma işləri aparılıb. Həmin işlər bu gün də uğurla davam etdirilməkdədir. Bu və ya digər gördüyü işlər Onu "Humanizm simvolu-2012-ci ilin adamı" elan edib. Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, Özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və fərdi dəyərlərini ortaya qoyaraq, həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz izləri, əməlləri ilə həkk olunur.

İctimi xadim və örnək ana

Çoxşaxəli fəaliyyətində yorulmaq bilmir Mehriban xanım Əliyeva və hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrası qarşıya qoyulur: "İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir".

Mehriban xanım Əliyeva Milli Məclisin deputatıdır. Onun aministiya ilə bağlı müraciəti və azadlıqdan məhrum olunmuş çoxlu sayda insanların, humanizm prinsiplərinə əsaslanaraq, azadlığa buraxılmalarına nail olub. Bu reallıq Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətini göz önündə canlandırır. Onun fəaliyyəti hər zaman diqqətdədir və Mehriban xanım Əliyevaya böyük etimad göstərilir. Yeni Azərbaycan Partiyasının V Qurultayında Mehriban Əliyevanın YAP-ın Sədr müavini vəzifəsinə irəli sürülməsi Mehriban Əliyevaya göstərilən daha bir etimad idi. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə daha bir məsuliyyətli vəzifəni icra etmək də əlavə olundu. Hər bir Azərbaycan vətəndaşı Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin olunmasından sonra da Onun bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanır və dəstəkləyir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər