PDF Oxu

Sosial

  • 7 784

Azərbaycanda aparılan gender siyasətinin uğurları

Azərbaycanda aparılan gender siyasətinin uğurları

Ailə, qadın cəmiyyətin güzgüsüdür və onun inkişafında böyük əhəmiyyətə malikdir. Dünyada 1,3 milyard yoxsul əhalinin 70 faizini qadınlar təşkil edir. BMT-nin hesablamalarına görə, dünyada qidanın 50 faizini qadınlar istehsal edir, lakin onlar ümumi gəlirin yalnız 10 faizini alır. Dünya parlamentlərində qadın millət vəkilləri yalnız 19,1 faiz təşkil edir. Dünyada həddi-büluğa çatmış əhalinin 774 milyonu savadsızdır ki, onların 2/3-ni qadınlar təşkil edir (bu rəqəm son 20 il ərzində dəyişməz qalır). Hər il dünyada 18 yaşına çatmamış 60 milyon qız erkən nikaha məcbur edilir. 15-44 yaşlı qadınlar arasında zorakılıq nəticəsində ölən və zərər çəkənlərin sayı xərçəng xəstəliyi, malyariya, avtomobil qəzaları və müharibə qurbanlarının sayından artıqdır. Qadınlara qarşı zorakılıq aktlarının əksəriyyəti həyat yoldaşı (və ya intim partnyor) tərəfindən törədilir.

Bütün bunlara diqqət etdikdə, Azərbaycanda bu sahədə fərqli mənzərənin olduğunu əminliklə demək mümkündür. Ümumiyyətlə, ailə, qadın məsələləri hər zaman dövlətimizin diqqətində olub və bu diqqət bu gün də davam etməkdədir. Lakin Azərbaycanda gender tendensiyasının başlaması tarixi əvvələ söykənir. Belə ki, 1918-ci ildə Şərqdə yaradılan ilk respublika olan Azərbaycan Xalq Cumhuriyyəti islam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika olub. Lakin daha əvvələ getsək, görərik ki, bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 1901-ci ildə Bakıda yaradılıb. Daha sonra 1911-ci ildə Xədicə Əlibəyovanın redaktorluğu ilə ilk dəfə qadın mətbuatı olan "İşıq" qəzeti yaranıb ki, burada qadınların hüquqlarının qorunması, onların maariflənməsinə böyük önəm verilib. Tarixə nəzərə salsaq, örnək kimi qəbul etdiyimiz qadınlar olub. Buna missal olaraq, ilk qadın pedaqoq- Mədinə Qiyasbəyli, ilk azərbaycanlı qadın dramaturq- Səkinə Axundzadə, Şərqdə ilk opera yazan bəstəkar qadın-Şəfiqə Axundova, ilk qadın balet ustası-Qəmər Almaszadə, ilk peşəkar azərbaycanlı qadın rəssam-Maral Rəhmanzadə, ilk qadın kino aktrisası - İzzət xanım Orucova, ilk qadın heykəltəraşı- Zivər Məmmədova, ilk həkim-ginekoloq - Ədilə Şaxtaxtinskaya, ilk məşhur Azərbaycan şairəsi, ilk qadın şahmatçı- Məhsəti Gəncəvi (XII əsr), ilk uşaq pediatrı- Adilə Namazova, ilk qadın oftalmoloq Zərifə Əliyeva, ilk qadın şərqşünas alim Aida İmanquliyeva və başqalarını missal çəkmək olar.

İkinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan böyük çətinliklərə baxmayaraq, bütün sahələrlə yanaşı, bu sahəni də diqqətdən kənarda qoymadı və 1994-cü ildən başlayaraq ölkəmizdə qadınların ictimai-siyasi həyatda fəaliyyəti artmağa başladı. Ölkəmiz 1995-ci ildə BMT-nin "Qadınlara Qarşı Ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında" Konvensiyanı ratifikasiya edib ki, sənəd qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvini özündə əks etdirir. Bundan başqa, ölkəmizdə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, eləcə də "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncamı ölkəmizdə bu sahəyə göstərilən diqqətin bariz nümunələri idi. Daha sonra Ulu Öndər tərəfindən 2000-ci ildə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman imzalandı ki, bu sənədə qadınlar üçün böyük əhəmiyyətə malik idi. Belə ki, Fərmana əsasən, bütün dövlət strukturlarında qadınların təmsil olunma faizi kişilərlə eyni səviyyədə oldu. Lakin görülən işlər bununla bitmədi. Azərbaycanda Ulu Öndərin Sərəncamı ilə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında hazırkı Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı və 2006-cı ildə ölkədə "Gender bərabərliyinin təminatları haqqında" qanun qəbul edildi. Azərbaycanda gender bərabərliyinə dair Ümummilli Lider Heydər Əliyev tərəfindən atılan misilsiz addımlar hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014-2020-ci illər üçün) Dövlət Proqramı"nın təsdiq edilməsi, eyni zamanda, Ailə Məcəlləsinə dəyişiklik edilərək, tərəflərin nikahdan əvvəl tibbi müayinədən keçməsi qüvvəyə minib. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunub. Qəbul olunan bir sıra dövlət proqramları, o cümlədən, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları" ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Həmçinin, büdcənin və digər qanunvericilik sənədlərin gender ekspertizasının keçirilməsi də vacib məsələlərdəndir. Bu sahədə də nailiyyətlər əldə edilib. Görülən işlərin müsbət nəticəsidir ki, hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modelləri sırasındadır. Azərbaycan ailəsinin ən yüksək nümunəsini Azərbaycan Prezidenti və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın timsalında göstərmək mümkündür. Bundan əlavə, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkli Mehriban Əliyeva qadın hərəkatının genişləndirilməsi istiqamətində böyük işlər görməkdədir. Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq səviyyədə tanıtmaq istiqamətində misilsiz xidmətlərə malikdir. Təkcə ölkəmizin deyil, dünyanın qadın liderlərindən sayılan Mehriban Əliyevanın təşəbbüsü ilə Avropada, MDB məkanında, müsəlman ölkələrində bir sıra diqqətçəkən layihələr həyata keçirilir. Azərbaycanın birinci xanımı "Bakı-2015" Avropa Oyunları zamanı Təşkilat Komitəsinin sədri kimi də adını dünya idman tarixinə yazdırıb. Mehriban xanım Əliyeva Azərbaycan qadın hərəkatının lideri olaraq tariximizi və mədəniyyətimizi beynəlxalq aləmdə tanıtmaq istiqamətində yorulmadan fəaliyyət göstərir.

Azərbaycan gender bərabərliyinin təşviqi sahəsində bir sıra beynəlxalq təşkilatlara yaxından əməkdaşlıq edir. Onlardan biri BMT-nin Qadınlar üçün İnkişaf Fondudur (UNİFEM) ki, ölkəmizin bu təşkilatla əməkdaşlığı "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" (I mərhələ: 2001 - 2004; II mərhələ: 2004 - 2007)" adlı regional layihə çərçivəsində həyata keçirilib. Layihə, əsasən, hökumətlər, qadın koalisiya və şəbəkələri ilə tərəfdaşlıq şəraitində həyata keçirilib və gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşıyıb. Bundan başqa, ölkəmiz Azərbaycan gender bərabərliyinin təşviqi sahəsində ATƏT-in Bakı Ofisi və Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu ilə də yaxından əməkdaşlı edir. Son illərdə DTİHB tərəfindən Azərbaycanda qadınların ictimai-siyasi fəallığının artırılması məqsədilə bir sıra layihələr ("Qadın liderliyi və siyasi iştirakçılığı", "Qadınlara qarşı zorakılığın qarşısının alınması") həyata keçirilib. DTİHB tərəfindən həyata keçirilən layihələr nəticəsində nazirliklər, konstitusiya və ali məhkəmələr, Bakı şəhər icra hakimiyyətini əhatə edən dövlət qurumlarında çalışan qadınların şəbəkəsi yaradılmışdır. Şəbəkənin bir sıra dəyirmi masa və seminarları keçirilib.

Qadın hüquqlarının qorunması sahəsində Azərbaycan, həmçinin, Avropa Şurası ilə də bir neçə ildir ki, əməkdaşlıq edir.

Azərbaycanda qadın və kişilərin bərabər hüquq və imkan azadlıqları siyasətinin məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

Ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu haqlardan istifadə etməsi üçün müvafiq tədbirlərin görülməsi.

İdarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı.

Qadın və kişilərin əmək bazarında, biznesdə və maliyyə sferasında bərabər iştirakına şərait yaradılması, hər bir vətəndaşın iqtisadi müstəqilliyinin inkişafı üçün şəraitin yaradılması.

Son illər Azərbaycan cəmiyyətində genderlə bağlı ciddi uğurlar əldə olunub. Artıq bu uğurları beynəlxalq qurumların hazırladıqları hesabatlarda da görmək mümkündür. Belə ki, son bir neçə ildə ölkəmizdə qadınların ictimai fəallığı xeyli yüksəlib, idarəetmə və qərar qəbuletmədə zərif cinsin nümayəndələrinin iştirakı artıb. Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Ölkəmizdə qadınlar müxtəlif dövlət qurumlarında və sferalarda fəaliyyət göstərərək, böyük uğurlara imza atırlar. Bu gün ölkəmizdə qadın hakimlərinin də sayı 60-dan yuxarıdır. Bundan başqa, ədliyyə orqanlarında işləyənlərin 1000 nəfərdən çoxu qadındır ki, onlardan da 100 nəfər yaxını rəhbər vəzifələrdə çalışır. Hər il ölkəmizdə diplomat qadınlarımızın sayı da getdikcə artır. Dövlət qulluğunda çalışanların 28 faizini qadınlar təşkil edir. Azərbaycan qadınları güc tələb edən sahələrə də üstünlük verirlər. Belə ki, bədən tərbiyəsi və idmanla məşğul olanlar qadınlarımızın sayı digərlərindən geridə qalmır. Bu sahədə fəaliyyət göstərənlərin 40 faizini qadınlar təşkil edir. Azərbaycan qadınları bütün sahələrlə yanaşı, siyasi sahədə də öz töhfələrini verməyi bacarırlar. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artmaqdadır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, daha sonra bu rəqəm 2000-ci ildə 10,7, hazırda isə 16 faizlə əvəzlənib. Bundan başqa, Azərbaycanda bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq, 26,7 faiz olub.

Yuxarıda sadalananlar dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının göstəriciləridir. Lakin ailə münasibətlərini qanunla tənzimləmək mümkün deyil. Ailənin görünən və görünməyən tərəfləri ilə yanaşı, daxili, yalnız özünə məxsus qayda-qanunları var. Bu gün gender bərabərliyinin təminatında qanunla yanaşı, insanları maarifləndirməyə ehtiyacı var. Təsəvvür edin ki, hələ də ailələrdə qız övladı ilə oğlan övladı arasında fərq qoyulur. Bütün bunların qarşısını almaq üçün daha çox maarifləndirici tədbirlər həyata keçirmək lazımdır. Statistika də göstərir ki, gender bərabərsizliyi bütöv cəmiyyətin və ayrı-ayrı fərdlərin inkişafına saysız-hesabsız zərbələr vurur.

Nailə Məhərrəmova

QEYD: Məqalə Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün yazılıb.

Digər xəbərlər