Eldar Əzizov: "Ölkəmizin regionlarında, paytaxtın qəsəbə və kəndlərində həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri Səbail rayonunun simasında da aydın nəzərə çarpır"
Səbail rayonunda 2016-cı ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2017-ci-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Hesabat yığıncağında çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, il ərzində rayonda görülmüş işləri təhlil edərək, həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışaraq, qeyd edib ki, ötən il dünya bazarlarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsinə, ölkəmizin yerləşdiyi region da daxil olmaqla, dünya ölkələrində təhlükələr, risklər, təhdidlərin artmasına, qanlı münaqişələr, müharibələrin davam etməsinə, dünyada hələ də davam edən və dərinləşən iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişafı ötən ildə də davam edib və bu inkişafın təməlində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun olaraq, müvəffəqiyyətlə davam və inkişaf etdirilən uzaqgörən iqtisadi siyasət və ölkə başçısının apardığı islahatlar dayanır.
Bildirilib ki, keçən il ölkəmizin ictimai-siyasi həyatında baş vermiş ən mühüm və əlamətdar hadisələrdən biri sentyabr ayının 26-da keçirilən Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) keçirilib. Rayonda referendumqabağı hazırlıq və təbliğat işləri yüksək səviyyədə təşkil olunmuş, seçki günü rayon seçicilərin 60,8 %-i bu referendumda iştirak edib.
Tədbirdə zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və təkliflərini səsləndiriblər. Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənmiş və rayon icra hakimiyyətinin ötən ildəki fəaliyyəti "qənaətbəxş" qiymətləndirmişdir.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub.
Rəfiqə HÜSEYNOVA