Kamal Abdulla: "Dilə olan məhəbbət Vətənə sevgi, bayrağa ehtiram, himnə sayqıdır"
Dünən Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Himayəçilik Şurasının üzvü, Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayevin "Dilçi olmayanlar üçün dil dərsi" keçirilib.
Tədbirdə Musiqi Akademiyası, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, AMEA-nın müxtəlif institutlarının nümayəndələri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü işlərdən danışan dövlət müşaviri bildirib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili kimi tətbiqi, diplomatiya sahəsində işlənməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti ilə bağlıdır.
K.Abdullayev Azərbaycan klassik ədəbiyyatının nümayəndələrindən müxtəlif sitatlar gətirməklə ana dilimizin geniş imkanlarından söz açıb, gəncləri ana dilimizi sevməyə, qorumağa və zənginləşdirməyə çağırıb.
İnteraktiv formada səmimi şəraitdə keçən görüşdə akademik K.Abdullayev gənclərin çoxsaylı suallarını cavablandırıb.
NƏZAKƏT