Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının Hüquqi maarifləndirmə bölməsinin növbəti iclası keçirilib.
Bilik Fondundan qəzetimizə verilən məlumata istinadən, fondun icraçı direktoru Oktay Səmədov iclasda iştirak edən alimləri salamlayaraq, hüquqi maarifləndirmə sahəsində aparılan işlərdə fəallıq göstərdiklərinə görə, onlara minnətdarlığını bildirib.
Daha sonra "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirlməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Sərəncamı geniş müzakirə edilib.
Hüquqi maarifləndirmə üzrə Koordinasiya Şurasına məlumat verən Bilik Fondunun aparat rəhbəri hüquq elmləri doktoru, professor İsaxan Vəliyev Sərəncamın mahiyyəti və müasir mərhələdə insan hüquq və azadlıqlarının genişləndirilməsi ilə bağlı əhəmiyyəti barədə ətraflı danışıb.
Koordinasiya Şurasının üzvləri Sərəncamdan irəli gələn vəzifələrin şərhi üçün əhali arasında maarifləndirmə işinin aparılması məqsədilə kütləvi informasiya vasitələrində, müntəzəm olaraq çıxışlar etməyin, Bilik Fondunun, bilavasitə dəstəyi ilə penitensiar müəssisələrdə, əmək kollektivlərində, təhsil müəssisələrində müxtəlif dəyirmi masa, seminar və yığıncaqlar keçirməyin vacibliyini irəli sürərək, tədbirlər planını təsdiq ediblər.
ZÜMRÜD