PDF Oxu

Sosial

  • 970

Moldovada Xocalı faciəsinin qurbanları yad edilib

Moldovada Xocalı faciəsinin qurbanları yad edilib

Moldova hökuməti Etnik Əlaqələr Bürosunda Moldova Azərbaycanlılar Konqresi və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı, eləcə də, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Moldova İctimai Palatasının dəstəyi ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar qətliam qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Öncə Xocalı soyqırımı qurbanları və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib.

Tədbiri Azərbaycanın Moldovadakı səfiri Qudsi Osmanov açaraq Xocalı soyqırımının dünyada tanınması və faciəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər barədə söz açıb.

Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində, bir milyon insan doğma torpaqlarından didərgin düşüb: "Ədalətin bərqərar olacağına inanırıq və bu istiqamətdə mübarizəni davam etdirəcəyik. İlk növbədə, bu faciəni törədənlər cəzalandırılmalı, Xocalı qətliamına siyasi-hüquqi qiymət verilməlidir ki, bəlkə faciələr gələcəkdə təkrarlanmasın".

Etnik Əlaqələr Bürosunun baş direktoru Oleq Babenko qeyd edib ki, belə faciə bəşəriyyət tərəfindən unudulmamalı və gələcək nəsillərə çatdırılmalıdır. Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç deyib: "Qardaş Azərbaycanın ağrısı olan Xocalı faciəsi Türkiyənin də ağrısıdır. Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, Türkiyə ilə Ermənistan sərhədləri açılmayacaq". Eyni zamanda, səfir Birinci Dünya müharibəsində olmayan soyqırımını axtaranlara, öncə, yaxın tarixdə baş vermiş Xocalı soyqırımına diqqət yetirməyi tövsiyə edib. Moldova parlamentinin deputatı, parlamentin Xarici Siyasət və Avropa İnteqrasiyası Komissiyasının sədr müavini Sergey Stati bildirib ki, Xocalı faciəsi dünya ictimaiyyəti üçün siyasi, millətçi ambisiyaların və işğalçı əməllərin əsl qiymətinin göstəricisidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova Filialının rəhbəri Aureliya Qriqoriu çıxışında insanlığa qarşı törədilən bu ağır cinayətlərə görə, səbəbkarların məsuliyyətə cəlb olunmağının vacibliyini qeyd edib. BBMM-in İsrail Filialının sədri, beynəlxalq əlaqələr üzrə ekspert, politoloq və "Ağrı" kitabının həmmüəllifi Arye Qut isə çıxışında qeyd edib ki, İkinci Dünya müharibəsində faşist rejimindən qaçan minlərlə yəhudi Azərbaycanda nəinki sığınacaq, hətta Vətən tapıblar. Buna görə Xocalı faciəsinin onun üçün şəxsi faciə olduğunu bildirib.

ZÜMRÜD

Digər xəbərlər