Yasamal rayon statistika şöbəsindən "Səs" qəzetinə verilən məlumata görə, 2016-cı ildə fəaliyyət göstərən bütün sənaye müəssisələri tərəfindən 189983,6 min manatlıq və ya əvvəlki il ilə müqayisədə 26,5 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 18,7 faiz təşkil edir.
2016-cı ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 2276394,9 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 23 faiz çox olmuşdur.
Hesabat dövründə fəaliyyət göstərən rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə 664598,9 manat dəyərində xidmət göstərilmişdir. Bu da əvvəlki il ilə müqayisədə 1,4 faiz çox olmuşdur.
2016-cı ildə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 475804,6 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 42,4 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 337810,3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilimişdir və 2015-ci ilə nisbətən 46,3 faiz azalmışdır.
2016-cı ildə rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2543150,6 min manatlıq məhsul satılmış, dövriyyənin həcmi əvvəlki il ilə müqayisədə 97.9 faiz təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin 91,4 faizini təşkil edərək, 759132 min manat həcmində olmuşdur.
İstehlak məhsullarının 5,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 67,3 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 27,5 faizi isə məhsul bazarlarında satılmışdır.
Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 622,7 manata çatmışdır.
QİSMƏT İSMAYILOV