PDF Oxu

Sosial

  • 1 151

Bakı Slavyan Universitetində Xocalı soyqırımı anılıb

Bakı Slavyan Universitetində Xocalı soyqırımı anılıb

Dünən Bakı Slavyan Universitetində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbir başlamazdan öncə, BSU-nun foyesində universitetin Rəssamlar Klubunun üzvlərinin Xocalıya həsr etdiyi əl işlərinə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bundan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi açan BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı Soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. N.Əliyeva Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi və müdrik siyasəti nəticəsində qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.

Sonra əməkdar jurnalist, BSU-nun jurnalistika kafedrasının müəllimi, dosent Etibar Babayevin hazırladığı Xocalı şəhidlərinə həsr olunmuş filmin nümayişi olub.

Tədbirdə Xocalı soyqırımının canlı şahidlərindən BSU-nun diplomatiya və xarici siyasət kafedrasının dosenti, Qarabağ müharibəsi veteranı, polis polkovniki Sabir Məmmədov, Xocalı Polis bölməsinin sabiq rəis müavini, polis mayoru Hafiz Ədilov, "Qarabağ" qəzetinin baş redaktoru Çingiz İsmayılov, "Qarabağ" qəzetinin redaktor müavini, Yazıçılar Birliyinin üzvü Salman Alıoğlu, Qarabağ müharibəsi iştirakçısı Elçin Məmmədli Xocalı soyqırımının ağır nəticələrinin Azərbaycan xalqının taleyində qoyduğu dərin izlərdən söz açıblar. Çıxış edənlər soyıqırımı zamanı dinc əhalinin qətlə yetirilməsi, elindən-obasından didərgin düşməsi və bu kimi özbaşınalıqlar barədə fikirlərini mərasim iştirakçıları ilə bölüşüblər.

BSU-nun Tələbə-Gənclər Təşkilatının sədr müavini Vaqif Yəhyalı Pirşağı qəsəbəsində yerləşən 2 saylı Xocalı məktəbində hazırladığı video-çarxı tədbir iştirakçılarına təqdim edib. Vaqif Yəhyalı Xocalı Soyqırımında şəhid olan BSU-nun məzunu Ülfət Əliyevin xatirəsini yad edərək, gəncləri vətənpərvər olmağa səsləyib.

Sonra BSU tələbələri Xocalıya həsr olunmuş şeirlər ifa ediblər. Qarabağ müharibəsi veteranı Sadir Məmmədovun müəllifi olduğu 12 dildə çap edilən "Xocalı Soyqırımı" kitabından ekspert rəyini tələbələr Azərbaycan, rus, polyak, bolqar, Ukrayna, belarus və türk dillərində səsləndiriblər.

Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərin davamı olaraq BSU-nun magistratura şöbəsi tərəfindən dəyirmi masa keçirilib. Dəyrimi masada tərbiyə işləri üzrə prorektor Xanım Sultanova çıxış edərək, Xocalı faciəsinin heç vaxt unudulmayacağını deyib. Sonra "Xocalı faciəsi" barədə video-rolik təqdim edilib.

ZÜMRÜD

Digər xəbərlər