Xocalı Soyqırımının 25-ci ildönümü, respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunub. Faciənin ildönümü ərəfəsində Nəsimi rayon icra hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək, Nəsimi rayonunda məskunlaşmış 60 ailənin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı Soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olubdur. Məhz Onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədilə işlərə başlanılıbdır.
A.Əsgərov, həmçinin, vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin, işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə, olkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələr səfərbər ediləcək.
Tədbirdə çıxış edənlər Xocalı rayon icra hakimiyyətinin nümayəndəsi Rəşidov Nadir, şəhid ailələri Şahmuradova Sahibə və Məmmədova Məlahət ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.
Tədbirin sonunda Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon icra hakimiyyəti tərəfindən yardımlar göstərilibdir.
R.KAMALQIZI