PDF Oxu

Sosial

  • 978

Xocalı Soyqırımı Avropada tanındı

Xocalı Soyqırımı Avropada tanındı

Şotlandiya Parlamenti Xocalı Soyqırımını tanıyan qətnamə qəbul edib. Noyabr ayının ortalarında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya Parlamenmtlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər etmişdilər. Səfər zamanı Şotlandiya Parlamentində bir sıra görüşlər keçirilmiş, parlament sədri və fraksiyaların rəhbərləri ilə işgüzar danışıqlarda ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılmışdı. Həmin görüşlərdə Şotlandiyalı parlamentarilərə verilən ətraflı məlumatlar əsasında bu ilin fevral ayının əvvəllərində Şotlandiya Parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınmış və bu məqsədlə Xocalı Soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında Qərarın mətni parlamentin saytında yerləşdirilib. Şotlandiya Parlamenti üzvlərinin mütləq əksəriyyəti, öz adlarını Qətnamə layihəsinin mətninə əlavə etməklə, təklif olunan Qətnamənin qəbul olunmasına dəstək veriblər. Qəbul olunan Qətnamədə Azərbaycanla Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmaqla bərabər, 1990-cı illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində həyata keçirilən işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın yerli əhalisinə qarşı soyqırımı kimi tanınır. Parlament üzvlərinin 80 faizinin tərəfdar çıxdığı qərarda, Xocalı Soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir Qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur. Qərarda, həmçinin, BMT tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında saxlandığı vurğulanır, münaqişənin beynəlxalq hüquq normaları əsasında həll olunmasına dəstək ifadə olunur.

Qətnamənin surəti Şotlandiya Parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən bu gün Şotlandiya Parlamentinə səfər etmiş Azərbaycan nümayəndə heyətinə təqdim olunub. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev, Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərov və səfirliyin əməkdaşları nümayəndə heyətinin tərkibində olublar.

Samir

Digər xəbərlər