Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı rayonun idarə və müəssisələrində silsilə tədbirlər keçirilir. Növbəti tədbir rayonun Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbində təşkil olunub.
"Xocalısız 25 il" adlı tədbirin iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin çəkdiyi rəsmlərə baxıb, Xocalı Soyqırımına həsr olunmuş divar qəzetləri ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının səhnəyə gətirilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. "Xocalı faciəsi" mənzərəsini əks etdirən guşə qarşısına əklil qoyulub. Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev tədbiri açaraq, qeyd edib ki, Xocalı soyqırımı iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı, müntəzəm olaraq, həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Suraxanı rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov çıxış edərək, qeyd edib ki, son 25 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar və sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.
B.Barxudarov xüsusi vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Heydər Əliyev Fondu bütün imkanlarından istifadə edərək, Xocalı Soyqırımının dünyada təbliği yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir.
Tədbirdə çıxış edən Dini Qurumlar üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov bildirib ki, Xocalı Soyqırımının acı nəticələrini hamı bilməli və daim yadda saxlamalıdır.
Tədbirdə Xocalı faciəsinin qurbanlarını və Azərbaycan Ordusunun qüdrətini əks etdirən video-çarxlar nümayiş etdirilib, məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya göstərilib. Tədbir Məmmədli Fatimənin monoloqu və məktəblilərin bir övlad kimi vətənimizə, dövlətimizə layiqli vətəndaş olmalarına and içmələri ilə sona yetib.
ZÜMRÜD