"Düşmənin cəbhədə istənilən təxribatının silahlı qüvvələrimiz tərəfindən qətiyyətlə alınacaqdır"
Məlum olduğu kimi, son vaxtlar cəbhədə Ermənistanın kəşfiyyat-diversiya qrupunun fəallaşdığı müşahidə edilir. Amma Azərbaycanın Silahlı Qüvvələri düşmənə layiqli cavab verərək, diversiya qrupunu məhv edir, atəş nöqtələrini darmadağın edir. Məğlubiyyətin acısını həzm edə bilməyən düşmən ölkənin rəsmi dairələri daxili narazılığı səngitmək üçün populist bəyanatlarla çıxış edirlər. Bu günlərdə işğalçı Ermənistanın müdafiə naziri Vigen Sarkisyan, bir növ başından böyük iddialarla çıxış edərək, Azərbaycanla Ermənistan arasında müharibənin baş verəcəyi təqdirdə, "İskəndər" raketlərindən istifadə edəcəklərini bəyan edib. Söhbət etdiyimiz müsahiblərimiz V.Sarkisyanın iddiasının məsuliyyətsiz açıqlamadan başqa bir şey olmadığını bildirdilər.
Politoloq Elçin Mirzəbəyli:
- Ermənistan tərəfindən, mütəmadi olaraq, bu cür oxşar bəyanatlar səsləndirilir. Azərbaycan Silahlı Qüvvələrinin potensialı və imkanları istənilən təhlükənin qarşısını almağa imkan verir. Əgər Ermənistan "İskəndər" raketlərindən istifadə etmək haqqında düşünərək, bu barədə bəyanat verirsə, artıq bu məsələnin məsuliyyəti həmin raketləri işğalçı ölkə olan Ermənistanda yerləşdirən ölkənin, yəni ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiyanın üzərinə düşür. Ermənistanın bu hərbi ritorikanı gücləndirməsinin əsas səbəblərindən biri aprelin 2-də keçiriləcək seçkilərlə bağlı olduğunu düşünürəm. İndiki şəraitdə Sarkisyan hakimiyyəti diqqəti Ermənistan daxilindəki problemlərdən yayındırmaq üçün bu hərbi ritorikaya söykənir. Amma Ermənistanın
Azərbaycana qarşı hər hansı bir addım atmaq potensialının və gücünün olmadığını və səslənən bu bəyanatların da əsassız olduğunu düşünürəm. Əks-təqdirdə, Azərbaycan Ordusu aprelin 2-4 - də baş verən erməni təxribatına qarşı atdığı addımı yenidən təkrarlaya bilər. Bu da, Ermənistan üçün ağır nəticələrə gətirib çıxarar.
Son vaxtlar cəbhədə Ermənistanın kəşfiyyat-diversiya qrupunun fəallaşdığını iki aspektdən dəyərləndirmək lazımdır. Birincisi, bu, diqqəti Ermənistan daxilindəki proseslərdən yayındırmaq məqsədi güdür. İkincisi isə Ermənistan nəyin bahasına olursa olsun Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesini pozmağa və mövcud status-kvonu qoruyub-saxlamağa çalışır. Təbii ki, bu təxribatlara qarşı tutarlı cavablar verilir. Amma beynəlxalq ictimaiyyət və o cümlədən də, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın təxribatlarına qarşı konkret mövqe ortaya qoymalı və bu təcavüzkar ölkəyə sanksiyaların tətbiq olunması istiqamətində addımlar atılmalıdırlar. Əks-təqdirdə, şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatlara qarşı ən sərt formada addım atmaq səlahiyyətini özündə saxlayır. Bir sözlə, Ermənistanın bu cür təxribatları daha çox Ermənistanın daxildə baş verən proseslərlə bağlı olan məsələlərdir.
Millət vəkili Kamran Bayramov:
- Biz Ermənistanın rəsmi dairələrinin mətbuatda olan fəallığına nəzər yetirsək, görərik ki, onların bugünkü bəyanatı da cəfəngiyatdan başqa bir şey deyil. Təbii ki, həmin raketlərin istifadəsindən söhbət gedə bilməz, bu, sadəcə, Ermənistanın növbəti media şousudur.
Ermənistanın kəşfiyyat-diversiya fəaliyyətinin fəallaşmasına gəldikdə isə, şəxsən məndə heç bir narahatçılıq yoxdur, çünki ordumuzun hazırlıq vəziyyətini, xüsusilə, aprel döyüşlərindən sonra ruh yüksəkliyini nəzərə alsaq, əmin olmaq olar ki, düşmənin cəbhədə istənilən təxribatı silahlı qüvvələrimiz tərəfindən qətiyyətlə alınacaqdır.
Politoloq Elşən Manafov:
- Ermənistan heç bir vaxt Azərbaycanla ehtimal olunan müharibədə belə bir hərbi vasitələrin gücündən istifadə etmək iqtidarında ola bilməz. "İskəndər" raketlərindən istifadə etmək hüququnu Rusiya özündə saxlayır. Digər tərəfdən, Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədrlərdən biridir. Həmsədr ölkə kimi Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iş görməlidir. Bu baxımdan da, Ermənistanın rəsmi dairələri Azərbaycanla Ermənistan arasında müharibə baş verəcəyi təqdirdə, "İskəndər" raketlərindən istifadə edəcəklərini bəyan etmələri inandırıcı deyil. Bir sözlə, düşmən Rusiyanın işğalçı ölkə olan Ermənistanda saxladığı "İskəndər" raketlərindən istifadə edə bilməz. Çünki buna Rusiya tərəfi razı olmaz. Düzdür, Ermənistan Rusiyadan asılı bir ölkədir. Yəni Rusiyanın dedikləri ilə oturub- durur. Amma digər tərəfdən də Rusiyanın Azərbaycan dövləti ilə güclü əlaqələri var. Bu baxımdan da, Rusiya istəməz ki, Azərbaycanla dostluq əlaqələrinə xələl gəlsin.
GÜLYANƏ