Dünən Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı Səbail rayon icra hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Səbail rayonunda məskunlaşan ailələrin nümayəndələri ilə görüş keçirilib. Anım mərasimində çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə məlumat verib: "Xocalı Soyqırımının geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz Onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədilə işlərə başlanılıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin, işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əmin oluduğunu, lazım gələrsə ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sarılaraq, müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib".
Tədbirdə çıxış edən Xocalı sakinləri ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.
Daha sonra rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Xocalıdan məcburi köçkünlərlə birgə Sahil bağında rayon orta məktəblərinin şagirdlərinin Xocalı faciəsinin ildönümü ilə əlaqədar təşkil olunmuş rəsm müsabiqəsinə təqdim olunan rəsmlərdən ibarət sərgi ilə tanış olublar. Sonra müsabiqədə fərqlənən müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Sonda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon icra hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları göstərilib.
R.HÜSEYNOVA