PDF Oxu

Sosial

  • 1 025

"Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu"

"Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu"

Dünən "Azərbaycanlılara qarşı soyqırımların tədqiqi" komissiyasının və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə iştirakçılar akademiyanın foyesində Xocalı Soyqırımına həsr edilən rəsm sərgisi ilə tanış olublar. Sərgidə AMEA əməkdaşlarının 15 əsəri nümayiş olunub.

Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında təşkil olunan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalqının başına gətirilən tarixi faciələrdən, Xocalı Soyqırımından söz açıb, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini söyləyib. Akademik İ.Həbibbəyli Xocalı Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə, fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!" kampaniyasının uğurla aparılması sayəsində, artıq bir sıra ölkələrdə Xocalı faciəsi soyqırımı aktı kimi tanınır.

Tədbir çərçivəsində "Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu" kitabının təqdimatı da keçirilib.

AMEA-nın vitse-prezidenti təqdim edilən kitabın beynəlxalq ictimaiyyəti, o cümlədən, türk dünyasını Xocalı Soyqırımı barədə daha ətraflı məlumatlandırmaq baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin "Xocalı faciəsi təsviri sənətdə", Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mərziyyə Nəcəfovanın "Xocalı Soyqırımı: poetik fəryaddan ümumbəşəri ittihama" və Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovun "Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusunun tədqiqatı" adlı məruzələri dinlənilib.

NƏZAKƏT

Digər xəbərlər