Qazaxıstanın paytaxtı Astanada "Soyqırımlarından azad dünya naminə" foto-sərgisi açılıb. Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkil etdiyi tədbirə həmin ölkənin parlamentinin deputatları, o cümlədən, Azərbaycan Milli Məclisinin üzvləri, Azərbaycan-Qazaxıstan Dostluq Qrupunun rəhbəri Adil Əliyev, həmin qrupun üzvü Naqif Həmzəyev, KİV nümayəndələri, ziyalılar qatılıblar. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 22 fevral tarixinin bütün Avropada cinayət qurbanları günü kimi qeyd olunduğunu deyib.
Səfir qazaxıstanlı yazıçı Oljas Suleymenovun sözlərini xatırladaraq, heç kimin bu kimi hadisələrin yenidən təkrarlanmasını istəmədiyini söyləyib. "Holokostdan sonra bütün dünya düşünürdü ki, soyqırımı kimi cinayətdən xilas oldu. Əfsus ki, sonrakı hadisələr, o cümlədən, Azərbaycanda 1992-ci ildə törədilən Xocalı Soyqırımı sübut etdi ki, bu cür hadisələrdən heç kim sığortalanmayıb". Sonra soyqırımı qurbanlarının xatirəsinə şamlar yandırılıb.
S.Feyruzov