AMEA Fəlsəfə İnstitutunda Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri qanlı faciə barədə məlumat verdi. 25 il keçməsinə baxmayaraq, soyqırımı cinayətləri ilə bağlı faktların hüquqi, sosioloji və humanitar aspektdən araşdırıldığını söyləyən İ.Məmmədzadə bu istiqamətdə analitik, publisistik və elmi yazılara daha çox yer ayırmağın vacibliyini önə çəkərək, faciənin beynəlxalq aləmdə tanıdılması üçün xarici dillərdə kitab və məqalələrin çapının artırılmasının zəruriliyini vurğuladı.
İnstitutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli çıxış edərək, Xocalı Soyqırımının bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu bildirib: "Xocalıda törədilən soyqırımı vəhşiliyin görünməmiş bir təzahürüdür. Həmin tarixdən 25 il ötsə də, kədərli faciənin ildönümündə Xocalı şəhidlərinin əziz xatirəsi bir daha yad edilir, tarixi olaylara yenidən nəzər salınır".
Anım tədbirində, fəlsəfə üzrə elmlər doktorları Xatirə Quliyeva, Fizuli Qurbanov, sosiologiya üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlu, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov, elmi işçi Yasəmən Qaraqoyunlu və digər çıxış edənlər erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər və bu vəhşiliyin kulminasiyası olan Xocalı Soyqırımı, erməni silahlı birləşmələrinin qəddar əməllərindən və insanlığa sığmayan vəhşiliklərindən söz açdılar.
NƏZAKƏT