Ağcabədidə Xocalı Soyqırımının 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir. Növbəti YAP Ağcabədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Xocalı şəhidlərinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü il açan YAP Ağcabədi rayon təşkilatının sədr müavini bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixində görünməmiş ən qanlı soyqırımı törədilib: "O zamandan 25 il ötməsinə baxmayaraq, baş vermiş faciə hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxmış, hamı həmin soyqırımının günahsız qurbanlarının ruhunun dinclik tapacağı günü-Qarabağın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyir. Bugünkü tədbirə rayon ərazisində yerləşən hərbi hissənin əsgərləri də dəvət olunub. İnanırıq ki, bu zalda əyləşən gənc əsgərlərimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrinə müntəzir olaraq, Azərbaycanın üçrəngli bayrağını Dağlıq Qarabağda dalğalandırmaq əzmindədirlər. Əsgərlərimizin rəşadətini ötən ilin aprel ayında bir neçə gün davam edən döyüşlərdə görmüşük".
Tədbirdə "Qarabağ Müharibəsi Əlilləri Şəhid Ailələri İctimai Birliyinin sədri, I qrup Qarabağ Müharibəsi əlili İsmayıl Məhərrəmov, YAP Ağcabədi rayon təşkilatının qadınlar şurasının sədri Radə Qafarova, N saylı hərbi hissənin əsgəri Bəhruz Qədirli, Ağcabədi rayon icra hakimiyyətinin əməkdaşı Təyyar Hacıyev, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov çıxış ediblər.
Tədbirdə yaradıcı ziyalılardan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Məhsəti Musa, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tahirə İsaqızı çıxış etmiş və eyni zamanda, Xocalıya həsr etdikləri şeirlərini oxuyublar.
Tədbirdə Şair Gündüz Sevindiyin rəhbərlik etdiyi Heydər Əliyev Mərkəzi nəzdində fəaliyyət göstərən "Həvəskar aktyorluq və bədii qiraət kursu"nun tələbələrinin ifasında Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii şeir kompozisiyası, Ağcabədi şəhər 5 saylı uşçaq bağcasının uşaqlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirin sonunda Xocalı Soyqırımına həsr olunmuş film nümayiş etdirilib.
ZÜMRÜD