PDF Oxu

Sosial

  • 1 074

Brüsseldə "Xocalıya ədalət" mitinqi keçirilib

Brüsseldə "Xocalıya ədalət" mitinqi keçirilib

Brüsseldə, Avropa İttifaqı siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının qərargahı önündə "Xocalıya ədalət" şüarı altında mitinq keçirilib. Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşkil etdikləri mitinqdə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, azərbaycanlılar iki əsrdən artıqdır ki, erməni separatçılarının etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalırlar. Ermənistanın XX əsrdə reallaşdırdığı siyasət də, məhz buna hesablanıb: "Məqsəd bəllidir - Qafqazda türk varlığına son qoymaq. Xocalı Soyqırımı da belə bir mənfur xislətdən irəli gələrək törədildi. Bu soyqırımı bəşəri cinayətdir. Bura toplaşmaqda məqsədimiz də insanlıq əleyhinə olan cinayət əməllərinə dünya ictimaiyyətinin diqqətini çəkməkdir". Ə.Amaşov həmçinin Xocalı Soyqırımının dünya mediasının gündəminə çatdırılması sahəsindəki işlərin daha da intensivləşdirilməsinin vacibliyini önə çəkib. O, qeyd edib ki, ermənilər uzun illərdir qondarma "erməni soyqırımı" iddiası ilə dünya gündəmini işğal ediblər: "Bu, bir gerçəklikdir ki, Ermənistan dövləti erməni lobbi və diaspor təşkilatlarının maraqlarına uyğun fəaliyyət göstərir, erməni kilsələrinin siyasi xarakterli oyunlarının vasitəçiliyini edir. Buna qarşı əks- təbliğatın aparılması zəruridir. Avropadakı türk və azərbaycanlı diaspor təşkilatlarının bu prosesdə tənzimləyici rol oynaması mütləqdir".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxışında Azərbaycan dövlətinin Xocalı faciəsinin tanıdılması istiqamətində apardığı məqsədyönlü və ardıcıl işlərdən söz açıb. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı soyqırımı və terror siyasətinin mahiyyətinin dünya birliyinə çatdırılması ölkəmizin xarici siyasətində mühüm vəzifə kimi müəyyənləşdirilib. Bu işdə xaricdəki səfirliklərimiz və diaspor təşkilatlarımızın də üzərinə mühüm missiya düşür. Qafar Əliyev onu da bildirib ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar müasir dünya düzəninin dinc və birgəyaşam qaydalarına kökündən vurulmuş zərbədir".

MŞ İdarə Heyətinin üzvü, ATXƏM-in sədri İlham İsmayıl çıxışında bildirib ki, dünya Xocalı həqiqətləri barədə müfəssəl məlumata malik olmalıdır. Dünya anlamalıdır ki, XX əsrdə törədilmiş bu dəhşətə laqeyd münasibət, günahkarların cəzasız qalmaları ümumən bəşəriyyət üçün böyük təhdidlərə yol açan mənzərə formalaşdırır.

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında Xocalı Soyqırımının beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti aktı kimi tanınmasının yetərincə hüquqi əsaslarının olduğunu diqqətə çatdırıb.

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ermənilərin son yüz il ərzində Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürüdərək, bir neçə dəfə soyqırımı aktlarını törətdiklərini qeyd edib. Mitinqdə Azərbaycan və Türk diaspora təşkilatlarının nümayəndələri, tələbələr və yerli sakinlərin iştirak ediblər. ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, Türk "Gent ocagı" kurucu başkanı Recep Tuncer Sarı, Holandiya Azerbaycan Evinin rehberi İlhan Aşkın və başqaları Xocalı Soyqırımının dünyaya tanıdılmasını yönələn tədbirlərin mütəşəkkiliyinin faydalı cəhətlərinə diqqət çəkiblər.

NƏZAKƏT

Digər xəbərlər