Dünən Milli Məclisinin növbəti plenar iclasındə "Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar" qərar layihəsi müzakirə olunub. İlk öncə, millət vəkilləri Xocalı Soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad ediblər.
Oqtay Əsədov: "Xocalı Soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar"
Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Xocalı Soyqırımı xalqımızın başına gətirilən ən dəhşətli faciədir. Xocalı faciəsindən əvvəl ermənilər azərbaycanlılar yaşayan Qaradağlı kəndində 80 nəfər dinc insanı qətlə yetirib. Bu cinayətlərin içərisində ən dəhşətlisi Xocalıda törədilib. Spiker bildirib ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin 200 ildən artıq tarixi var: "Ermənilər Azərbaycanın tarixi torpaqlarında dövlət qurub. 1948-50, 1988-90-cı illərdə Ermənistan və Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlılar deportasiyaya məruz qalıb".
O.Əsədovun sözlərinə görə, ermənilər 1992-ci ildə Xocalıda etnik təmizləmə həyata keçiriblər.
Xocalı faciəsinə ilk siyasi qiymətin Ulu Öndər tərəfindən verildiyini deyən spiker qeyd edib ki, Xocalının Soyıqırımı kimi tanıdılması istiqamətində işlər, davamlı olaraq, həyata keçirilməkdədir: "Hazırda Xocalı Soyqırımının tanıdılması istiqamətində işlər görülür. Bu işlərin nəticəsidir ki, bir çox ölkələrin parlamentləri, eləcə də, ABŞ-ın 22 ştatı faciəni soyıqırımı kimi tanıyıb. Xocalı qətliamının dünya ictimaiyyətinə tanıdılması istiqamətində Milli Məclis də öz fəaliyyətini davam etdirməkdədir. Belə ki, deputatlarımızın iştirak etdiyi beynəlxalq tədbirlərdə məsələni diqqətdə saxlayır, parlament üzvləri hər il faciənin ildönümü ərəfəsində bir çox ölkələrdə həyata keçirilən anım tədbirlərində iştirak edirlər".
Spiker qeyd edib ki, Milli Məclis tərəfindən Xocalı Soyqırımı ilə bağlı nəşrlər toplusu işıq üzü görəcək: "Xalqımız heç zaman bu faciəni unutmayacaq. Biz inanırıq ki, xalqımıza qarşı həyata keçirilən vəhşi əməl sahibləri layiqli cəzalarını alacaqlar. Azərbaycan gec-tez torpaqlarımızı işğaldan azad edəcək".
Ziyafət Əsgərov: "Xocalı faciəsinin tanıdılması istiqamətindən görülən işlər müsbət nəticəsini verir"
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentdə faktlara əsaslanan geniş məruzəsi zamanı bildirib ki, Xocalı Soyqırımından 25 il keçsə də, bu faciə heç vaxt unudula bilməz. Çünki Xocalı Soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.
Faciə zamanı dinc əhalinin vəhşicəsinə, kütləvi şəkildə qətlə yetirildiyini deyən vitse-spiker bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək üçün Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı Soyqırımı cinayətləri törədilib: "Xocalıdan əvvəl azərbaycanlıların yaşadığı kəndlərin işğalı zamanı əhalinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütkləvi şəkildə qətlə yetirilməsi planı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən qabaqcadan hazırlanıb. Xocalıda törədilən dəhşətli cinayət nəticəsində, 613 nəfər dinc azərbaycanlı milli mənsubuiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götrülərək, amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən, 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu barədə beynəlxalq təşkilatlara da məlumat verilib".
Faciənin dünyada tanıdılması ilə bağlı hazırda ölkəmizdə görülən işlərdən söz açan Z.Əsgərov qeyd edib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir: "Xocalı Soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir".
Siyavuş Novruzov: "Onlar öz cinayətini etiraf edirsə, biz niyə gözləməliyik?!"
"Xocalı faciəsi etnik və dini təmizləmə məqsədilə törədilən qırğındır"- deyən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin Xocalı faciəsi ilə bağlı hazırladığı qərar layihəsindən danışarkən deyib. O bildirib ki, Xocalı faciəsi ilə bağlı bəzi fikirlər səsləndirilir: "Beynəlxalq hüquqa uyğun olaraq, Xocalı faciəsi Soyqırım adlandırılır".
S.Novruzov hesab edir ki, Azərbaycan hüquq-mühafizə orqanları faciənin təşkilatçıları barədə şifahi qərar çıxarılmalıdır və bütün dünyaya yayılmalıdır: "Artıq faciəni törədənlərin bir neçəsi öz törətdiyi cinayəti etiraf edib. Dırnaqarası erməni ziyalısı Zori Balayan öz kitabından uşaqların necə öldürülməsi və türklərin yandırılmasından zövq aldığını deyir".
Millət vəkili vurğulayıb ki, əgər onlar öz cinayətini etiraf edirsə, biz niyə gözləməliyik ki? S.Novruzovun fikrincə, bu məlumatlar hazırlanıb beynəlxalq təşkilatlar və İnterpola göndərilməlidir.
Bahar Muradova: "Xocalıda baş verənlər insanlığa utancdır"
"Müharibə etmək, sülh istəmək onu necə həyata keçirmək adamların dünyagörüşü, həyata baxışı onun qəlbindən gələn şəkildə ifadə oluna bilər. Amma bir qayda olaraq, siyasət siyasətçilərin işi olduğu kimi, hərb də hərbçilərin işidir. Biz müxtəlif məsələlər haqqında fikirlərimizi bildirə bilərik. Lakin müharibə ilə bağlı qərar Ali Baş Komandanın işidir. Buna görə də, gəlin nə xalqımızın, millətimizin torpağımızın işğal olunması ilə bağlı keçirdiyi hissiyyatları şübhə atına alaq, nə də bu vəzifəni daşıyan yüksək rəsmilərin qərar verməsinə hansısa tərəflərin rəyindən asılı olduğuna dair fikir formalaşdıraq". Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin dünən keçirilən iclasında çıxışı zamanı deyib.
B.Muradova, həmçinin, Azərbaycan Pprezidentinin bu yaxınlarda Münxen konfransında bu məsələ, eləcə də, ATƏT-in Minsk Qrupu ilə bağlı öz mövqeyini ortaya qoyduğunu deyərək bildirib ki, dövlət başçısı konfranslardakı çıxışları ilə nə qədər qətiyyətli lider olduğunu göstərdi: "Buna görə də, hər kəs əmin olsun ki, Azərbaycan Prezidenti sülh danışıqları aparmaqla yanaşı, ölkəmizi ərazilərimizin hərbi yolla alınmasına da hazırlayır. Hər gün övladlarımızın şəhid olması, bizimlə yanaşı, Azərbaycan Prezidentini də narahat edir. Şəhidlərimizlə yanaşı, Çingiz, Mübariz kimi qəhrəman oğullarımızın sayının artmasını da unutmamalıyıq. Biz bədgüman olmamalı, Xocalı, eləcə də, digər həqiqətlərimizlə bağlı həm ölkəmizdə, həm də ölkədən kənarda danışmalıyıq. Əgər bu danışıqlar olmasa idi beynəlxalq ictimaiyyətdə, ayrı-ayrı parlamentlərdə Xocalı ilə bağlı qərarlar qəbul edilməzdi".
Vitse-spiker onu da qeyd edib ki, Xocalı işğaldan azad edilsə belə, bu faciə haqqında danışılacaq: "Bu faciəni unutmaq olmaz. Biz erməni vəhşiliyi obrazını ölməyə qoymamalıyıq. Bu baxımdan, hesab edirəm ki, zamanında hansısa addımlar atmaq lazımdırsa, onu siyasət və danışıqlarla möhkəmləndirməliyik. Artıq ABŞ-ın 23-cü ştatı da Xocalını Soyqırımı kimi qəbul edib. Mən əminəm ki, Azərbaycan dövlətinin məsələnin siyasi və ideoloji tərəfini daim gündəmdə saxlaması siyasəti tamamilə doğrudur. Biz də Azərbaycan xalqı olaraq, bu siyasətin möhkəmləndirməsinə öz töhfəmizi verməliyik. Xocalıda baş verən hadisə insanlığa utancdır".
Sonda parlamentin plenar iclasında Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi səsə qoyularaq, qəbul edilib. Qərar layihəsi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə Soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq ediləcək.
Qərarla Milli Məclis deputatlarına bir vəzifə olaraq tapşırılacaq ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən, beynəlxalq təşkilatıların tədbirlərində iştirak edərkən, son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları sıyqırımı aktları, o cümlədən, Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqədar üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.
RÖVŞƏN NURƏDDİNOĞLU,
RƏFİQƏ KAMALQIZI