Ötən ilin 8-10 noyabr tarixlərində Azərbaycanın İspaniyadakı səfirliyi və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə "Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda keçirilmiş beynəlxalq konfransdan bəhs edən kitab nəşr edilib. Konfransda Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin Şeyxülislamı Allahşükür Paşazadə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin, İspaniyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və nümayəndələri, elm və din xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər. "Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" adlı nəşrin girişində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İspaniya Kralı Əlahəzrət VI Felipenin multikulturalizm və birgəyaşayış ənənələri barədə fikirləri yer alıb. Qeyd edək ki, nəşr beynəlxalq konfransın təşkilatçılarından biri olan "Evsen" Şirkətlər Qrupu tərəfindən hazırlanıb.
Rövşən RƏSULOV