Ukrayna Respublikasının təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunes, nazirliyin Beynəlxalq Əməkdaşlıq və Avropa İnteqrasiya İdarəsinin rəisi Anna Novosad, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişşenko və Ukraynadan gəlmiş digər qonaqlar Bakı Slavyan Universitetində olublar. Qonaqları universitetin rektoru, professor Nurlana Əliyeva qəbul etmiş, BSU-nun Ukraynanın ali təhsil müəssisələri ilə əlaqələrinin tarixindən, bugünkü vəziyyətindən danışıb. O, çıxışında BSU-da hazırda 11 ölkəyə aid Tədris və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.
N.Əliyeva Ukraynanın rəsmi şəxslərinin müxtəlif dövrlərdə universitetə baş çəkməsinin, tələbə-müəllim heyəti ilə görüşlər keçirmələrinin tədris prosesinə müsbət təsir etdiyini, ölkələrimiz arasındakı əlaqələrin inkişafında önəmli rol oynadığını deyib. O, buna nümunə olaraq, bu günlərdə Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunan tədbiri qeyd edib. Bildirib ki, tədbirdə Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə Parlamentlərarası Qrupunun sədri Maksim Kuryaçinin və digər deputatların iştirakı Ukrayna dövlətinin Azərbaycana xüsusi diqqətinin bariz nümunəsi sayıla bilər.
Ukrayna Respublikasının təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunes öz ölkəsində təhsil sahəsində gedən islahatlardan, Azərbaycanla elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə nəzərdə tutulan planlardan danışıb.
BSU-nun prorektoru, professor Rafiq Novruzov BSU ilə Ukraynanın ali məktəbləri arasındakı birgə layihələr barədə məlumat verib.
Görüşün sonunda qonağa BSU-nun 70 illik yubileyinə həsr edilmiş kitab və digər milli hədiyyələr verilib.
ZÜMRÜD