PDF Oxu

Sosial

  • 1 410

Azərbaycan - dünyanın multikulturalizm və həmrəylik mərkəzi!

Azərbaycan - dünyanın multikulturalizm və həmrəylik mərkəzi!

Əsrlərdir ki, Azərbaycan bəşər tarixində bir çox millətlərin, müxtəlif dinlərin nümayəndələrinin dinc və əmin-amanlıq şəraitində yaşadığı ölkə kimi tanınmaqdadır. Hətta belə demək mümkündürsə, ölkəmiz bu istiqamətdə etalon rolunu oynayır.

Belə ki, qədim zamanlardan müasir dövrümüzədək ölkəmiz çoxmillətli, çoxdinli bir ölkə olaraq, həm də bu cəhətdən özünü ən mükəmməl şəkildə tanıdıb. Baxmayaraq ki, Azərbaycan müsəlman ölkəsidir, burada bir çox dinlərin, konfessiyaların uzlaşdığı, müsbət mənada, çarpazlaşdığı məkan kimi qiymətləndirilməkdədir. Məsələyə daha dəqiq yanaşsaq, deyə bilərik ki, Azərbaycanın regionda mövcud olan mövqeyi, qonşuluq münasibətləri, həmçinin, sözügedən istiqamətdə sərgilədiyi üstün cəhətləri burada dini və milli tolerantlığın, millətlərarası münasibətlərin ali məfhumlara əsaslandığını təsdiq etməkdədir. Xüsusilə, bu istiqamətdə əldə edilən inkişaf bilavasitə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaşanmış hərc-mərcliklərə son qoyulmaqla yanaşı, dini etiqadların qorunub-saxlanılması və inkişaf etdirilməsinə də diqqət ayrıldı. Çünki buna əsas var idi. Ölkəmiz post-sovet məkanında müstəqillik əldə etmiş respublikalardan biri olaraq, bir çox daxili və xarici düşmənlərin tamah mərkəzinə çevrilmişdi. Yenicə əldə edilmiş müstəqilliyin əsasını sarsıtmaqdan ötrü işə salınan mexanizmlərdən biri də, məhz din faktoruna tərəf yönəldilmişdi. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı başlatdığı işğalçılıq siyasəti əsas götürülərək, digər dinlərin nümayəndələrinə qarşı süni nifrətlərin oyadılması istiqamətində mənfur planlar icra olunurdu. Özlərini "milli hökumət" adlandıran AXC-Müsavat hakimiyyətinin cütlüyü aşkar şəkildə qeyri-azərbaycanlılara və qeyri-müsəlmanlara qarşı şovinizm, radikalizm siyasəti yürüdərək, əsrlər boyu formalaşmış milli və dini tolerantlıq amilini sarsıdırdılar. Bu və bu kimi digər bənzər hadisələr isə müstəqilliyimizə böyük təhlükələr yaşatmağa başlamışdı.

Bu baxımdan, Azərbaycan xalqının Ümummilli Lideri yaxşı bilirdi ki, bu sahə ən həssas sahələrdən biridir və hər an bizi istəməyən qüvvələr ondan öz çirkin məqsədləri üçün istifadə etməyə çoxsaylı cəhdlər göstərəcəklər. Azərbaycan xalqının tələblərinin ardınca, ikinci dəfə ölkəyə rəhbərliyə gələn Ümummilli Lider Heydər Əliyev AXC-Müsavat cütlüyünün miras qoyduğu mənfur planları alt-üst etdi, daxili və xarici düşmənlərin arzularının reallaşmasına öz qətiyyəti ilə imkan vermədi.

Əbəs yerə deyil ki, Ulu Öndər Heydər Əliyev ölkədaxili səfərləri zamanı məscidlərin, kilsələrin və sinaqoqların təmiri və bərpası, yeni dini-ibadət ocaqlarının yaradılması, ziyarətgah və komplekslər məsələsinə daim üstünlük verir, xalqı və müxtəlif inanclı vətəndaşları vəhdətə gətirmək üçün uzaqgörən siyasətini yürüdürdü.

Lakin vəhdət gücləndikcə, qeyri-ənənəvi təriqətlərin, bu istiqamətdə olan sektaların, eləcə də, missioner təşkilatların çirkin planlarını reallaşdıra bilməmələri, onların daha da azğnlşamasına səbəb olurdu ki, Ulu Öndər Heydər Əliyev bu kimi arzuolunmaz halların da qarşısının alınması üçün müvafiq addımlarını atdı.

Onu da xatırladaq ki, hələ 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmilşdi. Bu qanunda bir sıra boşluqların olmasının səbəbləri idi ki, bəzi güclər çirkin məqsədlərini həmin boşluqlardan istifadə edərək, gerçəkləşdirməyə cəhdlər göstərirdilər. Ona görə də, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müəyyən əlavə və dəyişikliklərin edilməsində qətiyyətli addımını atdı. Həmin vaxtlardan etibarən, Azərbaycan dövləti çoxmillətli, çoxdinli bir respublika olaraq, bu müxtəlifliyini daha dərindən qorumağa başladı. Nəticədə, bütün xalqlar vahid və mehriban bir ailə kimi yaşayışını davam etdirdi, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstərərək, mövcud uğurlardan stumul almağa başladı. Ulu Öndərimiz bu barədə tarixi kəlamında vurğulamışdı: "Yüksək tolerantlıq, ilk növbədə, yüksək mədəniyyətin təzahürüdür".

Artıq istər xristian, istər yəhudi, istərsə də, müsəlman olan vətəndaşlarımız tam əminliklə vurğulaya bilərlər ki, Azərbaycanda millətlər və dinlərarası, o cümlədən, məzhəblərarası təfriqə yaratmaq mümkünsüzdür, çünki ölkəmizdə buna heç bir şərait yoxdur!

Qloballaşma şəraitində həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli sərmayə qoyması da ölkədəki daxili sabitlik və onu reallaşdıran milli və dini tolerantlıq siyasəti sayəsində mümkün olub. Çağdaş Azərbaycan multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Burada hər bir xalq və etnikin mədəni, dini müxtəlifliyi vahid harmoniyaya-ümummilli vətəndaş həmrəyliyinə xidmət edir. Əksər ölkələr üçün örnək olan bu model artıq müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib. Məlum olduğu kimi, ölkəmizdəki mövcud multikulturalizmi qiymətləndirən Moskva və bütün Rusiyanın patriarxı II Aleksi hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə müqəddəs Moskva knyazı Daniel ordenini təqdim edərkən demişdi: "Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir".

Roma Papası mərhum II İohann Pavelin xristianlığın katolik məzhəbinə etiqad edən ölkələrin israrlı dəvətlərinə rəğmən, məhz əhalisinin cəmi 0,5 faizini katoliklərin təşkil etdiyi Azərbaycana səfər etməsi isə azsaylı millət və onların etiqad etdiyi dinlərə də sayğının, xoş münasibətin dönməzliyindən xəbər verir. Vacib məqamlardan biri də Azərbaycanın mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsi olmasıdır. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar deyib: "İSESKO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır".

Bu gün Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin Prezident İlham Əliyev tərəfindən bəyan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi multikulturalizm və həmrəylik mərkəzi hesab edilən Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

Təsadüfi deyil ki, müasir cəmiyyətlərdə birgəyaşayış təcrübələrinin lokal və qlobal səviyyələrdə təşviq edilməsində Prezident İlham Əliyevin şəxsi təşəbbüskarlığı dünyanın diqqət mərkəzindədir. Müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis edilməsi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq, hər iki ildən bir ümumdünya mədəniyyətlərarası dialoq forumları təşkil edilir.

Roma Papası Fransiskin Azərbaycana səfəri isə, Azərbaycanın multikulltural dəyərlərinin hansı dərəcədə inkişaf etməsinin müsbət yönümlü kulminasiya nöqtəsi idi. Dünya mediası bu səfər barədə kifayət qədər mühüm məqamlara toxunaraq, Azərbaycanın istər regionda, istərsə də dünyadakı əhəmiyyətli yeri barədə məqalələr dərc etdi.

Amerikada çıxan "Jewish Journal" qəzetində Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin Roma Papasının Bakıya səfəri haqqında məqaləsi dərc edildi. Müəllif Azərbaycandakı Heydər Məscidində müsəlmanların, katoliklərin, protestant və pravoslav xristianların Roma Papası ilə unikal görüşü barədə yazısında bir çox müsbət məqamlar haqqında təhlillərini aparıb. M.Yevdayev qeyd edib ki, Azərbaycan çoxmədəniyyətli özünüifadə modelidir və bütün dünya bu məqama diqqət yetirməlidir. Müəllif Papanın səfərinin Azərbaycanda növbəti qlobal multikultural tədbirdən - 5-ci Bakı Beynəlxalq Humanitar Forumundan dərhal sonra baş tutması məqamına da toxunub və xatırladıb ki, forumda 80 ölkədən gəlmiş yüzlərlə lider müasir dövrün ən əhəmiyyətli məsələlərini, ölkələr, mədəniyyətlər və icmalar arasında qarşılıqlı münasibətlər qurulması problemlərini müzakirə ediblər.

Beləliklə, Azərbaycan, məhz bu kimi dəyərləri ilə dünyaya bir nümunə olduğunu sübut etməkdədir. Müasir Qərb politoloqları da artıq etiraf edirlər ki, multikulturalizm, dini dözümlülük amilləri bu qitədə iflasa uğrayıb. Lakin bu gün Avropa ölkələrinin üzləşdiyi problemlər ölkəmiz üçün səciyyəvi deyil. Azərbaycan bir çox ölkələr kimi "immiqrant dövlət" deyil. Azərbaycanda etnoslar və konfessiyalararası tolerantlıq ənənəsi "miqrantlara olan ehtiyac" üzərində deyil, tarixən formalaşdığı üçün dərin köklərə malikdir və bütün xalqların tarixi yaddaşı kimi, təmələ əsaslanır. Əbəs yerə deyil ki, ölkə Prezidenti Cənab İlham Əliyev də bu barədə öz çıxışlarında vurğulayıb: "Bəzi ölkələrdə islamofobiya meyillərinin güclənməsi, islam müqəddəslərinin təhqir edilməsi bizi narahat edir, hiddətləndirir".

Bəli, Azərbaycan bu gün sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı ölkə statusunu qazanıb. Bu isə, ilk növbədə, ölkə rəhbərinin yürütdüyü uğurlu və balanslı siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Bu gün Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanlar İdarəsinin birgə fəaliyyəti də ölkəmizdə tolernatlığın daha güclü dayaqlara söykənməsinə xidmət edir. Belə ki, DQİDK sədri Mübariz Qurbanlı müsahibələrindən birində qeyd edib ki, Azərbaycanda qədim zamanlardan müxtəlif dinlər tolerantlıq şəraitində yan-yana fəaliyyət göstəriblər: "Müxtəlif konfessiyalara mənsub insanların qarşılıqlı xoş əlaqələri ənənə halını almışdır. Bu gün də həmin ənənənin dini icmaların bir-birinə olan münasibətində şahidi oluruq. İstər əlamətdar günlərdə, istər bayramlarda, istərsə də icmaların digər ictimai həyatında bu yaxınlığı, səmimiliyi görürük. Ümumiyyətlə, ölkədə tolerant mühitin yaradılmasına xidmət edən müxtəlif dini konfessiya liderlərinin qarşılıqlı əlaqələri yüksək səviyyədədir. Dövlət Komitəsi olaraq da tolerantlığın ölkəmizdə daha da təkmilləşməsivə müxtəlif dini konfessiya rəhbərləri arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətində bir sıra addımlar atılmışdır".

Beləliklə, tam əminliklə vurğulamaq mümkündür ki, Azərbaycan dünyada dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsində əvəzedilməz baza rolunu oynamaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Digər xəbərlər