Nümunəvi inkişaf modelinə malik olan Azərbaycan regionun lider dövləti səviyyəsinə yüksəlib. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və son 13 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb.
Ölkənin bütün sahələrində olduğu kimi, qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində, Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə reallaşan dövlət proqramları, həyata keçirilən islahatlar turizmin inkişafına səbəb olan amillərdir. Eyni zamanda, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları turizm siyasətinin həyata keçirilməsinə əsaslı dönüş yaradıb. Regionlarda bu sahənin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə mütəmadi səfərlər təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaq məqsədi ilə müxtəlif layihələr həyata keçirilməkdədir. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlər öz həllini tapıb. Ölkədə turizmin inkişafına münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib.
Dövlət başçısının 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına və 2016-cı il 6 dekabr tarixli "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi haqqında Fərmanına əsasən, ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülməsinə artıq başlanılıb. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə sektorun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksəkkeyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması xüsusi yer alır.
Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı da bu istiqamətdə görülən növbəti addım oldu. Sərəncama əsasən, sərhədkeçmə prosedurları sadələşdirilib. Eləcə də, ölkəmizə gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan sərhəd - gömrük və digər sahələrdə çalışan yerli vətəndaşlara dil, ünsiyyət, turistlərlə davranma peşəkarlığı üzrə təlimlər keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, elektron viza sisteminin tətbiqi və bu il yanvarın 10-dan etibarən "ASAN Viza" sisteminin fəaliyyətə başlaması uğurlu addımlardandır.
Görülən ardıcıl tədbirlərin nəticəsi olaraq, ölkəmizə səfər edən xarici turistlərin sayı artmaqdadır. 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur. Ötən il ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib. Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün ötən ildən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.
Onu da qeyd edək ki, ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi də xarici turistlərin ölkəmizə marağını daha da yüksək səviyyədə artırıb. Bir neçə aydan sonra artıq Bakıda İslam Həmrəyliyi Oyunları, daha sonra isə "Formula-1" yarışları keçiriləcək ki, bu da turistin ölkəmizə axınını artıracaq. Naxçıvanın 2018-ci il üçün "İslam Mədəniyyətinin Paytaxtı" elan olunması isə turistlərinin növbəti illərdə sayını daha da artıracağından xəbər verir.
Nəzakət ƏLƏDDİNQIZI