Dövlət Sərhəd Xidmətində bu mövzuda tədbir keçirilib
Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, narkomanlıq, digər zərərli vərdişlərdən qorumaq və daha sağlam böyüməsi məqsədi ilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində, mütəmadi olaraq, silsilə tədbirlər keçirilir. Bu istiqamətdə növbəti tədbirlərdən biri də mart ayının 2-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında "Sərhədçilərimiz sağlam həyat naminə!" mövzusunda olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 24 iyun 2013-cü ildə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üzrə keçirilən tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin nümayəndələri şəxsi heyət qarşısında maraqlı məruzələrlə çıxış ediblər.
Tədbirdə narkomaniyanın törətdiyi xəstəliklər, bu təhlükəli vərdişlərin insan sağlamlığına və cəmiyyətimizə vurduğu zərərlər barədə film nümayiş olunub, dinləyiciləri maraqlandıran suallara ətraflı cavablar verilibdir.
Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, Dövlət Sərhəd Xidməti tərəfindən, mütəmadi olaraq, kimsəsiz uşaqların dünyagörüşünün artırılmasına, onların vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə müsbət təsir göstərən xeyriyyəçilik tədbirləri də həyata keçirir, uşaqlar üçün, mütəmadi olaraq, şənliklər təşkil edilir. Elə növbəti tədbir də mart ayının 2-də Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri və "Sərhədçi" Vokal-İnstrumental Ansamblı 2 nömrəli ümumi orta internat məktəbinin müəllim və şagirddləri ilə görüşüdür.
Qeyd edək ki, Bakı şəhər Xəzər rayonu ərazisində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi ilə Dövlət Sərhəd Xidmətinin çoxillik əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq və əlaqələrin nəticəsidir ki, məktəbi bitirən kimsəsiz uşaqlar Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrində xidmətə qəbul edilirlər. İnternat məktəbində ixtisaslaşmış musiqi bilikləri alan və məktəbdə fəaliyyət göstərən kiçik nəfəsli alətlər orkestrinin tərkibində təcrübə qazanan gənclər hərbi orkestrin tərkibində peşəkarlara çevrilir, dövlət sərhədlərimizin mühafizəsini şərəflə qoruyan hərbi qulluqçular qarşısında vətənpərvərlik mahnılarını, xalq musiqilərini və müasir bəstəkarların əsərlərini ustalıqla ifa edirlər.
Konsertdən sonra Dövlət Sərhəd Xidmətində xidmət edən məktəbin məzunları şagirdlərlə söhbətlər aparmış, sərhədlərimizin mühafizə olunmasının əhəmiyyətindən və hərbi orkestrdə yaradılmış şəraitdən danışıblar.
Tədbirin sonunda şagirdlərə hədiyyələr təqdim olunubdur.
Rəfiqə HÜSEYNOVA