PDF Oxu

Sosial

  • 1 264

"Alman dili və ədəbiyyatı ilə bağlı multikultural və transkultural tədqiqatlar" mövzusunda beynəlxalq konfrans keçirilib

"Alman dili və ədəbiyyatı ilə bağlı multikultural və transkultural tədqiqatlar" mövzusunda beynəlxalq konfrans keçirilib

Dünən Bakı Slavyan Universitetində "Alman dili və ədəbiyyatı ilə bağlı multikultural və transkultural tədqiqatlar" mövzusunda beynəlxalq konfrans keçirilib. BSU-nun Germanistika İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransın əvvəlində Azərbaycan və Almaniyanın Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Vürsburq Universitetinin professoru Ziqlinde Hartman çıxışında Germanistika İnstitunun BSU-da yeni yaranmasına baxmayaraq, böyük uğurlara imza atdığını dilə gətirib.

Çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, multikultural dəyərlərin önündə təhsil və elm gəlir: "Düşünürəm ki, belə konfranslar gənclərimizin elm və təhsil sahəsində beynəlxalq aləmə inteqrasiyasında böyük rol oynayacaq. Elm və təhsil dünyanın mütərəqqi hissəsinin bir araya gəlməsinə zəmin yaradır."

Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi xanım Tereza Şönfeld bildirib ki, yaxın günlərdə səfirlik tərəfindən almanların Almaniyadan Azərbaycana köçürülməsinin 200 illiyi münasibəti ilə böyük konfrans keçiriləcək. Səfirlik nümayəndəsi həmin köçkünlərin Şillerin, Hötenin dilini Azərbaycana gətirdiyini, alman mədəniyyətinin, adət-ənənlərinin burada inkişafına rəvac verdiyini deyib.

Konfransda çıxış edən Türkiyənin Marmara Universitetinin professoru İclal Cankorel Bakıda olmağından məmnun qaldığını deyərək, konfransda yüksək səviyyəli mövzuların müzakirəsinin aparılacağını diqqətə çatdırıb.

Alman Akademik Mübadilə Xidmətinin Bakı ofisinin rəhbəri Stephanie Dufaux Germanistikanın bu gün bir çox ölkələrdə inkişafda olduğunu nəzərə çatdırıb. Bakı Slavyan Universitetində Germanistika İnstitutunun fəaliyyətini, xüsusilə, yüksək qiymətləndirən S.Dufaux bu universitetdə 200-dən artıq tələbənin alman dilini öyrənməsinin bu dilə göstərilən diqqətin sübutu olduğunu söyləyib.

Konfransda iştirak edən professor Vilayət Hacıyev bu konfransın alman ədib və filosoflarının əsərlərinin dilimizə tərcüməsinə, ümumiyyətlə, almanşünaslığa olan diqqəti artıracağını söyləyib.

BSU-nun Germanistika İnstitutunun direktoru Sevinc Rzayeva konfransın alman modeli əsasında keçirildiyini vurğulayıb.

ZÜMRÜD

Digər xəbərlər