PDF Oxu

Sosial

  • 1 214

Serjik Azatoviçin "Euronews" dalanı

Serjik Azatoviçin "Euronews" dalanı

SİYASİ RAKURS

Yaxud Ermənistan prezidentinin adi jurnalist qarşısındakı acizlik etirafı

Bəlli olduğu kimi, Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə səfər edib və bu səfərində elə də isti münasibətləri olmayan Avropa İttifaqı (Aİ) ilə yeni münasibətlərini qurmağa səy göstərib. Lakin erməni prezidentin sözügedən səfərinin təfərrüatlarını araşdırarkən, ilk görünən budur ki, nə Aİ, nə də Ermənistan tərəfi qarşılıqlı səmimiyyət üzərində iş aparmayıblar. Düzdür, Aİ ilə Ermənistan arasında bu ilin mayında yeni iş birliyi baxımından anlaşma imzalanması gözlənilir, ancaq bu məsələnin digər tərəfini, yəni işğalçı ölkənin Rusiyanın "Domokl qılıncı" altında Avrasiya İttifaqına üzv olmasını nəzərdən keçirdiyimiz zaman Aİ-nın rəsmi Yerevanla etibarlı tərəfdaş olmasını gözləməyə dəyməz.

Hələ 2013-cü ildə Ermənistan Avropa İttifaqı ilə ortaqlıq və ticarət anlaşmasını imzalamağı qarşısına məqsəd kimi qoymuşdu. Lakin sonradan Serj Sarkisyan Vilnüsdə baş tutacaq imzalanma prosesindən kənarda qalmağı daha üstün tutdu. Belə ki, həmin ərəfədə Rusiya tərəfindən Avrasiya İqtisadi Birliyi (eyni zamanda, Avrasiya İttifaqı-R.N.) məsələsi gündəmə çıxarılmışdı və Yerevan Vilnüs anlaşmasına imza atsaydı, o zaman Kremlin qəzəbindən qurtula bilməyəcəkdi. Nəticədə, Sarkisyan Moskva asılılığını etiraf edərək, məhz Rusiyanın təklif etdiyi qurumla anlaşmasını imzaladı. Həmin ərəfədə də ekspertlər bildirirdilər ki, Rusiya Ermənistan üçün enerji, hərbi və siyasi məsələlər baxımından, önəmli bir tərəf kimi qiymətləndirilir.

Sual-cavab mühiti çərçivədən çıxaraq, "siçan-pişik" oyununa çevrilmiş oldu

Bu arada erməni prezidentin Brüssel səfəri zamanı "Euronews" telekanalı ondan müsahibə götürüb və demək olar ki, jurnalistin verdiyi suallar qarşısında dalana dirənib. Hətta deyərdim ki, sual-cavab mühiti çərçivədən çıxaraq, "siçan-pişik" oyununa çevrilmiş oldu. Məsələn, jurnalist Sarkisyana sual verib ki, hələ 2013-cü ildə Aİ ilə ortaqlıq anlaşmasına hazırlaşdığı bir zamanda nəyə görə anidən bu fikrini dəyişdi və hazırda Ermənistan nə etməyə çalışır?

Təbii ki, Serj Sarkisyanın diplomatik baxımından, təcrübəsi olmadığına görə, özünün hesab etdiyi kimi, "diplomatik" cavab verib. Amma fakt budur ki, bu "diplomatik" cavab "Euronews" müxbirini qane etməyib. Məsələn, Sarkisyan deyib: "Hər iki tərəf yaxşı niyyətdə olduğunu göstərir və bu anlaşma öncəkilərdən fərqli deyil. Siyasi baxımdan, elə də dəyişiklik yoxdur. Avrasiya İittifaqı ilə problem yaşanmayacağından əmin olmalıyıq" (?!-R.N.).

Göründüyü kimi, Serj Sarkisyan özü də etiraf edib ki, siyasi baxımdan, elə də dəyişiklik yoxdur və o, Avrasiya İttifaqı ilə problem yaşanmayacağına yalnız ümid (!-R.N.) edir. Yəni bilmək olmaz ki, sabah Rusiya Ermənistana qarşı hansı addımları atacaq. Hətta rəsmi Yerevan rəsmi Moskvanın hansı ağır təzyiqləri ilə üz-üzə qalacaq.

Jurnalistdən Sarkisyana siyasət dərsi

Təbii ki, Sarkisyanın bu cavabı "Euronews" müxbirini qane etməyib və o da bir azca erməni prezidentinə siyasət dərsi verməyə məcbur olub. Məsələn, 2013-cü ildə Vilnüs anlaşması fonunda Rusiyanın Ermənistanla yanaşı, Ukraynaya da təzyiqlər etməsini və sonrakı prosesləri yada salıb və təbii ki, Serj Sarkisyanın bu sual ətrafında gah nala, gah da mıxa döyəcləməsi, onun acizliyini daha da aşkar şəkildə sübuta yetirib.

Digər tərəfdən, jurnalistin gələcəkdə Avrasiya İttifaqı ilə Avropa İttifaqı arasında hər hansı ortaq məxrəcin yarana bilməsi ehtimalı ilə bağlı sualı da cavablandıran Sarkisyan, özünün Moskvanın nökəri olduğunu isbatlayıb. Onun "bu durumdan danışmaq, hələ ki, çox tezdir" cavabı da, məhz bu amilin açıq göstəricisidir.

Ermənistan Avropaya futbolçu Henrix Mkrtçyandan və şahmatçı Levon Aroyandan başqa bostan birkiləri də ixrac edəcəkmiş...

Əlbəttə, Ermənistan prezidentinin adi jurnalist qarşısında sərgilədiyi "performans" qarşı tərəfin onu ələ salmasıyla nəticələnəcəkdi və belə də olub.

Jurnalistin sualına diqqət yetirək: "Avropa İttifaqına nə təqdim edə bilərsiniz? Futbolçu Henrix Mkrtçyan yaxşı nümunədir, ancaq bu quruma başqa nə verə bilərsiniz?"

Sarkisyanın cavabı yenə də gülünc və istehzadoğurucudur. Yəni jurnalistin Ermənistanın Avropa məkanına Mkrtçyandan başqa heç nə vermədiyini deməsini ciddi sual kimi qəbul edən Serjik buna əlavələr də edərək, Avropaya şahmatçı Levon Aroyanı da verəcəyini deyib.

Əlbəttə, bu, Ermənistan prezidentinin "intellektual" səviyyəsinin aşkar göstəricisidir və o, sonda yalan danışmağa belə məcbur olub. Misal üçün, Ermənistanda bitən bostan bitkilərindən, yaxud da texnologiyalardan (?-R.N.). Maraqlıdır, görəsən, Avropa İttifaqı kimi nəhəng coğrafiya, həqiqətən ac, səfil, get-gedə ölümü sürətlənən Ermənistanın bostan bitkiləri və texnologiyalarına bu qədərmi möhtacdır?

Beləliklə, Serj Sarkisyanın NATO ilə iş birliyi və ölkəsində keçiriləcək seçkilər ətrafında da "şarmanka" fırlatması onun "Euronews" dalanında ilişib qalmasını göstərmiş oldu. Yaxud Serj Azatoviçin başabəla müsahibəsi adi bir jurnalist qarşısındakı acizlik etirafını təsdiqlədi. Zatən, ondan başqa cavabları da gözləməyə dəyməzdi...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər