Dünən Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib. Toplantını açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Gündəlikdə duran birinci məsələ Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısının alınması ilə bağlı vəziyyətin mediada işıqlandırılmasına dair müzakirələr olub. Bildirilib ki, medianın cəbhə xəttində baş verənlərə münasibəti ümumən ictimaiyyətin mənafeyinə söykənir. Cəmiyyət üzvləri hər zaman Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə həssasdır.
İclasda qeyd olunub ki, Mətbuat Şurası fevralın 24-dən 25-nə keçən gecə törədilmiş erməni təxribatı ilə bağlı vəziyyətin KİV-lərdə işıqlandırılmasından narahatlığını konkret bir məsələ müstəvisində ifadə etdi. Qurum ermənilər tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan əsgərlərinin meyitlərinin yer aldığı iddia olunan görüntünün ölkə mediasında yayımlanması hallarının yolverilməzliyini vurğuladı.
Mətbuat Şurasının monitorinqi müəyyənləşdirib ki, fəaliyyət aktivliyi sırf cəbhə xəttində baş verən proseslərə köklənmiş internet media resursları var. Onlar bir çox hallarda yaydıqları materialın məzmununa uyğun olmayan sərlövhələrlə diqqəti özlərinə çəkməyə çalışırlar. Belə saytlar, eyni zamanda, rəsmi mənbələrə istinad etmir, yalan, həqiqətə uyğun gəlməyən məsələləri də qabardaraq cəmiyyətdə çaşqınlar yaradırlar. İclasda belə spekulyativ yol tutanlara qarşı hüquqi ölçünün götürülməsinin zəruriliyi vurğulandı. Toplanmış materialların müvafiq qurumlara göndərilməsi təqdir olundu.
Mətbuat Şurası İdarə Heyətinin iclasının gündəliyində duran ikinci məsələ "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanunlarına təklif olunan dəyişikliklərlərlə bağlı olub. Mövcud xüsusda dəyişikliklərin son dərəcə əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Bildirilib ki, hər iki layihə ölkəmizin hüquqi münasibətlər sisteminə yeni anlayışların gətirilməsi baxımından önəmlidir. Bu anlayışları vacib edən cəhət onların praktik vəziyyətə adekvatlığıdır. Çünki internet məkanda tənzimləmələrin aparılması məsuliyyət hissinin artırılması, neqativ halların və sui-istifadə meyllərinin aradan qaldırılmasının təminatıdır.
Müzakirə edilən üçüncü məsələ şuranın "reket jurnalistika"ya qarşı mübarizə tədbirləri olub. Məlumat verilib ki, 2016-cı ildə Mətbuat Şurasının "qara siyahı"sına, ümumilikdə, 10 KİV-in adı daxil edilib. Bunlardan 3-ü saytdır. Adı əvvəlki illərdə "qara siyahı"ya daxil edilmiş 2 qəzetin onlayn versiyası kimi fəaliyyət göstərən 2 xəbər saytı da qeyd edilməlidir. Beləliklə Şuranın ötən il qəbul etdiyi 44 qərardan 10-u cavabdeh KİV-in adının "qara siyahı"ya salınmasını nəzərdə tutur.
İclasda "Reket Jurnalistika"ya qarşı Mübarizə Komissiyasının 2016-cı ildəki fəaliyyəti müsbət qiymətləndirilib. Qurumun 2017-ci il üçün görəcəyi işlərin spesifik tərəfləri ətrafında fikir mübadiləsi aparılıb. Bu məqsədlə onun tərkibinin genişləndirilməsi, tərkibə müvafiq dövlət orqanlarından da nümayəndələrin daxil edilməsi istiqamətində tədbirlərin görülməsi qərara alınıb.
İclasda bildirilib ki, bu gün Azərbaycan Mətbuat Şurasının icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadənin 66 yaşı tamam olur. Mətbuat Şurasının sədri Ə.Amaşov R.Hüseynzadənin şuranın formalaşmasındakı və inkişafındakı xidmətlərindən söz açıb.
R.Hüseynzadə ona göstərilən diqqətə görə İdarə Heyətinin üzvlərinə təşəkkürünü bildirib. O, Mətbuat Şurasında keçirdiyi illərin ömrünün ən yaddaqalan və xoş səhifələri olduğunu vurğulayıb. R.Hüseynzadə, həmçinin, artıq təqaüd yaşında olduğunu bildirərək, şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb. İH üzvləri istefanı qəbul ediblər.
Rövşən RƏSULOV