Milli-mənəvi dəyərləri ilə dünyada tanınan Azərbaycan xalqı zaman-zaman yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, gözəl adət-ənənələri, milli xüsusiyyətləri dünya xalqları arasında özünəməxsus yer tutub. Xalqın tarixi ilə aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu öz maddi və mənəvi xəzinəsini qoruyub-saxlaya bilib. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq bizim əsrə, yəni yüzilliyə qədər gəlib çatmışdır. Hər il müsəlman dünyasının böyük həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadan gündür. Bu bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəsləşdirilmiş Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Bu dörd çərşənbənin qeyd olunmasının arxasında böyük həqiqətlər dayanır. Folklorşünas alimlərin fikrincə, bu çərşənbələr insanın həyata gəlişi və həyatın canlanması ilə əlaqədardır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilib.
Bu gün xalqımız üçüncü çərşənbəni, "Yel çərşənbəsi"ni qeyd edir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə" adı ilə də tanınan Yel çərşənbəsində Yel Baba yatmış torpağı silkələyib oyadır və cana gətirir. Əski etiqadlara görə, məhz o gün "qara nəhr"də yatmış dörd cür külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, sonra isə hər biri bir libasda özünü göstərir. Burada rənglər də mifik məna daşıyır. Ağ Yel - ağ libasda, qara Yel - qara libasda, Xəzri - göy libasda, Gilavar qırmızı libasda təsəvvür edilir. Yel çərşənbəsi bu dördlüyün cəmində qısa müddətdə bütün dünyanı gəzib-dolaşır.
Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel Baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel Babanın üfürməsi ilə yumaq açılır və yolunu itirmiş insanları mənzil başına çatır.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Axır çərşənbə üçün hazırlıqlar görür. Qız-gəlinlər böyük sevinclə şirniyyat hazırlayır. Həmin gün xeyli boy atmış səməninin ortasına qırmızı qumaş bağlanır.
Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel çərşənbəsində Yel Babanın şərəfinə xüsusi mərasimlər və ayinlər keçirilir. Yellə bağlı nəğmələr və bayatılar söylənilir. Yel çərşənbəsi ilə bağlı inanclar maraq doğurur. İnanclara görə, Yel çərşənbəsində ağaclar oyanar. Yel çərşənbəsində söyüd ağacının altından keçərlər ki, niyyətin qəbul olsun. Yel çərşənbəsində Yel Babanı köməyə çağırarlar. Yel baba xırmana gəlməmişdən öncə, ordan buğda və dən götürməzlər. Azərbaycan mifoloji mətnlərində Yelin xeyirxah obrazına rast gəlinir. "Dünyada nə ki yel, külək var, hamısının ixtiyarı Yel babanın əlindədir", - deyilir. Xırman sovrulanda camaat Yel Babanı köməyə çağırıb deyər: Yel Baba, gəl atına saman apar. Yel Baba da gəlib xırmanı sovurar. Dən qalar adamlara, samanı da Yel Baba aparar öz atına. "Yeli əsdirəni söyməzlər" - inancı da elə birbaşa yel tanrısının - yel ruhunun müqəddəsliyi anlamını özündə ehtiva etməklə yelin gücünə olan inamın təsdiqi və təzahürüdür.
Bu gün Yel çərşənbəsinin ilıq nəfəsi Azərbaycan torpağına qədəm qoyub. Qoy dünyanı gəzib-dolaşan Yel Babanın qədəmləri xalqımıza uğur gətirsin!
Nəzakət ƏLƏDDİNQIZI