PDF Oxu

Sosial

  • 1 110

Avropa Parlamenti işğalçı kimi tanıdığı Ermənistan prezidentindən niyə rüşvət alır?- EKSPERTLƏR DANIŞIR!

Avropa Parlamenti işğalçı kimi tanıdığı Ermənistan prezidentindən niyə rüşvət alır?- EKSPERTLƏR DANIŞIR!

Məlahət İbrahimqızı: "Serj Sarkisyandan mükafat alan avropalı deputatlar Azərbaycana gəlməməlidir"

Arzu Nağıyev: "Azərbaycan ərazilərinə qanunsuz səfərlər edən "siyasət"çilərə "Mxitor Qoş" adlı medalın verilməsi gözlənilən idi"

Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar nümayiş etdirməkdə davam edirlər. İstər BMT, istər ATƏT, istərsə də Avropa Parlamentinin açıq, qətiyyətli, obyektiv mövqe ortaya qoya bilməməsi bütün dünyada işğalçıların əl-qol açmasına, dünyada sülh və əmin-amanlığın təhlükə altında olmasına səbəb olur. Bildiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə səfər etmişdi. Sarkisyanın səfər çərçivəsində Avropa Parlamentinə mükafat təqdim etməsi də məlumdur. Təəccüb doğuran məqam odur ki, Avropa Parlamenti dəfələrlə Ermənistanı işğalçı dövlət kimi təqdim etməsinə baxmayaraq, hələ işğalçı dövlətin mükafatını da qəbul edib. Yəni riyakarlıq və ikili standartlar olmadan sanki beynəlxalq təşkilatlar fəaliyyət göstərə bilmirlər. Sual yaranır, Ermənistanı işğalçı dövlət kimi tanıyan Avropa Parlamenti bəs bu işğalçı dövlətin hədiyyəsini niyə qəul edir? Ekspertlər düşünürlər ki, Avropa Parlamentinin Sarkisyandan hədiyyə alması onun işğalçı mövqeyini dəstəkləməyə xidmək edir.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Xocalıda əli uşaq qanına bulaşmış, uşaq qatilinə çevrilmiş, mülki insanların vəhşicəsinə öldürülməsində iştirak edən Sarkisyanın Avropa Parlamentində o səviyyədə qəbul olunması utancvericidir: "Bütün beynəlxalq təşkilatlarda işğalçı kimi qəbul olunmuş bir dövlətin başçısının əlindən hansısa formada mükafat alınması Avropa parlamnetarilərinin fəaliyyətləri dövründə utancverici haldır. Bir tərəfdən, Avropa Parlamenti sənəd qəbul edərək, deyir ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib. Bir milyon məcburi köçkün var. Digər tərəfdən isə, qəbul etdiyi qətnamənin əleyhinə olaraq, işğalçı kimi tanıdıqları dövlətin-hansı ki, o dövlətin başçısı da Qarabağın işğal olunmasında, Xocalı Soyqırımının törədilməsində iştirak edib-başçısının əlindən mükafat alır. Sözün bitdiyi yer... Bunu ancaq belə qiymətləndirmək olar. Avropa Parlamenti Ermənistanın onlara gətirib verdiyi mükafatı mətbuata belə çıxarmamalıydır. Hesab edirəm ki, Serj Sarkisyandan mükafat alan avropalı deputatlar Azərbaycana gəlməməlidir. Məsələ qaldırmalıyıq ki, Avropa Parlamenti işğalçı dövlətin başçısından mükafat alır və Azərbaycana gəlir. Biz bunu necə qəbul edə bilərik?! Bu, onu göstərir ki, onlar açıq-aşkar Ermənistanın tərəfindədirlər. Eyni zamanda, Avropa Parlamentinin öz daxili qaydaları var. Necə ki, Azərbaycan Milli Məclisinin etik kodeksi və qaydaları var. Həqiqətən də, bu, utancverici haldır. Əgər Avropa Parlamenti işğalçı Sarkisyandan mükafat qəbul edirsə, bunun özü də rüşvətin bir növüdür".

Politoloq Arzu Nağıyev vurğulayıb ki, burada, əsasən, söhbət ikili standartla yanaşmadan gedir: "Sarkisyanın verdiyi hədiyyələr, əsasən, öz çirkin siyasətlərini həyata keçirmək üçün edilir. Hətta verdikləri hədiyyələrdə də Ermənistanın saxta tarixini, saxta soyqırımı, separatçı rejimi diqqətdə saxlamaq cəhdləri və digər riyakarlıqları əks etdirən əşyalardan və medallardan ibarətdir. Sarkisyan bir neçə ermənipərəst avropalı deputatları özlərinin etdikləri "Mxitar Qoş" adlı medalla təltif edib. Bunu qəsdən edirlər ki, guya Mxitar (Muxtar) Gəncədə 1100-cü illərdə anadan olub və həmin ərazilərdə, Tavuşda və s. yaşayıb. İnandırmağa çalışırlar ki, guya ermənilər bu ərazilərə 17-19-cu əsrlərdə deyil, o vaxtlar gəlib yaşayıblar. Ermənilər hər bir addımlarını siyasətə çevirməyə çalışırlar. Lakin hər dəfə də yalanları ifşa olur. Təbii ki, bunu ifşa etmək də Azərbaycan üçün zəhmət və böyük işlər tələb edir. Bir sözlə, Avropa parlamentarilərinin belə hədiyyələri qəbul etmələri erməni dəyirmanına su tökmək kimi bir şeydir. Son zamanlar ancaq deklorativ bəyanatlar verən, Azərbaycan ərazilərinə qanunsuz səfərlərlə bağlı, hətta "İnterpol" tərəfindən axtarışa verilən "siyasət"çilərdən bu hərəkətlər gözləniləndir".

Samir

Digər xəbərlər