İki ölkə arasındakı mövcud bağlar regionun gələcəyi üçün önəmlidir
İran dövləti ilə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasət xəttində prioritet istiqamətlərdən biridir. Rəsmi Tehranın da Bakı ilə əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.
Azərbaycan və İran xalqları arasında din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlıq rəsmi Tehranla Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər qonşuları ilə yanaşı, İranla münasibətləri də keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər fonunda xarici siyasətdə İranla əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu təsdiqlədi.
Rəsmi Bakı, eyni zamanda, nə vaxtsa ərazisindən İrana qarşı hərbi müdaxilə məqsədilə istifadə olunmasına heç zaman yol verməyəcəyini dəfələrlə bəyan etmişdir
Ölkəmiz ABŞ və bəzi Qərb dövlətlərinin İrana qarşı artan təzyiqləri fonunda geosiyasi rəqabət meydanına, hansısa dövlətin platsdarmına çevrilmək niyyətindən uzaq olduğunu bəyan edərək, qonşu dövlətlə mehriban münasibətlərin qorunub-saxlanılmasının tərəfdarı kimi çıxış etdi. ABŞ-ın "nüvə təhlükəsi" ilə bağlı narahatlığını başa düşən rəsmi Bakı, həmçinin, İranın uranın zənginləşdirilməsi proqramının dinc məqsədlərə - nüvə enerjisi əldə etmək niyyətinə hesablandığına ümidvar olduğunu vurğuladı. Rəsmi Bakı, eyni zamanda, nə vaxtsa ərazisindən İrana qarşı hərbi müdaxilə məqsədilə istifadə olunmasına heç zaman yol verməyəcəyini dəfələrlə bəyan etmişdir. İran dövləti də Azərbaycanı bütün beynəlxalq təşkilatlarda - BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və digər təşkilatlarda daim müdafiə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə İrana rəsmi səfər etməsi də ikitərəfli münasibətlərin daha da inkişafına ciddi təsir göstərəcək. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani arasında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar, energetik, bütövlükdə isə, regional sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Bu səfərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə edildi. Əməkdaşlığın daha da dərinləşməsinə mane ola biləcək əngəllərin aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsinin zəruriliyi vurğulandı.
Həsən Ruhani: "Ölkələrin inkişafı bir-birinin iqtisadi inkişafına öz töhfəsini vermiş olar"
Onu da xatırladaq ki, hələ 2014-cü ilin payızında İranın dövlət rəhbəri Həsən Ruhaninin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətləri belə xarakterizə etmişdi: "Bizim əlaqələrimizin təməlində xalqlarımızın dostluğu və qardaşlığı dayanır. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar, bir yerdə yaşamış-yaratmışlar. Bu, möhkəm təməldir. Bu təməl üzərində ikitərəfli dövlətlərarası əlaqələr qurulur. Son aylar ərzində bu əlaqələr yeni pilləyə qalxmışdır.
Bizim çox gözəl siyasi əlaqələrimiz vardır. Mütəmadi təmaslarımız, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda bir-birimizə göstərilən dəstək siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik və bütün məsələlərdə bir-birimizin yanındayıq. Ölkələrimiz üçün ən vacib və həssas məsələlərdə də biz qarşılıqlı dəstək göstəririk. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik".
Söz yox ki, siyasi münasibətlərin daha da möhkəmləndirilməsi, bilavasitə, iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər, ümumilikdə, dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. İranın iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasında artan nüfuzu, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.
İran Prezidenti Həsən Ruhani də bu barədə vurğulayıb: "Cənab Prezident İlham Əliyevin Tehrana səfəri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından, çox mühüm əhəmiyyət kəsb etdi. Bizim bu gün dostlarımızla keçdiyimiz yol ölkələrimiz arasındakı inkişaf yoludur. Bu səfər də həmin inkişaf yolunun təkmilləşdirilməsinə öz töhfəsini verəcək və bunu daha da sürətləndirəcəkdir. Əgər desək ki, Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur, səhv etmərik. Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, deyə bilərik ki, bu iki ölkə, bu iki xalq birdir, həm məzhəbi, həm dini birdir, müştərək tarixə, keçmiş tarixə malikdirlər və bir-birinin mədəniyyətinə bələddirlər, bir-birini çox yaxşı başa düşürlər. Həm yaşayış tərzimizdə, həm davranışımızda olan bu müştərəklik əlaqələrimizin, iki millətin əlaqələrinin inkişaf etdirilməsinə imkan yaradır və bundan istifadə etməliyik. Heç şübhəsiz ki, ölkələrimizin və xalqlarımızın əlaqələrinin yaxınlaşması, bizim əlaqələrimizin yaxınlaşması, heç bir üçüncü ölkənin əleyhinə deyil. Biz əlaqələrimizi inkişaf etdirməklə öz mənafeyimizə, öz sabitliyimizə, öz təhlükəsizliyimizə, daha sürətli inkişafımıza çalışırıq. Ölkələrin inkişafı bir-birinin iqtisadi inkişafına öz töhfəsini vermiş olar".
Dəmir yolunun açılışı, energetika, ticarət, nəqliyyat, turizm və ekologiya sahələrində həyata keçirilən digər layihələr Tehran və Bakının regional və regionlararası əlaqələrin mərkəzinə çevrilməsinə imkan yaradır
İran Prezidenti Administrasiyası rəhbərinin informasiya və kommunikasiya üzrə müavini Pərviz İsmaili deyib ki, sosial və mədəni amillər İran və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə yardım edir və bu münasibətlərin yeni strateji səviyyəyə çıxmasına imkan verir. Bütövlükdə, Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərini şərh edən P.İsmaili qeyd edib ki, səfər zamanı iki ölkə arasında əlaqələrin fəallaşdırılması üçün unikal imkanlar yaradılıb. Onun sözlərinə görə, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun açılışı, energetika, ticarət, nəqliyyat, turizm və ekologiya sahələrində həyata keçirilən digər layihələr Tehran və Bakının regional və regionlararası əlaqələrin mərkəzinə çevrilməsinə imkan yaradır.
O cümlədən, İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatlarından danışan P.İsmaili bu formatları regionda sabitliyin və təhlükəsizliyin bərpa olunması, eləcə də, regional inkişaf və terror təhlükələrinə qarşı mübarizə sahələrində uğurlu nümunələr adlandırıb.
Məhz bu amilləri nəzərdən keçirərkən, həm də belə qənaətə gəlmək mümkündür ki, Azərbaycan daim qonşuluq münasibətlərində öz yüksək mövqeyini qoruyub-saxlamaqdadır. Daha dəqiq desək, Azərbaycan siyasətini bu müstəvidə qurub, qardaş Türkiyə ilə yanaşı, istər Rusiya, istər Gürcüstan, istərsə də İranla münasibətlərini həmişə qaydaya qoymağa çalışıb. Məhz bu amil nəticəsində, ölkəmiz istər regionda, istərsə də dünya birliyində sözünü deyən qətiyyətli, nüfuzlu ölkə kimi qiymətləndirilməkdədir.
Rövşən NURƏDDİNOĞLU
...“10-3-2-1” qaydası ilə yuxusuzluğu necə yengmək olar? Bu tədricən rahatlama texnikası təkcə yuxunu yaxşılaşdırmağa kömək etmir, həm də ömrü uzadır...
Səbəb gözlənilməzdir...