PDF Oxu

Sosial

  • 1 394

Milli məfkurəsinə sadiq AZƏRBAYCAN QADINI

Milli məfkurəsinə sadiq AZƏRBAYCAN QADINI

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Tarixə nəzər salsaq, görərik ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-York qadınlarının 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. Dünya ölkələrində olduğu kimi, 8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan qadını bütün dövrlərdə, bütün cəmiyyətlərdə gözəl örnəki olub. Bunu hər şeyi öz yaddaşında qoruyub-saxlayan tarixi salnamələr deyir. Ağıllı, cəsur sələflərimiz ən çətin məqamlarda belə ayıq-sayıqlığı, çevikliyi və düzgün qərar qəbul etmək bacarığı ilə hamını heyrətləndiriblər. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb- fəaliyyət göstərmiş qadınlar müdrikliyi, işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar.

Ölkəmizin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməllərilə təsdiqləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikində, qeyd olunur ki, çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etmişdir. Milli varlığımızın ifadəsi olaraq, əxlaqi-mənəvi sərvətlərimizin və mədəni-tarixi dəyərlərimizin, keçmişimizin ən mürəkkəb dövrlərində belə, qorunub-yaşadılması, bilavasitə onun adıyla bağlıdır. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir. Qətibə xanım, Sara xatun, Məhinbanu, Xeyransa bəyim, Tuti Bikə və başqaları Azərbaycan qadınının nümunəsidir.

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq, ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi, müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti nəticəsində, Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də, digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri göz önündədir. Ölkəmizdəki sabitlik və demokratik mühit fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirməyə imkan verir.

"QADIN BƏŞƏRƏ YARAŞIQ, ZİNƏT, İNSANLIĞA ŞƏRƏF, ŞAN-ŞÖHRƏTDİR"

Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram nəticəsində, onlar müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını gerçəkləşdirə biliblər. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın Məsələləri üzrə Komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Bu, bir həqiqətdir ki, 2000-ci ilin mart ayının 6-da Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Təqdirəlayiq haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub.

21-ci əsrdə dünyada gedən qlobal ictimai-siyasi proseslər, beynəlxalq qadın hərəkatının yeni mərhələyə qədəm qoyması Azərbaycan qadınlarından da böyük fəallıq tələb edir. İndi Azərbaycan qadınlarının fəallığı üçün ölkəmizdə hər cür şərait və imkan yaradılıb. Prezident İlham Əliyev gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Onlara yaradılan imkanlardan bəhrələnən qadınlarımız Azərbaycanın inkişafına daim töhfələrini verirlər. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik və insanpərvərlik. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir. Ulu Öndər Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".

ƏSRLƏRİN YADDAŞINDA İZ BURAXACAQ AZƏRBAYCAN QADINI

Bəli, zərifliyi və gözəlliyi ilə seçilən Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir. Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın simasında daha qabarıq təqdim olunur. Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qısa bir zamanda Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir. Onun vətənpərvərlik, milli heysiyyət kimi mənəvi dəyərləri, məhz dünya arenasında Mehriban xanım Əliyevaya böyük bir məhəbbət yaradıb. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi zamanda milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq, məxsusiliyinin dünyəviləşməsi istiqamətində Mehriban Əliyevanın gördüyü işlər tarixin bu günü üçün deyil, əsrlərin yaddaşında iz buraxacaq hadisələrlə bağlıdır. Milli Məclisin deputatı olduğu zaman məsafəsində Mehriban xanım Əliyevanın imzası ilə Milli Məclisə təqdim edilmiş amnistiya təşəbbüsləri də cəmiyyətimizdə geniş rezonans doğurmuş və Mehriban xanımın humanizm prinsiplərnə sadiqliyini təsdiq etmiş oldu. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya Aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, ümumilikdə, 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. "Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti, məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir", - deyir Mehriban xanım Əliyeva.

Mehriban Əliyevanın simasında Azərbaycan qadını ilk dəfə olaraq humanist dəyərləri mənəvi kamilliyin əsas meyarı kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq, sosial-mədəni inkişafımızın mütəhərrik qüvvəsinə çevrilir.

Genişmiqyaslı fəaliyyəti, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub. Mehriban xanım Əliyeva Azərbaycan qadını obrazını, artıq dünyada yarada bilib. Dünyanın ən nüfuzlu mükafatlarının daşıyıcısı olan Mehriban xanım Əliyeva gördüyü şərəfli işlərin müqabilində bu nüfuza malikdir.

PREZİDENTİN SƏRƏNCAMI İLƏ TƏLTİF OLUNAN BİR QRUP QADIN İKİQAT BAYRAM SEVİNCİNİ YAŞADI

Bu gün Azərbaycan qadını öz əməli, fəaliyyəti, dəyərləri ilə yüksəkdə dayanır və bu dəyərləri müqabilində alnıaçıq, fəxrlə 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edir. Hər zaman dövlətin diqqəti ilə əhatə olunan Azərbaycan qadını 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində də bu qayğını bir daha üzərlərində hiss etmiş oldu. Ölkə başçısının Sərəncamı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, bir qrup qadın fəxri adlara layiq görülüblər. "Tərəqqi", "Əməkdar artist", "Əməkdar müəllim", "Əməkdar mədəniyyət işçisi", "Əməkdar həkim", "Əməkdar incəsənət xadimi" adına layiq görülən qadınlar, göründüyü kimi, müxtəlif sahələrdə çalışır, öz peşələri ilə xalqa xidmət edirlər. Bu dövlətin xanımına verdiyi qiymətin daha bir bariz nümunəsidir. Bu diqqəti üzərində görən Azərbaycan qadını öz işinin - peşəsinin məsuliyyətini daha çox dərk edəcəkdir.

Heç şübhəsiz, Azərbaycan qadınları ölkəmizin inkişafı, qlobal dünyada mədəni-mənəvi zənginliklərimizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da fəallıq nümayiş etdirəcəklər.

Əziz Azərbaycan xanımları, BAYRAMINIZ MÜBARƏK!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər